Səddam Hüseynin  generalı   idi: İndi İstanbulda  maşın yuyur
15 noyabr 2026 20:15 (UTC +04:00)

Səddam Hüseynin generalı idi: İndi İstanbulda maşın yuyur

0

Kərkükdə anadan olan və devrilən İraq lideri Səddam Hüseyn dövründə 17 il general vəzifəsində çalışan Xudur Əhməd Rauf  Vəlinin həyatı müharibədən sonra tamamilə dəyişib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İraqdakı hücumlarda həyat yoldaşını itirən və İŞİD terror təşkilatı tərəfindən qaçırıldığını və işgəncəyə məruz qaldığını danışan 60 yaşlı keçmiş general 2013-cü ildə Türkiyəyə sığınıb. Bir vaxtlar tabeliyində min əsgər və 36 cangüdən olan Vəli hazırda İstanbulda avtomobil yuma məntəqəsində işləməklə dolanışığını təmin edir.

Saddam Hüseyin\'in generaliydi! Şimdi İstanbul\'da yaptığı işe bakın

Səddam Hüseyn rejimi dövründə İraqda 8 ulduzlu pilot general kimi xidmət etdiyini bildirən Xudur Əhməd Rauf  Vəli, ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi koalisiya qüvvələrinin 2003-cü ildə Bağdada hücumundan və Səddam rejimini devirməsindən sonra çətin günlər yaşamağa başlayıb.

Həyatı üçün qorxduğundan təxminən bir il gizləndiyini söyləyən Vəli sonra Amerika əsgərləri tərəfindən tapıldığını və onlarla işləməyə məcbur edildiyini bildirib. İraqda yaşadığı hücumlar nəticəsində həyatı alt-üst olan keçmiş general illər sonra Türkiyəyə sığınıb və yeni bir həyat qurub.

"Məktəbi bitirdikdən sonra general oldum”

Kərkükdə anadan olduğunu və Səddam Hüseynin qardaşı Vatban İbrahim əl-Həsənlə birlikdə işlədiyini deyən Vəli, hərbçi illərində İran, Küveyt və ABŞ ilə müharibələrin şahidi olduğunu bildirib.

Keçmiş general keçmişini bu sözlərlə xatırlayır: "Mən Kərkükdənəm. 2013-cü ildə İraqdan Türkiyəyə gəlmişəm. Bir ay burada qalmışam. Sonra məni Sivasa göndərdilər. İki il yarım Sivasda qaldım. 2017-ci ildə İstanbula qayıtdım və evləndim. Evlilikdən sonra, Allaha şükür ki, vətəndaş olduq. Adım Xudur idi, amma Fatih oldu. İraqda əvvəlcə Səddamın qardaşı Vatban İbrahim əl-Həsənlə işlədim. Sonra hərbi xidmət vaxtı çatdı. Məktəbi bitirdikdən sonra general oldum. General olduqdan sonra İran, Küveyt və Amerika ilə müharibələr oldu. Amma İranla müharibədə həqiqətən də zülm altında idik. İraq və İran sərhədində İran dedi ki, "Bu bizimdir". Səddam cavab verdi ki, "Xeyr, bizimdir". Sonra bizi bombaladılar. Məktəblərimizi bombaladılar. İnsanlarımızın çoxu öldü. Bundan sonra Səddam onlarla 8 illik müharibəyə başladı. Səkkiz ildən sonra müharibəni qazandıq".

Səddam Hüseynin tutulması ilə bağlı diqqətçəkən açıqlamalar

Səddam Hüseynin əsir götürülməsindən danışan Vəli, devrilmiş liderin gizləndiyi yeri Amerika əsgərlərinə qohumunun açıqladığını iddia edib. Əsir götürülmə prosesi ilə bağlı öz hekayəsini bölüşən Vəli deyib: "Müharibədən sonra Səddam gizlənməyə başladı. Amerika prezidenti Buş televiziyada çıxış edərək dedi: "Kim bizə Səddamın ünvanını versə, mən ona 25 milyon dollar və Amerika vətəndaşlığı verəcəyəm". 

