Qənimət Zahid mənə olan təzminatını tam ödədi - ÇİNGİZ QƏNİZADƏ
06 avqust 2026 12:12 (UTC +04:00)

Qənimət Zahid mənə olan təzminatını tam ödədi - ÇİNGİZ QƏNİZADƏ

0

Fransada yaşayan Qənimət Zahid Fransa məhkəməsinin qərarı ilə mənə dəymiş maddi və mənəvi zərərə görə müəyyən edilmiş kompensasiyanı tam ödəyib.

Lent.az xəbər verir ki, bunu APA-ya Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə deyib.

Çingiz Qənizadə xatırladıb ki, 2025-ci il oktyabrın 21-də Paris Cinayət Məhkəməsi Qənimət Zahid barəsində hökm çıxarıb.

“Həmin hökmə əsasən, Qənimət Zahid Fransa qanunları ilə cinayət törətmiş şəxs hesab olunub və məhkəmə yekun qərarında məhkumluğun yaranmasını cəzanın özündən daha mühüm hüquqi nəticə kimi qiymətləndirib”, - o bildirib.

Çingiz Qənizadənin sözlərinə görə, bu qərar Azərbaycan tarixində ilk dəfə olaraq xaricdə yaşayan və Azərbaycana qarşı böhtan xarakterli məlumatlar yayan şəxslərdən biri barədə sığındığı ölkənin məhkəməsində çıxarılmış hökm olub.

“Videoları fləşkartda Fransaya apardım”

Çingiz Qənizadə vurğulayıb ki, məhkəmə çəkişməsinin əsasında 2019-cu ildə Qənimət Zahidin “YouTube” kanalında yayımlanan videolar dayanır.

“Həmin videolarda mənim Ağdaşdan olan bir nəfərin qətlində əlim olduğu iddia olunurdu. O zaman Milli Məclisin deputatı idim. Sonradan müəyyən etdim ki, bu videolar sifariş əsasında hazırlanıb. Mən videoları fləşkarta köçürərək Fransaya getdim, vəkil tutdum və bütün materialları məhkəməyə təqdim etdim”, – o vurğulayıb.

Çingiz Qənizadənin sözlərinə görə, sonradan həmin videoların sifarişçisinin Rusiyada yaşayan və müxalifəti maliyyələşdirən iş adamı olduğu məlum olub.

Altı il davam edən proses

Çingiz Qənizadə qeyd edib ki, 2019-cu ildə başlanan hüquqi proses 2025-ci ilin oktyabrında yekunlaşıb: “Prosesin bu qədər uzun çəkməsinin əsas səbəblərindən biri pandemiya dövrü oldu. Bununla belə, başladığımız hüquqi mübarizəni uğurla başa çatdıra bildik”.

Hüquq müdafiəçisi vurğulayıb ki, məhkəmə prosesi zamanı Qənimət Zahid məsələni siyasiləşdirməyə və hüquqi müstəvidən çıxarmağa çalışıb: “Qənimət Zahid məsuliyyətdən yayınmaq üçün prosesi mümkün qədər uzatmağa və siyasiləşdirməyə cəhd göstərirdi. Bunun üçün müxtəlif beynəlxalq jurnalist təşkilatlarını da bu prosesə cəlb etməyə çalışdı. Lakin Fransa məhkəməsi işi yalnız təqdim olunan sübutlar və qanunvericilik çərçivəsində qiymətləndirdi və hüquqi qərar qəbul etdi. Nəticədə məhkəmənin qərarı icra olundu və kompensasiya tam ödənildi”.

Bir neçə gün əvvəl kompensasiya tam ödənilib

Çingiz Qənizadənin sözlərinə görə, Fransa məhkəməsi Qənimət Zahidi həm cərimələyib, həm də ona maddi və mənəvi zərərin əvəzinin ödənilməsini öhdəlik kimi müəyyən edib: “Uzun müddət bu ödənişdən yayınmağa çalışırdı. Gah deyirdi pulum yoxdur, vaxt istəyirdi, gah başqa bəhanə gətirirdi. Lakin Fransadakı vəkillərimin peşəkarlığı və qarşı tərəfin vəkillərinin də məhkəmə qərarına hörmətlə yanaşması nəticəsində Qənimət Zahid bu günlərdə kompensasiyanı tam şəkildə ödəyib”.

Çingiz Qənizadə bunu hüquqi baxımdan mühüm nəticə hesab edir: “Bu, mənim üçün qələbədir. Məqsədim xaricdə sığınacaq alaraq dövlətə, dövlət rəsmilərinə və ictimai-siyasi xadimlərə qarşı böhtan atan şəxslərin yaşadıqları ölkələrdə qanun qarşısında cavab verməsinə nail olmaq idi. Məqsədimə çatdım”.

Qərar presedent yaradır

Çingiz Qənizadənin fikrincə, Fransa məhkəməsinin qərarı xaricdə yaşayan və böhtan xarakterli məlumatlar yayan şəxslərlə bağlı mühüm presedent formalaşdırır.

“Bundan sonra xaricdə yaşayıb Azərbaycan dövlətinə, dövlət rəsmilərinə və onların ailələrinə qarşı böhtan atan şəxslər biləcəklər ki, bu əməllərinə görə cəzasız qalmayacaqlar”, - o fikrini yekunlaşdırıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 308

Oxşar yazılar