Ölməkdən qorxmuruq, ölməkdən utanırıq –  Replika
13 sentyabr 2023 12:51 (UTC +04:00)

Ölməkdən qorxmuruq, ölməkdən utanırıq – Replika

Bu günlərdə bir türk vətəndaşının Azərbaycanla bağlı paylaşımı diqqətimi çəkdi.

“Mənə deyirlər sən niyə Azərbaycanı çox sevirsən? Ay qardaş, niyə sevməyim? Toy olur yeyib-içmək, vay olur yeyib-içmək. Bu ölkədə xoş gündə də, bəd gündə yeyib içirlər”. 

Yalan deyil.

Türk qardaşlarımızın əksəriyyəti elə toylarında da süfrəyə meyvə suyu və şirniyyatdan başqa bir şey qoymurlar. Yas mərasimlərində isə qonşular yası olan ailəyə bir qazan yemək bişirib gətirir ki, “onun dərdi var, yemək düşünəcək halda deyil”. İslamın yaranıb, yayıldığı ərəbistanda yas mərasimlərində süfrəyə yalnız acı qəhvə qoyulur, gələnlər ev sahibinin acısına şərik olduğunu bəyan edirlər bununla.

Bizim ölkədə yas mərasimləri ölüylə bərabər dirinin maliyyə durumunun dəfni kimi başa düşülməlidir. Mərhum qəbirə qoyulan kimi həyətdə samovarlar qaynayır, qazanlar asılır. İlk 3 gün yemək yoxdur deyilən evdə ən az 100 nəfər halva, qoğal xurma, meyvə, pendir, göyərti ilə “ehsan dadır”. Sonra mütləq öküzlər, qoçlar kəsilməli, üçünə aş, yeddisinə bozbaş, cümə axşamlarına zövq və istəyə görə milli xörəklər, qırxına dolma, küftə bozbaş, ilinə də yenə aş bişirilib süfrəyə düzülməlidir. Toyda yenə bilirsən ki, qonağın neçə nəfərdir, ona yetəcək qədər də yemək hazırlanır. Yas mərasimlərində ocağın üstündən tiyanın biri düşüb, o biri qoyulur. Gələnin-gedənin ardı kəsilmir. Ev yiyəsi mərhumun xətrini əziz tutmaq üçün milləti tox yola salmaq qayğısı ilə dərdini unudur. Hələ üstəlik suallar da beynini qurdalayır. “Görəsən, atama zəif ehsan verdim deməyəcəklər, pulum çatacaq, yeddisinə borc tapa biləcəm?” , “Baş daşını mərmərdən elətdirməsəm camaat nə deyər?”.

“Camaat nə deyər?” basqısı ilə biz daha nələr eləmirik?  Ölü qalır bir tərəfdə, dirini dərd öldürür. Hələ bunun molla pulunu, Quran xətmini, kirayə götürülən “VİP çadırını, qırılan qab-qacağın yerinin doldurulmasını demirəm. Ölünün xətrinə, islam adət-ənənəsi adı ilə edilən bu ritualların isə heç birinin ölüyə bir faydası, savabı yoxdur.

Naxçıvanın Şərur rayonunun Mahmudkənd camaatının ağsaqqalları sosial şəbəkələrdə çox təqdirəlayiq bir elan paylaşıblar. Bildiriblər ki, bundan belə rəhmətə gedən şəxsin 3,7,40 mərasimlərində ehsan verilsə nə ağsaqqallar, nə kənd  sakinləri həmin məclisə ayaq basmayacaqlar. Bu qayda avqust ayından etibarən qüvvəyə minib. Çox gözəldir və yayılması yaxşı olardı. 

Hərçənd, yas ehsanlarının aradan qaldırılması bəzi adamların biznesini baltalamaq deməkdir, göz yaşlarından milyon qazananların bazarını bağlayacaq, amma ən azından qara günümüzü, ölümümüzü düşünmək kimi bir qayğımız yox olacaq. 

Axı ölüm hamıya var. Hər nə qədər o günün gec gələcəyinə ümid etsək də, bu yeyib-içmək mərasimləri ucbatından çoxumuz ölməyə qorxuruq. Ölümdən qorxmuruq, dirilərin dalımızca deyəcəklərindən bəri başdan utanırıq. 

O tərəfə isə qazan-qazan yeməklər yox, sağlığımızda etdiyimiz əməllərimizə görə qazandığımız savabları, günahları aparacağımızı bilə-bilə. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5382
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar