Səhiyyə sektorunun RÜŞVƏT OCAĞI  - Bu qurum niyə düzəlmir?
01 mart 2024 16:27 (UTC +04:00)

Səhiyyə sektorunun RÜŞVƏT OCAĞI - Bu qurum niyə düzəlmir?

Xəbər verdiyimiz kimi, bu gün Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi”nin baş direktoru Elşən Mustafayev və müavini Zamin Əliyev həbs edilib.

Lent.az xəbər verir ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Elşən Mustafayev və müavini Zamin Əliyev ilə qabaqcadan əlbir olaraq narkotik vasitələr və spirtli içkilərin qəbulundan əziyyət çəkən şəxslərin müayinə və müalicəsini aparmaqdan ibarət olan həmin Mərkəzə pasiyentlərin qəbul edilərək aidiyyəti şöbələrə yerləşdirilməsi, müayinələrin aparılması və digər məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində alıblar.

Həbs edilən Elşən Mustafayevin bu vəzifəyə təyinatının heç bir ili tamam olmayıb.

Qeyd edək ki, E.Mustafayev bu vəzifəyə ötən ilin aprelində təyin olunubmuş.

Bununla da son 13 ildə narkoloji mərkəzin həbs edilən rəhbərlərinin sayı 4-ə çatıb.

Son illər Narkoloji Dispanserdə qeydə alınan hadisələrin qısa xronikası

Bir neçə il əvvəl Bakı şəhər Narkoloji Dispanseri böyük rüşvət qalmaqalı ilə gündəmə gəlmişdi. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi vətəndaşların çoxsaylı şikayətləri əsasında adıçəkilən qurumda əməliyyat həyata keçirdi. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Narkoloji Dispanserinin baş həkimi Hüseyn Həsənov saxlanıldı. O, narkoloji xəstəliklə əlaqədar qeydiyyatda olub-olmamaları barədə arayışların verilməsi müqabilində ayrı-ayrı şəxslərdən rüşvət almaqda təqsirli bilinirdi.

Hüseyn Həsənova Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə ittiham  elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçildi və o, Səhiyyə Nazirinin müvafiq əmri ilə tutduğu vəzifədən azad edildi.

Bundan başqa, 2018-ci ildə Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən dəhşətli yanğın hadisəsi baş verir. Aparılan istintaq tədbirləri nəticəsində Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev həbs edilirlər. Hər 3 şəxs Cinayət Məcəlləsinin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə - ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunub.

Həmçinin, 2011-ci ildə də Respublika Narkoloji Dispanseri korrupsiya qalmaqalı ilə gündəmə gəlib. Həmin tarixdə vəzifə səlahiyyətlərindən sui-istifadə faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində cinayət isi başlanıb.

İstintaqla müəyyən edilib ki, 2006-2011-ci illərdə Narkoloji Dispanserin baş həkimi Könül Vəliyeva həkim Rumziyyə Maçanovanın vasitəsilə qanunsuz olaraq hər ay dispanserin həkimlərindən 150-200 manat məbləğində pul tələb edərək alıb, həmin məbləği verməyən həkimləri isə işdən azad etməklə hədələyib. Bundan başqa, xəstələrə pulsuz verilməli olan dərman preparatlarının xəstələrə verilməsini təmin etməyib və s. qanunsuzluqlara yol verib.

Görünən odur ki, səhiyyə sektorunda ən çox korrupsiya faktı bu qurumda qeydə alınır. Bu qurumda aparılan əməliyyatlar və həyata keçirilən həbslər onu göstərir ki, bura hüquq-mühafizə orqanların daim diqqət mərkəzindədir. Təəssüflər olsun ki, qurumun başına gətirələn yeni rəhbərlər gedənlərin aqibətindən nəticə çıxarmırlar.  

# 8622
avatar

Oxşar yazılar