İstidə niyə su əvəzinə süd içmək məsləhət görülür?
25 iyun 2026 10:14 (UTC +04:00)

İstidə niyə su əvəzinə süd içmək məsləhət görülür?

0

Yayın istisində insanların əksəriyyəti susuzluğu aradan qaldırmaq üçün soyuq suya üstünlük verir. Lakin britaniyalı həkim Natali Fernando hesab edir ki, bəzi içkilər orqanizmi adi sudan daha yaxşı nəmləndirə bilir. Onun sözlərinə görə, düzgün seçilmiş içkilər isti havalarda su balansını daha uzun müddət qorumağa kömək edir.

Lent.az xəbər verir ki, yayda susuzlaşmanın əsas əlamətlərini təqdim edir:

Güclü susuzluq hissi artıq orqanizmdə maye çatışmazlığının başladığını göstərir. Belə anlarda birdən-birə çoxlu su içmək düzgün hesab edilmir. Çünki mədə-bağırsaq sistemi saat ərzində təxminən 800 millilitr mayeni mənimsəyə bilir. Bir dəfəyə bir litr və ya daha çox su içildikdə, böyrəklər artıq mayeni sidik vasitəsilə xaric edir və hüceyrələr lazımi qədər nəmlənmir.

Susuzlaşmanın digər əlamətləri bunlardır:

ağız və dodaqlarda quruluq;
tüpürcəyin qatılaşması;
sidiyin rənginin tünd sarı və ya kəhrəba rənginə çevrilməsi, kəskin qoxu verməsi;
4-5 saat ərzində sidiyə getməmək;
başgicəllənmə və halsızlıq;
baş ağrısı və əsəbilik.

Susadıqda nə etmək lazımdır?

Mütəxəssis mayeni az-az və kiçik qurtumlarla qəbul etməyi tövsiyə edir. Həmçinin kölgədə və ya sərin yerdə dincəlmək, bir müddət telefondan və digər elektron cihazlardan istifadə etməmək məsləhətdir. Soyuq duş əvəzinə ilıq duş qəbul etmək daha faydalıdır. Çünki buz kimi soyuq su damarlar üçün stress yaradır və orqanizm sonradan daha çox istilik istehsal etməyə başlayır. İlıq su isə damarları bir qədər genişləndirərək bədənin təbii yolla soyumasına kömək edir.

Yay istisində hansı içkilər daha faydalıdır?

Soya südü

Natali Fernandonun sözlərinə görə, yağ və natrium tərkibli içkilər orqanizmdə mayenin daha uzun müddət saxlanmasına kömək edir. Bu baxımdan soya südü yaxşı seçim hesab olunur. Soya südündə laktoza və heyvani yağlar olmadığı üçün həzm sistemi onu daha rahat mənimsəyir. Tərkibindəki kalium və maqnezium elektrolit balansını bərpa edir və ürəyin normal fəaliyyətini dəstəkləyir.

Kokos suyu

İsti havalarda tərləmə nəticəsində orqanizm natrium, kalium və maqnezium kimi mineralları itirir. Bu isə halsızlıq, baş ağrısı və başgicəllənməyə səbəb ola bilər. Kokos suyu həmin minerallarla zəngindir, hüceyrələrin mayeni saxlamasına kömək edir, əzələ spazmlarının qarşısını alır və şişkinliyi azaldır. Bundan əlavə, tərkibində şəkər və kalori az olduğu üçün çəki artımına səbəb olmur. Daha təravətli dad üçün kokos suyuna bir dilim laym, nanə yarpağı və buz əlavə etmək olar.

Xiyar şirəsi

Xiyarın təxminən 96 faizi sudan ibarətdir. Buna görə də onun şirəsi orqanizmi nəmləndirməklə yanaşı, daxili temperaturun aşağı düşməsinə də kömək edir. Sidikqovucu təsir göstərən xiyar şirəsi artıq mayeni və toksinləri orqanizmdən xaric edir, eyni zamanda kalium və silisiumla təmin edir. Günəş şüalarının təsirindən quruyan dəri üçün də faydalı hesab olunur. Xiyar şirəsini təkcə xiyardan hazırlamaq və ya ona kərəviz, alma şirəsi və limon əlavə etmək mümkündür.

İlıq yaşıl çay

İsti havada yalnız buz kimi soyuq içkilərin faydalı olduğu düşüncəsi doğru deyil. Mütəxəssislər ilıq yaşıl çayın daha yaxşı seçim olduğunu bildirirlər. Yaşıl çayın tərkibindəki polifenollar və antioksidantlar damarların sağlamlığını qoruyur və orqanizmin istilik mübadiləsini tənzimləməsinə kömək edir.

Ev şəraitində hazırlanan izotonik içki

Yayda itirilən elektrolitləri bərpa etmək üçün evdə sadə izotonik içki hazırlamaq olar.

Bunun üçün 1 litr su, 1 çay qaşığı bal, yarım limonun suyu, 1/4 çay qaşığı dəniz duzu lazımdır.

Bu qarışıq insan orqanizminin maye tərkibinə yaxın hesab olunur. Duz natrium ehtiyatını bərpa edir, limon C vitamini ilə təmin edir, bal isə beyin üçün sürətli enerji mənbəyi rolunu oynayır.

Su yenə də əsas içkidir

Mütəxəssislər qeyd edirlər ki, süd, soya südü və digər içkilər müəyyən hallarda orqanizmin daha uzun müddət nəmlənməsinə kömək edə bilər. Lakin sağlam insanlar üçün gün ərzində əsas maye mənbəyi yenə də adi su olaraq qalır. Digər içkilər isə suya əlavə olaraq istifadə edilməli, onu tam əvəz etməməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 244

Oxşar yazılar