“Mən yumuşam... Çox zövqlü prosesdir” – Ayaqsuyu   QALMAQALI
24 may 2022 17:10 (UTC +04:00)

“Mən yumuşam... Çox zövqlü prosesdir” – Ayaqsuyu QALMAQALI

“Ailən varsa, corabını da yuyacaqsan. Hələ nənələrimiz dediyi kimi... Qadınsan, ayağının kirli suyunu da içəcəksən...”

Bu gün sosial şəbəkələrin əsas mövzusu jurnalist xanım Lalə Azərtaşının verilişdə dediyi ifadələr olub.

Nənələrin məsləhətlərindən misal gətirən aparıcını qınayanlar da oldu, dəstəkləyənlər də. 

Bəs aparıcı xanım nə deyib?

Xatırlatma:

Lalə Azərtaş: “Ailələrin dağılmasının qəti əleyhinəyik. Bu da yeni çıxıb. Qadınsan, ailən varsa, kişinin ayağını da yuyacaqsan, hələ nənə-babalarımız demiş, ayağının kirini, suyunu da içəcəksən”. 

Verilişdən sonra sosial şəbəkələrdə kimisi ayaq suyu içən qız, kimisi corab yuyan xanım “axtarır”. Hətta bəziləri bunların heç birini qəbul etməyib, subay ölməyi gözdən keçirir... 

Lent.az aparıcının bu sözlərinə verilən reaksiyaları təqdim edir. 

Yazıçı İradə Tuncay saytımıza açıqlamasında bu “məsləhəti” ciddiyə almamağı təklif edir, guya, indi hamı o sözdən sonra ərinin ayaq suyunu içdi?:

“Sözdür də deyir. Deyən kimi hamı ərinin ayağının suyunu içdi”.

“Ayaq yumaq da seçimdir” deyən Mehriban Zeynalova bunun təbliğini pisləyib:

“Ayaq yumaq da seçimdir... Kimsə sevə-sevə edir və qürur duyur bundan, kimsə yox. Amma bu o demək deyil ki, öz təcrübəni kiməsə məcburi qəbul etdirəsən və bunu təbliğ edəsən”.

Rejissor Ərtoğrul Kamalov isə bu hadisədən təsirlənib ər ayağı yumayan qız axtarışına düşüb:

“Ərin ayağını yumayan, inqilabçı qız axtarıram. Desin ki, yumuram. Evlənək”.

Telejurnalist İradə İsaq yoldaşının ayağını yuyanları axtarır:

“Mən kişinin ayağını yumuram, anam da atamın ayağını yumayıb. Atam deyirdi ki, qadına ayaq yudurtmağın tərbiyə ilə əlaqəsi yoxdur. Dünyanın ən nadan işidir. Biz yumamışıq, bəs siz?

Atasının, babasının ayağını yuyanlar yazdı. Hələ ki, yoldaşımın ayağını yuyuram yazan yoxdur. Nənəmin sözü olmasın, deyirdi qardaşım dədəmin oğludur, ona canım qurban, kişiyə borcum yoxdur”.  

Maraqlısı o idi ki, bu barədə mənfi fikir bildirənlər sırasında kişilər də var idi.

“Apa TV”nin rəhbəri Orxan Məmmədli mənzərəni göz önünə gətirməyi mazaxizm əlaməti kimi qiymətləndirib:

“Verilişdə deyib ki, "nənə-babadan misal var, hələ ayağının kirinin suyunu da içəcəksən". 
Fuu, mənzərə çox iyrəncdir. Bilə-bilə ki, bu tükəzbanvari ovqatda səslənən bir misaldır, bu mənzərəni göz önünə gətirmək bekarçılıq, bir az da mazaxizm əlamətidir.

