Jurnalist binalarında böhran:  kommunal xərclər ödənilmir, borclar çoxalıb - HƏLL YOLU NƏDİR?
22 may 2024 13:04 (UTC +04:00)

Jurnalist binalarında böhran: kommunal xərclər ödənilmir, borclar çoxalıb - HƏLL YOLU NƏDİR?

Bakının Bayıl qəsəbəsində jurnalistlər üçün inşa olunmuş binaların idarəetməsi ilə bağlı problem yaranıb. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hazırda binanın idarəetməsi ilə məşğul olan “Jurnalist Evi” MMC  iyunun 1-dən etibarən fəaliyyətinə son verməyi planlaşdırır. Buna səbəb isə bina sakinlərinin əksəriyyətinin“Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina etməsidir. 

Yaranmış problemi araşdıran zaman məlum olur ki, buna səbəb sakinlərin böyük əksəriyyətinin kommunal xərcləri ödəməməsidir. Bina sakini olan jurnalistlərin bir qismi hesab edir ki, evi onlara dövlət verib, buna görə də xidmət haqqı ödəməməlidirlər. 

Onların bəziləri ilə söhbət zamanı “Dövlət bu evi bizə hədiyyə verib, biz xidmət haqqı niyə ödəməliyik?” sualını da ünvanlayıblar. 

Məsələ ondadır ki, artıq tamamilə özəlləşdirilmiş, xidməti istifadə üçün nəzərdə tutulmamış bu evlərin xeyli hissəsi ya satılıb, ya da yüksək məbləğlərə kirayə verilib. 

Jurnalistlərin yaşadıqları binalarda yaranmış problemlər barədə danışan, adının çəkilməsini istəməyən sakin deyib ki, yığılıb qalmış xidmət haqqı borcları artmaqda davam edir.

“Amma sakinlər ⁠yüksək xidmət, kartla işləyən lift, “üztanıma qurğusu”, modern şlaqbaum kimitələblər irəli sürürlər. Halbuki aylıq kommunal xidmət haqqını ödəmirlər. Üstəlik, ərazini də çox natəmiz saxlayırlar, hər şeyi dağıdıb tökürlər. Məsələn, binanın həyətində uşaq idman meydançası qurulmuşdu, amma çox az bir vaxtda yararsız hala salındı. Çöx təəssüf ki, bəzən jurnalistlər öz aralarında kütləvi şəkildə ödənişdən yayınmağa çağırış edirlər. Amma nəticədə burda yaşayan, xidmət haqqını ödəyib-ödəməyən  hamının özü və ailəsi problemlərlə qarşılaşır. Liftlər, bloklar, həyət baxımsız hala düşür. Binanın “komendatı” da (“Jurnalist Evi” MMC-nin səlahiyyətli nümayəndəsi-red.) bildirir ki, sakinlər xidmət haqqını vermirlər, əgər binanın problemlərini həll etmək üçün aylıq xidmət haqqı yığılmırsa, problemlər necə həll oluna bilər? Belə olanda komendanta da bir söz demək olmur. Bütün bunları deyən, müzakirəyə çıxaran bir neçə nəfəri də “jurnalist həmrəyliyinə ziyan vuran” adlandırırlar. Halbuki, biz burda qonşuyuq, özümüzün və ailəmizin şəxsi rahatlığı üçün yaşadığımız yeri təmiz saxlamalı, burda xidmət edən işçilərin maaşını ödəməliyik, kommunal xərclər yığılıb qalmamalıdır” - deyə, o bildirib.

Araşdırma zamanı o da məlum olub ki, yığımlar çox az olduğu üçün “Jurnalist Evi” MMC lift və su xidmətinə, tullantıların daşınması xidmətinə borclanıb, hətta işçilərin minimum əmək haqqı həcmində olan maaşlarının ödənilməsi də mümkünsüzləşib. 

“Azərsu” ASC-dən Lent.az-ın borcla bağlı sorğusuna cavab olaraq bildirilib ki, abonentə borcunun olmasına dair sonuncu ayın bildirişi göndərilir və növbəti ay borc ödənilməzsə suyun verilişi dayandırılır: “Suyun kəsilməsinə əsas verəcək elə bir borc miqdarı yoxdur. Həmin şəxsə borcu olduğu barədə bildiriş verilir. Bildirişdən sonra növbəti aya qədər abonent borcunu ödəməyibsə və ikinci ayın bildirişini alırsa, suyun verilişi dayandırılır. Bu borc 1 manat da ola bilər, 100 manat da. Abonentin öhdəliyidir ki, ona verilmiş bildirişdən sonra 1 ay müddətində borcunu ödəsin”. 

“Azərişıq” ASC-dən isə bildirilib ki, abonentə bildirişi aldıqdan sonra 1 ay müddətində möhlət verilir. Həmin müddət ərzində əgər borc ödənilməyibsə, abonentə elektrik enerjisinin verilişi dayandırılır. 

Hər iki qurumdan “Jurnalist Evi” MMC-nin borcu ilə bağlı detallı məlumat verilməyib.  

Qeyd edək ki, bir neçə ay əvvəl yığıma və digər təşkilati məsələlərə nəzarət üçün sakinlərin özlərinin xahişi ilə sakinlərdən ibarət Müşahidə Şurası yaradılıb. Lakin bu da problemləri həll etməyib. 

Hətta jurnalist binalarının sakinləri xidmət haqqının məbləğinin 35 qəpiyə endirilməsini xahiş ediblər, bu məbləği tam və vaxtında ödəyəcəklərinə söz veriblər. Bundan sonra xidmət haqqı 35 qəpiyə endirilsə də, sakinlər bu məbləği də ödəməkdən imtina edib, borc daha da çoxalıb. 

MEDİA Agentliyindən bildirilib ki, Agentliyin Nizamnaməsində jurnalist binalarının sakinlərinə xidmət göstərmək kimi bir vəzifə nəzərdə tutulmayıb: “Bu günə qədər bu xidmətin göstərilməyə davam etməsinin səbəbi indiyə qədərki təcrübəni tətbiq etmək, sakinləri çıxılmaz vəziyyətdə qoymamaq olub. Lakin hazırda belə bir fəaliyyətin davam etməsi üçün hüquqi əsas yoxdur. Çünki sakinlər “Jurnalist Evi” MMC ilə xidmət müqaviləsi bağlamaqdan imtina edir, bu səbəbdən hazırda MMC və sakinlər arasında münasibətlərin hüquqi əsası yoxdur, yəni “Jurnalist Evi” MMC-nin sakinlər qarşısında hər hansı vəzifə və öhdəliyi mövcud deyil. Ümumi mənada isə müqavilə olmadan MMC-nin xidmət göstərməyə davam etməsi mümkünsüzdür”.

Media Agentliyi tərəfindən sakinlərə “Jurnalist Evi” MMC-nin ləğv edilməsi, özlərinin təşəbbüsü ilə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin (MMMC-nin) yaradılması təklif edilib, prosedur izah olunub, lakin onlar bu təklif barədə də razılığa gələ bilməyiblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4977
avatar

Fidan İlqar

Oxşar yazılar