Lift problemləri və cavabsız qalan suallar... - Bakıda gizli təhlükə
22 aprel 2026 14:30 (UTC +04:00)

Lift problemləri və cavabsız qalan suallar... - Bakıda gizli təhlükə

0

Lent.az APA-nın araşdırma materialını təqdim edir:

Bakıda Sovet dövründən qalan, 35–40 il əvvəl tikilmiş kooperativ binaların əksəriyyətində lift təsərrüfatı kritik vəziyyətdədir. İstismar müddəti çoxdan başa çatan, texniki cəhətdən köhnəlmiş və mütəmadi nasazlıq yaradan liftlər bu gün minlərlə sakinin təhlükəsizliyini sual altına alır. Sakinlər müxtəlif vasitələrlə şikayətlərini dilə gətirsələr də, problem heç cür həllini tapmır.

Bakı sakini: “Liftimiz yararsız vəziyyətdədir

Şikayətçilərdən biri Binəqədi rayonu, 9-cu mikrorayonda yerləşən doqquzmərtəbəli binanın sakini Yeganə Rüstəmova APA-ya bildirib ki, binada liftin avadanlıqları tamamilə sökülüb: “Lift yararsız vəziyyətdədir. bir gün işləyir, beş gün işləmir, yaman gündədir. Gah silkələnir, gah dayana-dayana qalxır. Elə olur, ilişib qalır, bir neçə dəqiqə sonra yenidən tərpənir. Lift İdarəsinə (Bakı Lift-Təmir İstehsalat Birliyi – red.) yığırıq, baxmırlar. Ustaya yığırıq, usta da gəlmir. Qalmışıq naəlac. Binada yaşlı var, əlil var, xəstə var, uşaq var, ikicanlı qadın var. Bizdən çox onlar əziyyət çəkir. Bəzi qonşular bu problemə görə köçüb getdi. Belə görürəm ki, gözləməkdən bir şey çıxmayacaq. Yəqin ki biz də köçəcəyik”.

Deputat: 1000-ə yaxın liftin dəyişdirilməsinə vəsait ayrılmalıdır

Milli Məclisdə də bu məsələ ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bu yaxınlarda Milli Məclisin iclasında parlament sədrinin birinci müavini Əli Əhmədov Bakıda kooperativ binalarda 1000-ə yaxın liftin dəyişdirilməsinə vəsait ayrılmasını təklif edib.

Əli Əhmədov qeyd edib ki, təxminən 35–40 il bundan əvvəl Bakı şəhərində kooperativ binalar tikilib və bu binalarda quraşdırılan liftlərin istismar müddəti çoxdan başa çatıb. Həmin binalarda quraşdırılan liftlərin sayı təxminən 1000 ədəddir: “Bu binalarda yaşayan insanların həmin liftlərin dəyişdirilməsi üçün imkanları çatmır. Hökumət bu məsələyə müdaxilə etməsə, liftlərin dəyişdirilməsi çox çətin bir problemə çevriləcək və eyni zamanda, qısa müddətdə risklər yarana bilər. Xahiş edirəm ki, hökumət vəsait ayırsın və 5–10 illik proqram çərçivəsində bunun reallaşması üçün addımlar atsın”.

Narazılıq və təkliflərin fonunda belə bir sual yaranır: kooperativ binalarda liftlərin saxlanmasına görə məsuliyyət kimə aiddir? Dövlətə, kooperativlərə, yoxsa sakinlərə?

Bakı şəhər Lift-Təmir İstehsalat Birliyindən APA-ya bildirilib ki, sözügedən kooperativ binalar Dövlət Mənzil Fonduna aid olmadığından Bakı şəhər Lift-Təmir İstehsalat Birliyi tərəfindən onların dəyişdirilməsi və ya xidməti həyata keçirilmir.

Hüquqşünas: Kooperativ binaların liftləri dövlətin balansına keçsə, aidiyyəti idarə tərəfindən dəyişdirilə bilər

Mövzu ilə bağlı danışan hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, kooperativ binaların liftləri o halda dövlət tərəfindən dəyişdirilə bilər ki, həmin binalar dövlətin balansına keçmiş olsun: “Bu o deməkdir ki, faktiki olaraq həmin binalardakı idarə heyətləri ləğv olunur, bina tamamilə dövlət büdcə təşkilatının balansına keçir və xidmət dövlət tərəfindən göstərilir. Amma indiki halda həmin kooperativ binalarda yaşayan şəxslər tərəfindən binanın saxlanması üçün oranın idarə heyətinə aylıq üzvlük haqqı formasında kvadratmetr hesabına görə ödənişlər olunur. Bu ödənişlərlə bağlı yoxlamalar dövlət qurumu tərəfindən aparılsa və həmin ödənişlərin təyinatı üzrə sərf olunmadığı müəyyənləşsə, bu zaman həmin kooperativ bina idarəçiliyinə rəhbərlik edən şəxslərin hüquqi məsuliyyəti yaranır, yaxud dövlət qurumları bu məsələdə güzəşt edir. Çünki burada həmin binalarda olan nasaz liftlər insan həyatı üçün başa gələ bilər. Bu da dövlətin insanların yaşamaq hüququna münasibətdə pozitiv öhdəliklərinin pozulması ilə nəticələnə bilər”.

