Tualet kağızının üzərindəki çiçəklər, romblar, dalğalı xətlər və müxtəlif həndəsi fiqurların yalnız gözəllik üçün hazırlandığını düşünürsünüzsə, yanılırsınız. Məlum olub ki, bu naxışların kağızın keyfiyyətinə, yumşaqlığına və nəm udma qabiliyyətinə təsir edən mühüm funksiyaları var.
Lent.az xəbər verir ki, istehsalçılar tualet kağızlarının üzərindəki naxışların əsl təyinatını açıqlayıblar.
Kağız üzərindəki naxışlar xüsusi texnologiya ilə hazırlanır və məhsulun bir sıra xüsusiyyətlərini dəyişdirə bilir.
Tualet kağızına naxışlar niyə vurulur?
İlk növbədə, naxışlar istehsalçıların məhsullarını rəqiblərindən fərqləndirməsinə kömək edir. Qablaşdırmaların üzərindəki loqotiplər kimi, kağızdakı xarakterik romblar, nöqtələr və çiçəklər də müəyyən markanın tanınmasını asanlaşdırır. Lakin dekorativ görünüş bu naxışların yeganə funksiyası deyil. Naxışlar xüsusi qabartma texnologiyası vasitəsilə yaradılır. Kağız istehsal edildikdən sonra onun səthinə təzyiqlə müxtəlif relyefli fiqurlar həkk olunur. Bu proses materialın quruluşunu dəyişdirir. Əgər tualet kağızı bir neçə qatdan ibarətdirsə, qabartmalar kiçik təmas nöqtələri yaradaraq həmin qatların bir-birinə birləşməsinə kömək edir. Bu isə istifadə zamanı kağız qatlarının ayrılmasının qarşısını almaq baxımından əhəmiyyətlidir. Bundan başqa, naxışlar kağızın toxunuş zamanı necə hiss edilməsinə və nəmlə təmasda özünü necə aparmasına da təsir göstərir.
Naxışlar kağızın yumşaqlığına necə təsir edir?
Qabartmalı səth tualet kağızını daha həcmli və toxunuş zamanı daha yumşaq göstərə bilər. Lakin bütün naxışlar eyni nəticəni vermir. Bəzi relyef formaları kağızın daha yumşaq və həcmli hiss edilməsinə şərait yaradır. Digərləri isə materialın möhkəmliyini və bütövlüyünü qorumağa kömək edir. Araşdırmalar göstərir ki, qabartma texnologiyası kağızın nəm udma qabiliyyətinə, yumşaqlığına və davamlılığına təsir edə bilər.Bununla belə, müəyyən bir naxışın həmişə ən yaxşı nəticə verdiyini söyləmək mümkün deyil. Çünki nəticə həm naxışın formasından, həm də kağızın özünün xüsusiyyətlərindən asılıdır.
Bəzi istehsalçılar hətta bir məhsulda bir neçə müxtəlif naxışdan istifadə edirlər. Məsələn, həndəsi qabartmalar kağız qatlarının birləşməsinə kömək etdiyi halda, onların üzərinə əlavə dekorativ fiqurlar da vurula bilər. Bu yolla istehsalçılar yumşaqlıq, rahatlıq və möhkəmlik arasında balans yaratmağa çalışırlar.
Tualet kağızı üçün ən yaxşı naxış hansıdır?
Mütəxəssislərin fikrincə, bütün hallarda ən yaxşı hesab edilən universal naxış mövcud deyil. İstehsalçılar məhsul hazırlayarkən bir neçə mühüm xüsusiyyəti nəzərə alırlar. Bunlara yumşaqlıq, nəm udma qabiliyyəti, möhkəmlik və istifadə zamanı kağızın bütövlüyünü qoruması daxildir. Məsələn, kağızı daha həcmli edən relyef onun daha yumşaq hiss edilməsini təmin edə bilər. Lakin bu, həmin kağızın daha möhkəm olduğu demək deyil. Başqa bir naxış isə qatları daha yaxşı birləşdirə bilər, amma eyni yumşaqlığı yaratmaya bilər. Tədqiqatlar göstərir ki, qabartma formasının dəyişdirilməsi kağızın xüsusiyyətlərinə müxtəlif cür təsir edir. Bu səbəbdən yalnız naxışa baxaraq tualet kağızının nə qədər keyfiyyətli olduğunu müəyyənləşdirmək mümkün deyil.
Tualet kağızı alarkən nələrə diqqət etmək lazımdır?
Mütəxəssislər bildirirlər ki, tualet kağızı seçərkən yalnız onun görünüşünə və yumşaqlığına diqqət yetirmək kifayət deyil. Məhsulun neçə qatdan ibarət olması, sıxlığı və hazırlandığı material da vacib göstəricilərdir. Daha bahalı və ya qalın tualet kağızı hər zaman daha keyfiyyətli və rahat olmaya bilər. Seçim zamanı məhsulun təyinatını və qablaşdırmada göstərilən xüsusiyyətləri nəzərə almaq məsləhətdir.
Tualet kağızını adi salfetlə əvəz etmək olarmı?
Tualet kağızı adi salfetlərdən, ofis kağızından və mətbəx üçün nəzərdə tutulan kağız dəsmallardan mühüm xüsusiyyətinə görə fərqlənir. O, su ilə təmasda daha asan parçalanmaq üçün hazırlanır. Adi salfetlər və mətbəx dəsmalları isə suda daha uzun müddət bütöv qala bilər. Bu da kanalizasiya borularının tutulması riskini artırır. Buna görə də mütəxəssislər tualet kağızını başqa kağız məhsulları ilə əvəz etməməyi tövsiyə edirlər.
Mətbəx kağız dəsmallarının başqa hansı faydaları var?
Mətbəx üçün nəzərdə tutulan kağız dəsmalların əsas funksiyası artıq nəmi sürətlə udmaqdır. Onlardan yalnız yemək hazırlanarkən deyil, meyvə, tərəvəz və göyərtilərin soyuducuda saxlanılması zamanı da istifadə etmək mümkündür. Kağız dəsmallar məhsulların üzərində və saxlanıldığı qabda yaranan artıq nəmi udaraq onların daha tez xarab olmasının qarşısını almağa kömək edə bilər. Lakin bu üsuldan istifadə edərkən nəmlənmiş kağızları müntəzəm dəyişdirmək vacibdir. Beləliklə, tualet kağızının üzərindəki çiçəklər, nöqtələr və romblar sadəcə bəzək elementi deyil. Onlar məhsulun yumşaqlığına, möhkəmliyinə və istifadə rahatlığına təsir edən istehsal texnologiyasının bir hissəsidir.