Bu gün Lent.az-ın 17 yaşı tamam olur. Lent.az Azərbaycanın ilk onlayn qəzetidir. Buradan bir çox korifey jurnalistlər keçib və hələ də fəaliyyət göstərir.
“APA GROUP”un rəhbər şəxsləri Lent.az-ı belə təbrik etdi:
“APA GROUP”un baş redaktoru Nurşən Quliyev:
Lent.az sözün hər mənasında böyüdü. Həm yaş, həm də nüfuz, sambal, oxucu sayı baxımından böyüdü. Azərbaycan informasiya məkanında Lent.az-ın öz dəsti-xətti var. Burada kifayət qədər nüfuzlu imza sahibləri çalışıblar və çalışırlar. Lent.az-da imzasını tanıdan çox sayda gənc həmkarlarımız olub. Buradan müxtəlif vəzifələrə gedənlər, media qurumlarına təklif alanlar olub. Lent.az Azərbaycan mətbuatında bir imza qoyub. O imza ən etibarlı və maraqlı imzalardan biridir.
APA-nın baş redaktoru Fərid Mirzə:
6 aya yaxın özüm də Lent.az-da işləmişəm. Hələ tələbəlik illərimdən Lent.az-ı izləyirdim. Onda informasiya məkanında boşluqlar var idi, indiki kimi xəbər portalları, saytlar yox idi. Bununla belə, Lent.az o boşluğu doldura bilirdi. Maraqlı reportajlar, müsahibələr olurdu. Sonra tale elə gətirdi ki, yolum "Kulis"dən keçdi. "Kulis" bir növ Lent.az-ın ədəbiyyat dərgisi idi. Yazılarımız "Kulis"də Lent.az üzərindən yayımlanırdı. Həqiqətən, özümü müəyyən mənada şanslı sayıram ki, Lent.az-da çalışmışam. Lent.az-çıları təbrik edirəm, uğurlar arzulayıram.
“APA TV”-nin baş redaktoru Orxan Məmmədli:
Azərbaycanda oxunaqlı saytların ilk beşliyində Lent.az-ın öz yeri var. Lent.az həm müasir, həm də etibarlı mənbədir. Onun xəbər lenti elədir ki, saytı açan kimi gündəmdə olan xəbərləri oxuya bilirsən. Ən əsas məsələ də operativlikdir. Sosial xəbərləri ən tez Lent.az-dan alıram. Digər saytlar da var, lakin həm də Lent.az-ın kollektivini tanıdığıma görə, ora əminliklə inanıram. Bilirəm ki, xəbərin doğruluğunu nə dərəcədə dəqiqləşdirirlər. Lent.az həm də öyrədici bir saytdır. Gəlib burada öyrənib başqa yerlərdə fəaliyyət göstərənlər çox olub. Lent.az-a növbəti illərdə uğurlar arzulayıram. İndiyə qədər həm Birinci Qarabağ müharibəsi, həm də İkinci Qarabağ müharibəsi ilə bağlı layihələri olub. Bundan sonra da uğurlu layihələrdə özünü doğrultmağı arzulayıram.
Kulis.az saytının baş redaktoru Ulucay Akif:
Lent.az yaş baxımından artıq gənc deyil, 17 yaş çoxdur. Amma mahiyyət etibarilə gəncdir, şəndir, dinamikdir. Kollektiv baxımından da belədir. Bu dinamiklik, enerjili, maraqlı, bəzən isə qorxulu, təhlükəli olmaq gözəldir. Bunlar hamısı Lent.az-ı maraqlı edən xüsusiyyətlərdir. Lent.az-a daha böyük auditoriyalar, daha dinamik, şən olmağı arzulayıram. Bəzən hansısa bir yazıya, xəbərə görə, Lent.az-a əsəbiləşirəm də. Amma həmin o əsəbiləşdiyim məqamlarda da görürəm ki, Lent.az-ın bunda heç bir günahı yoxdur.
Vesti.az saytının baş redaktoru Nicat Hacıyev:
Lent.az kolektivini və şəxsən Hafiz Heydərovu təbrik edirəm. Sizə bol-bol uğurlar və yaxşı materiallar arzulayıram. Bilirəm ki, ölkənin azərbaycandilli seqmentində öndə gedən saytlardan birisiniz və elitanın böyük bir qismi sizi oxuyur. İstərdim ki, Lent.az-ın uğurları Azərbaycanın sərhədlərindən kənara da getsin. Bu çətin informasiya dönəmində yorulmayasınız, əzizlərim. Sizə uğurlar!
APA Sport-un baş redaktoru Rasim Sultanzadə
Lent.az həm biz həmkarlar, həm də Azərbaycan oxucusu üçün çox önəmli bir saytdır. Həm hazırda, həm də daha əvvəl orada çalışmış jurnalistlərin adlarına baxanda, bu artıq çox şeydən xəbər verir. İnanılmaz bir peşəkarlıq, dəqiqlik, operativlik var. Ən azından Lent.az-a olan istinadlara baxıb bunu görə bilərik. Kütlənin hər kəsiminə xitab eləməsi Lent.az-ı ön plana çıxaran faktorlardan biridir. Ortalama bir Azərbaycan vətəndaşı istər sosial, istər şou-biznes, ictimai-siyasi, gündəm, idman, iqtisadiyyat xəbərlərini Lent.az-da tapa bilir. Ad günlərini təbrik edirəm. Daha uzun illər bu səviyyədə davam etmələrini arzulayıram və buna inanıram. Başda Hafiz Heydərov, Səbinə Əvəzqızı, Azər Hüseynbala olmaqla, oradakı bütün həmkarlarımı təbrik edirəm. Bu adların özü belə Lent.az-da nə dərəcədə böyük bir səviyyənin olduğunu göstərir.