Jurnalistlər bu dəfə Oğuzda TOPLAŞDI
18 iyul 2022 13:03 (UTC +04:00)

Jurnalistlər bu dəfə Oğuzda TOPLAŞDI

İyulun 16-18-də Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə və təşkilati dəstəyi, Oğuz şəhəri Cümə məscidi dini icmasının təşkilatçılığı ilə Oğuz rayonunda mətbuat nümayəndələri üçün "Media və mənəvi dəyərlər" adlı ikigünlük seminar keçirilib.

Mənəvi Dəyərlərin Təbliği Fondundan Lent.az-a bildiriblər ki, seminarın birinci günündə Fondun İcraçı direktoru Mehman İsmayılov, Himayəçilik Şurasının üzvü, "SƏS" Media qrupunun rəhbəri Bəhruz Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, "Olaylar" İnformasiya Agentliyinin və qəzetinin rəhbəri, yazıçı Yunus Oğuz və Oğuz şəhəri Cümə məscidi dini icmasının sədri Şövkət Cəlilovun çıxışları dinlənilib.

Sonra Fondun sifarişi ilə hazırlanan "Heydər Əliyev: dəyərlərimizin xilaskarı" adlı sənədli film nümayiş olunub.

Tədbirin ikinci günündə iştirakçılar tərəfindən ekspertlərin məruzələri dinlənilib. Belə ki, "Hədəf" Şirkətlər Qrupunun rəhbəri, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq "Dəyərlər media və təhsil kontekstində", Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, sosiologiya üzrə fəlsəfə doktoru Asəf Qənbərov "Media və dini dəyərlər", Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin şöbə müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Rəşad İlyasov "Media reallığı: fəlsəfi və siyasi məqamlar" mövzusunda məruzələrlə çıxış ediblər. Müzakirələrlə davam edən tədbirdə ekspertlər və mətbuat nümayəndələri arasında seminarın mövzusuna uyğun olaraq maraqlı fikir mübadiləsi aparılıb, təkliflər dinlənilib.

Daha sonra iştirakçılar üçün Oğuz rayonundakı Tarix-Diyarşünaslıq Muzeyi, məscid, kilsə və sinaqoqlara ekskursiyalar təşkil olunub.

# 2445
avatar

Fidan İlqar

Oxşar yazılar