 

Məsələ Nazirlər Kabineti və Milli Məclis tərəfindən ciddi şəkildə müzakirə olunmalıdır

 

Hüquqşünas bildirib ki, bu məsələ Mülki MəcəlləMənzil Məcəlləsi, həmçinin mənzil kooperativlərinin, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətlərinin nizamnamələrində ilə tənzimlənilir: “Ümumiyyətlə, məsələ Nazirlər Kabineti və Milli Məclis tərəfindən ciddi şəkildə müzakirə olunmalıdır. Əgər həmin binaların idarəçiliyi varsa, problemin həllinə dair məsuliyyət özlərinin üzərinə düşməlidir. Onlara liftlərin quraşdırılması ilə bağlı sadə şərtlərlə kreditlər təyin edilə bilər. Ümumiyyətlə, dövlət tərəfindən hər hansı kooperativə, özəl binaya, yaxud özəl bina tikən şirkətə vətəndaşların pulu hesabına büdcədən formalaşan vəsaitin ayrılması doğru deyil”.

Hüquqşünas bildirib ki, xarici ölkələrdə bina tikən şirkətlər prosesi yekunlaşdırdıqdan sonra idarəçilik dövlətin balansına keçir: “Əgər uzun müddət bina idarəçiliyini həmin şəxslər edirlərsə və bunu sonra davam etdirə bilmirlərsə, belə olan təqdirdə, yoxlamalar başlanılır. Bundan dərhal sonra əskikliklər barədə akt tərtib olunmaqla, idarəçilərin məsuliyyəti müəyyən olunur və bina dövlətin balansına qəbul olunur”.

Deputat: Məsələ özəl şirkətlərə həvalə olunmalıdır

Deputat Fazil Mustafa hesab edir ki, bu məsələ müvafiq dövlət orqanından daha çox özəl şirkətə həvalə olunmalıdır və vətəndaşlara bu xidmət daha keyfiyyətli şəkildə göstərilməlidir: “Bu olduqca vacib məsələdir. Millət vəkili olduğum Sabunçu rayonu Bakıxanov qəsəbəsində xeyli sayda bina var ki, liflər lazımi səviyyədə işləmir, təmirinin vaxtı keçib. Bu istiqamətdə xidmət haqqı toplanırsa, lift keyfiyyətli xidmət göstərməlidir. Mən də bu ideyanı dəstəkləyirəm. Liftlərin dəyişdirilməsi ilə bağlı müəyyən addımlar atılmalıdır. Bu həm həyat üçün təhlükəlidir, həm də vətəndaşların gündəlik narahatlığına səbəb ola bilir. Bu baxımdan prosesin başladılması vacibdir, yerində olan təklifdir”.

Deputat deyib ki, problemin həlli istiqamətində mütləq addım atılmalıdır: “Bu həyati risk daşıyan məsələdir. Ona görə də problem təcili həll edilməlidir. Edilən təklifləri nəzərə alsalar, problemi həll etmək mümkündür. Bu daha çox özəl sektora aid olan və məsuliyyət onun üzərinə qoyulan məsələdir. Bununla bağlı ciddi nəzarət mexanizmi qurulmalıdır. O zaman iş sürətlə həllini tapacaq. Yoxsa dövlət büdcəsindən vəsait ayırmaqla məmurların bu işdə çevik hərəkət etməsini gözləmək real görünmür”.

 

Dövlət Mənzil Fonduna aid neçə lift dəyişdirilib?

 

Məlumdur ki, problemə təkcə kooperativ binalarda yox, yeni tikililərdə də rast gəlinir. Əldə etdiyimiz məlumata görə, son bir neçə ildə Dövlət Mənzil Fonduna aid 5000-ə yaxın liftdən 1147-si dəyişdirilib.

Sovetdənqalma binaların liftlərindən bəziləri Dövlət Mənzil Fonduna aid olsa da, bəziləri kooperativlər tərəfindən tikilib. Buna görə də kooperativlər tərəfindən tikilən binalardakı liftlərin təmiri dövlət büdcəsi hesabına aparılmır.

Qeyd edək ki, qaydalara görə, təhlükəsizlik baxımından liftə ən azı ayda bir dəfə müntəzəm texniki qulluq göstərilməli, ildə bir dəfə isə texniki baxış keçirilməlidir. Fəaliyyətə yararlı olub-olmaması müəyyənləşdirilməlidir. Əgər texniki şərtlərə cavab vermirsə, istismardan çıxarılmalıdır.

Maraqlıdır, ötən il neçə liftdə qalma hadisəsi olub? FHN neçə xilas etmə əməliyyatı keçirib?