Əmisi oğlu ona xəyanət etdi və Səddamın yerini açıqladı. Səddam Hüseynə səsləndilər. O, cavab verdi: "Mən İraq prezidenti Səddam Hüseynəm". Ona dedilər: "Çıx." Səddam dedi: "Mən buradan çıxmayacam. Məni çıxarmasanız, çıxmayacam və intihar etməyəcəyəm, çünki müsəlmanam". Həmin xain onlara yenidən xəyanət etdi. O, bir çuxura işarə edərək dedi: "Burada ventilyasiya şaxtası var." Sonra həmin ventilyasiya şaxtasından qaz buraxdılar. Səddam boğuldu. Onu belə çıxardılar. Bu adam tutuldu".

Vəlinin Səddamın yaxalanması ilə bağlı verdiyi məlumat onun öz iddialarına əsaslanır.

Evi bombalandı, həyat yoldaşını və 4 mühafizəçisini itirdi

Səddam rejiminin devrilməsindən sonra İraqda hədəfə çevrildiyini deyən Vəli, evinin bombalandığını və hücumda həyat yoldaşı və 4 mühafizəçisinin həyatını itirdiyini söyləyib. Getdiyi hər yerdə təqib olunduğunu və hücuma məruz qaldığını izah edən keçmiş general, bu hücumlarda ətrafındakı mülki şəxslərin də həyatını itirdiyini bildirib.

Vəli yaşadıqlarını belə danışır: "Onlar mənim evimə gəldilər. Məndən soruşdular: "Bizimləsən? Həbsxanaya gedirsən?" Mən onlara dedim: "Mən sizinlə olacağam". 

Həbsxanaya getməməyi seçdim. İraqda evimi bombaladılar. Həyat yoldaşım orada şəhid oldu. 36 cangüdənim var idi. Onlardan dördü şəhid oldu. Qonşu uşaqlar şəhid oldu. Hara gedirdimsə, bombalar partlayırdı. Balaca uşaqlar ölürdü. Buna görə də 2013-cü il noyabrın 5-də İraqı tərk etdim. Bundan sonra, hara gedirdimsə, partlayışlar olurdu. İnsanlar ölürdü. Terrorçu qruplar mənə hücum edərək deyirdilər: "Sən Səddamla işləyirdin". İŞİD qrupları tərəfindən qaçırıldım və işgəncə verildi. Ölümdən qorxmurdum. Məni ən çox narahat edən o idi ki, hara gedirdimsə, mənə qarşı hücumlar edilirdi və insanlar ölürdü".

Vəli İŞİD terror təşkilatı tərəfindən qaçırıldığını və işgəncəyə məruz qaldığını, bu proses zamanı barmaqlarının da kəsildiyini bildirib.

Türkiyəyə sığındı, həyatına sıfırdan başladı

İraqda yaşadığı hücumlardan sonra Vəli 2013-cü il noyabrın 5-də ölkəsini tərk edərək Türkiyəyə gəlib. Keçmiş general əvvəlcə İstanbulda, daha sonra isə Sivasda məskunlaşıb. Beş dildə danışdığını deyən Vəli, Sivasda olduğu müddətdə tərcüməçi kimi dolanışığını təmin edib. Pərdə ustası yanında işlədiyini də deyən Vəli 2017-ci ildə İstanbula qayıdıb. Keçmiş general Türkiyədə evləndiyini və yeni bir həyata başladığını, Türkiyə vətəndaşı olduğunu və adını Fatih olaraq dəyişdirdiyini bildirib.

Bir zaman komandalığı altında min əsgəri olan general indi maşın yuyur

İraqda general və pilot kimi xidmət edən Vəli hazırda İstanbulda avtomobil yuma məntəqəsində işləyir. Maşın yumaqla yanaşı, cilalama ilə də məşğul olan keçmiş general keçmişdə sahib olduğu vəzifəni və imkanları geridə qoyduğunu söyləyib.

Komandanlığı altında min əsgər və 36 cangüdən olduğunu qeyd edən Vəli, hazırkı işindən şikayət etmədiyini və həyatına minnətdar olduğunu bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 154

Oxşar yazılar