Ən gənc və ən yaşlı tələbə LENT.AZ-A DANIŞDI:  "Uşaqlıq arzum idi"
26 avqust 2026 12:16 (UTC +04:00)

Ən gənc və ən yaşlı tələbə LENT.AZ-A DANIŞDI: "Uşaqlıq arzum idi"

0

Xəbər verdiyimiz kimi bu il universitetə qəbul olan ən gənc tələbənin 16, ən yaşlı tələbənin isə 58 yaşı var.

Lent.az hər ikisi ilə də həmsöhbət olub.

58 yaşlı Elbrus Hüseynov Lent.az-a açıqlamasında bildirib ki, imkansızlıqdan dolayı uzun müddət təhsil ala bilməyib, ancaq ali təhsilli olmaq onun uşaqlıq arzusu imiş:

“İki il əvvəl kollecdən fərqlənmə diplomu ilə məzun olmuşam. Kollecə də özüm hazırlaşıb daxil olmuşdum. Həm işləyirdim, həm də imtahanlara hazırlaşırdım.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin kommunikasiya sistemləri mühəndisliyi ixtisasına dövlət sifarişi əsasında qəbul olmuşam. Ali təhsil almaq uşaqlıq arzum idi. İmkansızlığa görə, bu istəyim illərlə arzu kimi qaldı. Amma qarşıma məqsəd qoymuşdum ki, mütləq bir gün universitetə qəbul olacam. O da bu ilə təsadüf etdi.

Tələbə yoldaşlarımla aramızdakı yaş fərqi mənim üçün çətinlik törətməyəcək, əksinə maraqlı mühit olacağını düşünürəm. Əlimdən gələn köməkliyi onlara göstərməyə hazıram.

Mən, yeddi il mühəndis kimi çalışmışam. İndi isə öz ərizəmlə işimdən ayrılmışam. Sentyabrdan dərslərə başlayacam.

Bir oğlum, üç nəvəm var. Oğlum da ali təhsillidir. Azərbaycan Dövlət Aqrar Universitetinin yer quruluşu ixtisasında təhsil alıb, hazırda mühəndis kimi çalışır”.

Ən gənc tələbə olan Gülşən Məmmədli isə Lent.az-a açıqlamasında bildirib ki, o, buraxılış imtahanında 257 bal, qəbul imtahanında isə 364.2 bal toplayıb:

"Bakı şəhəri 72 nömrəli məktəb liseyin məzunuyam. Məktəbə 5 yaşımda getmişəm, 6 gün sonra isə altı yaşım tamam olub. Babam və nənəm təhsil işçiləri olduğu üçün uşaqlıqdan oxumağa meyilli idim, nələrisə həll etməyi çox sevirdim.

Həmişə tibb ixtisasına qəbul olmağı istəyirdim, illər keçdikcə isə stomatologiya haqqındada düşündüm və beləcə, Naxçıvan Dövlət Universitetinin stomatologiya ixtisasına dövlət sifarişi əsasında qəbul olundum. İmtahana hazırlaşmaq üçün hər abituriyent kimi mən də məşğələlərə getmişəm. Bundan əlavə rəsm çəkməyi, kitab oxumağı sevirəm, bunlar mənim hobbilərimdir".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 601

Oxşar yazılar