Ötən il liftdə qalan 939 vətəndaş xilas edilib

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2025-ci ildə nazirliyin “112” qaynar telefon xəttinə vətəndaşların liftdə qalması ilə bağlı 597 müraciət daxil olub: “Nazirliyin xilasediciləri tərəfindən aparılan xilasetmə tədbirləri nəticəsində 939 vətəndaş xilas olunub”.

Bu məsələni dövlət proqramı çərçivəsində mərhələli şəkildə həll etmək mümkündürmü? Özəl sektor bu prosesə cəlb edilməlidirmi? Liftlərin dəyişdirilməsi ilə bağlı vahid proqram hazırlanmalıdırmı? Beynəlxalq təcrübədə bu cür məsələlər necə tənzimlənir?

Pulu kim ödəməlidir mübahisəsi ucbatından bu məsələlər həllini tapmır

Təhlükəsizlik məsələləri üzrə ekspert Orxan Musayev qeyd edir ki, problemin illərdir həll olunmamasının səbəbi kooperativ binaların başsız qalması ilə bağlıdır: “Burada bir sahiblik davası gedir. Dövlət binalarında liftlər mərkəzi qaydada dəyişdirilir. Amma kooperativ binalar ortalıqda qalıb. Bakı Lift-Təmir İstehsalat Birliyi deyir ki, bu binalar Birliyin balansında deyil, sakinlər özləri baxmalıdır. Sakinlər və komendantlar isə deyir ki, bizim bu qədər pulumuz yoxdur. Liftin təzələnməsi 50-60 min manatdan başlayır. Heç bir sakin yığışıb bu qədər pulu qısa vaxtda düzəldə bilməz. Pulu kim ödəməlidir mübahisəsi ucbatından bu məsələlər həllini tapmır. Liftlər də gündən-günə daha da köhnəlir”.

Ekspertin sözlərinə görə, xüsusilə Yasamal, Binəqədi, Nizami rayonlarındakı köhnə doqquzmərtəbəli binalarda vəziyyət dözülməzdir: “Burada əsas problem maliyyə məsələsi ilə bağlıdır. Problemin həlli üçün dövlət səviyyəsində bir strategiya və standart qaydalar tətbiq olunmalıdır. Min ədəd liftin dəyişdirilməsi təxminən 45-50 milyon manat deməkdir. İlkin mərhələdə bu pulu dövlət büdcəsindən ayırmaq olar. Sonrakı mərhələdə də vətəndaşlar bu pulun müəyyən bir hissəsini ayda 3-5 manat ödəyərək qaytara bilərlər. Belə olanda həm vətəndaşın cibinə ağırlıq düşmür, həm də hər kəs bilir ki, bu lift onun öz malıdır, onu qorumalıdır”.

 

Şəhərdə hər bir liftin pasportu olmalıdır

 

Müsahibimizin sözlərinə görə, problem təkcə liftin yolda qalması deyil, həm də liftin kanatının qırılması, yaxud tormoz sisteminin sıradan çıxmasıdır: “Bu, birbaşa ölüm deməkdir. Digər tərəfdən liftlərin elektrik naqilləri 30-40 ilin naqilləridir. Hər an qısaqapanma verib yanğın törədə bilər. Bir də bu işin sosial tərəfi var. 9-cu mərtəbədə yaşayan yaşlı adamı, xəstəni, əlil arabasında olanı təsəvvür edin. Lift işləməyəndə adam evindən çölə çıxa bilmir, əməlli-başlı ev dustağı olur. Ona görə də bu məsələni komendantın, bina kooperativlərinin insafına buraxmaq olmaz. Onsuz da onlar bu yükün altından çıxa bilmirlər. Mütləq dövlət səviyyəsində bir proqram olmalıdır. Şəhərdə hər bir liftin pasportu olmalıdır. İstifadə müddəti, təhlükəli olub-olmaması, sonuncu texniki müayinələri ilə bağlı məlumatlar və s. sistemdə qeyd edilməlidir. Bu məlumatlar liftdən istifadə edən və etməyən insanlara əlçatan olmalıdır”.

Ötən il liftdə qalma halları ilə bağlı yüzlərlə müraciətin daxil olması göstərir ki, problem artıq nəzəri risk deyil, real təhlükədir. Xüsusilə istismar müddəti başa çatmış kooperativ liftlər ilə bağlı vahid nəzarət və yenilənmə mexanizminin olmaması bu təhlükəni daha da artırır. Mövcud vəziyyət onu göstərir ki, məsələ epizodik müdaxilələrlə yox, aydın məsuliyyət bölgüsü ilə uzunmüddətli, hüquqi və maliyyə baxımından əsaslandırılmış proqram çərçivəsində, şəffaf nəzarətlə həll edilməlidir. Amma ilk növbədə liftlərin dəyişdirilməsi üçün kimin məsuliyyət daşıyacağı müəyyənləşdirilməlidir. Əks halda, bu köhnə liftlər gündəlik narahatlıqdan çıxaraq hər an daha ağır nəticələrə yol aça biləcək təhlükə olaraq qalacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 276

Oxşar yazılar