 
Səsləndirdiyi fikirə görə Lalə Azərtaşla belə mübarizə aparmaq faydasızdır. Bu qədər təhqirlər və əsəb ancaq sizə və sizi oxuyanlara təsir edəcək. Ən effektiv yolu sanballı killer tutmaqdır. 
Heç nə yox, Lalə xanımın, "vallah da..." deməyi adamı dəli eləyir. Suyundan az qoyarsan, əzizim!”.

Lalə Azərtaşı “top atəşinə” tutanlarla yanaşı, onu dəstəkləyənlər də az deyildi. 

Belə ki, İlhamiyyə Rza saytımıza açıqlamasında ayaq yumağı həm də hörmət əlaməti adlandırıb: 

“Əvvəla, onu deyim ki, Lalənin dediyi sözün bu qədər rezonans doğurması, onun diqqət mərkəzində olmasının göstəricisidir. Diqqət mərkəzində olması isə sevilməsi anlamına gəlir həm də. Odur ki, hər deyilən sözün şişirdilmiş, neqativ tərəfini görməkdənsə, pozitiv tərəfini görməyə çalışaq. Ələlxüsus da rəğbət bəslədiyiniz  şəxsin. Yəni, deyirəm kj, gəlin  onu sevgi ilə dinləyək.

O ki qaldı ayaq yumaq məsələsinə, indi ayaq yumaq kimi bir problem yoxdur. Hamının evində duş var, özü yuyuna bilər. "Ayaq yumaq", indi daha çox frazeologizm kimi işlənir. İlkin mənasından daha çox, qulluq etmək, nazını çəkmək, xidmətində durmaq mənasında işlədilir.

Sevgi, sayğı, anlaşma mühitinin hakim kəsildiyi ailə ortamında, sevdiyin hər kəsin qulluğunda dura bilərsən, yorulub, xəstələnibsə, ayağını suya da qoya bilərsən. Fərqi yoxdur, bu sənin anandır, həyat yoldaşındır, ya balandır. Əsas odur ki, sevdiyin adamdır. Qayğısına qalmalısan. Yəni ər arvadın, arvad da ərin qayğısına qalmırsa, ailə bağları zəifləyəcək, hətta qırıla da bilər. 

Bir də xahiş edirəm, bunu gender bərabərliyi müstəvisinə gətirənlər unutmasınlar ki, ayaq yumaq həm də hörmət əlamətidir.

İsa peyğəmbərin ayaq yumaq ənənəsini də yadınıza salmaq istəyirəm. Hazırda Roma Papaları da bu ənənəyə sadiq qalır. Ayaq yumaq, insanlıqdır. Halına yandığın, sevdiyin, dəyər verdiyin adama hislərinin ifadəsidir. Söhbəti qadın kişi müstəvisinə salmayın. Azərbaycanda və türk dünyasında kişi qadına Xanım, Bəyim deyib, bütün vacib qərarlarını qadını ilə birgə qəbul edib.

Mən atamın da, babamın da, həyat yoldaşımın da, anamın da, oğlumun da ayağını yumuşam (yorğun, xəstə olarkən, ayaqlarını isti suya qoymuşam sevə-sevə suya duz ya soda əlavə etmişəm və s.). Çox zövqlü prosesdir. Eləcə də mənə lazım olanda bunu özümə qarşı da görmüşəm.

Bir sözlə, məsələni böyütməyək. Deyirəm ki, Lalənin şəxsi həyatını sorğulayacaq qədər xırdaçılıqlara enməyək. Məlumdur ki, o nə demək istəyib. Bir qədər qeyri-estetik səslənsə də...”.

 

Azərbaycanlı bloger Əlixan Rəcəbovun qısametrajlı filmində dediyi bir söz yadıma düşdü:

Əgər bir kişinin əli ayağına çatmırsa, ya piydən əziyyət çəkir, ya “mamauşağıdı”. 

Bu da belə... Görünən odur ki, bu dəfə heç biri deyil... 
 

# 12903
avatar

Fidan İlqar

Oxşar yazılar