Bakı Dövlət Universiteti (BDU) itkin düşən tələbə ilə bağlı məlumat yayıb.
Universitetdən Lent.az-a daxil olan məlumatda qeyd olunur ki, BDU Geologiya fakültəsinin tələbəsi İlkin Qəmbərlinin itkin düşməsindən narahatdır: "Onun tezliklə ailəsinə qovuşmağını və tələbələrin sırasına qatılmasını arzulayırıq.
Təəssüf hissi ilə qeyd edirik ki, İlkin Qəmbərli təhsil aldığı müddət ərzində idman karyerası ilə bağlı düzgün olmayan məlumatlar təqdim edib və onun səmimiyyətinə inanılıb.
Qeyd edək ki, hazırda BDU-da idmanın müxtəlif növləri üzrə bir neçə olimpiya, dünya, Avropa çempion və mükafatçısı təhsil alır. Onlar daim BDU tərəfindən diqqətdə saxlanılır".
***
4 mart, 19:05
Bakı Dövlət Universitetinin (BDU) tələbəsi itkin düşüb.
Lent.az APA-ya istinadən xəbər verir ki, universitetin ikinci kurs tələbəsi, 2003-cü il təvəllüdlü İlkin Qənbərli martın 1-də evdən çıxıb və geri qayıtmayıb.
Onu sonuncu dəfə metronun 20 Yanvar stansiyasının yaxınlığında görüblər.
Daxili İşlər Nazirliyinin İctimaiyyətlə Əlaqələr və Kütləvi İnformasiya Vasitələri ilə İş üzrə Şöbəsinin rəisi Elşad Hacıyev APA-ya bildirib ki, İlkin Qənbərlinin itkin düşməsi ilə bağlı axtarış elan olunub. Bütün zəruri tədbirlər icraya yönəldilib.
"Onun fotoşəkilləri çoxaldılaraq polis əməkdaşlarına paylanılıb. Hazırda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri davam etdirilir. Onu görənlərdən polisə məlumat vermələri xahiş olunur", - deyə Elşad Hacıyev qeyd edib.