Martın 4-dən başlayaraq Şamaxı rayonunda əsən və hazırda davam edən güclü külək fəsadlar törədib.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, küləyin təsiri nəticəsində Şamaxı şəhərində və kəndlərdə 10-a yaxın evin, tövlə və sahibkarlıq obyektinin dam örtüyü dağılıb, 20-dən çox iri gövdəli ağac, gecə işıqlandırma dirəkləri, yol nişanları, reklam lövhələri aşıb. Bundan əlavə güclü külək Həmyəli-Cabanlı yolunun kənarında olan 30-a yaxın beton elektrik dirəyini aşırıb, yüksək gərginlikli elektrik naqilləri qırılıb. Küləyin elektrik təsərrüfatına vurduğu ziyan səbəbindən Şamaxı şəhərinə və kəndlərə elektrik enerjisinin verilişi dayanıb. Hazırda küçələrə yıxılmış ağacların kəsilərək götürülməsi və əhalinin elektrik enerjisi ilə təmin olunması üçün işlər görülür.