Bir çox valideyn uşağı sakitləşdirmək və ya rahat şəkildə yemək yedirtmək üçün onları saatlarla ekran qarşısında qoyurlar. Bir çox hallarda bu öz rahatlıqları üçün edilir.
Bəs əslində telefon, planşet, televizor uşağa hansı zərərlər verir? Uşaqların yaşına görə gündəlik ekran vaxtı nə qədər olmalıdır? Telefon asılılığının ilk əlamətləri hansılardır? Valideynlər telefon istifadəsinə necə nəzarət etməlidirlər?
“Uşaqların yaş dövrlərinə görə günlük ekrandan istifadə müddəti dəyişir. Üç yaşa qədər uşaqların ekran qarşısında qoyulmasının tərəfdarı deyilik. Üç yaşından kiçik ekran qarşısında qalan uşaqlar izlədikləri cizgi filmlərdə nitqdən istifadə etmirlər, sadəcə izləyirlər. Beləcə, cizgi filmlərdə danışıq təktərəfli olduğu üçün onu izləyən azyaşlının da ünsiyyəti formalaşmır. Ona görə də, nitqdən istifadə etmir. Psixoloq və loqopedlər hər zaman üç yaşa qədər uşağı ekran qarşısında qoymamağı tövsiyə edirlər. Valideynlər üç yaşdan sonra da uşaqların telefon, planşet və televizordan az istifadə etmələrini istəyirlərsə, ilk növbədə özləri də uşaqların yanında bu elektron cihazlara çox baxmamalıdırlar.
Valideyn uşaqla daha çox zaman keçirməli, oyunlar oynamalı, ev işlərini onlarla birlikdə etməlidirlər. Uşaqlar böyüklərin istifadə etdiyi əşyalara daha çox maraq göstərirlər, nəniki öz oyuncaqlarına. Yemək bişirməyi, təmizlik etməyi, qab yumağı uşaqlarla birlikdə etdikdə, onları həm telefondan uzaqlaşdırmaq mümkün olacaq, həm də valideyn-övlad yaxınlığı qorunmuş olacaq. Bundan əlavə onları parka aparmaq, gəzdirmək, yaşıdları ilə ünsiyyət qurmalarına, oynamalarına şərait yaradılmalıdır.
Uşağın zəkası və sosial inkişafı təmin olunanda onların da telefona marağı azalır. Sosiallaşmada problem olduqda, ünsiyyət azalanda və telefondan istifadə vərdişə çevrildikdə asılılıq yaranır.
Bəzi valideynlər uşağa yemək yedirərkən telefonda hər hansısa oyunu, cizgi filmi, videonu açıb uşağa izlədirlər. Davamlı bu proses getdikdə uşaqda vərdiş yaranır. Uşaq düşünür ki, istənilən bir fəaliyyəti yerinə yetirərkən (yemək yemək, su içmək, yatmaq, oturmaq, uzanmaq) telefon istifadə etməlidir”.
Psixoloq bildirib ki, valideyn uşağa telefondan istifadə üçün müəyyən vaxt qoymalıdır:
“Valideyn uşağa əvvəlcə telefonun nə olduğunu izah etməli və ondan nə qədər istifadə edə biləcəyini açıq şəkildə söyləməlidir. Ümumiyyətlə, 3-6 yaş arasında uşaqlara gün ərzində 20 dəqiqə, yarım saat telefondan istifadəyə icazə verilməlidir. Əvvəllər yarım saatla başlayıb, getdikcə, vaxtı iki-üç dəqiqə azaltmaq olar.
6-11 yaşında uşaqlara 45 dəqiqə, yeniyetmələrə isə 1 saat telefon istifadəsinə icazə verilməlidir. Lakin qaydalar və müdət əvvəldən uşağa izah olunmalıdır. Uşaqlar əvvəllər buna görə ağlayırlar, isyan edirlər, amma valideynin davamlılığı və tutarlılığı tərbiyənin qızıl qaydalarıdır. Riayət edilsə, bu, uşaqda vərdiş halına çevriləcək”.