Səhralaşdırdığımız dünyamız:  Azərbaycan üçün də təhlükə var
26 yanvar 2023 08:12 (UTC +04:00)

Səhralaşdırdığımız dünyamız: Azərbaycan üçün də təhlükə var

Səhralaşma quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın deqradasiyaya uğraması nəticəsində yaranan qlobal ekoloji problemdir. Səhralaşma torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, torpaqlar şoranlaşır. BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji vəziyyətin pisləşməsi kimi qiymətləndirir və qeyd edirlər ki, bu proses nəticəsində yarımquraq ərazilərin məhsuldarlığı səhra səviyyəsinə kimi enir.

Bu problem keçən əsrin 70-80-ci illərindən başlayaraq özünü qabarıq şəkildə göstərməyə başlayıb. Yer səthinin üçdə biri deqradasiyaya uğrayıb. Bu isə 1 milyarddan çox insanın sağlamlığını və yaşayışını təhdid edir. Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir: bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 milyon hektara çatır. Yer kürəsində 3,6 milyard hektar sahə səhralaşmaya məruz qalıb. Səhralaşma əsasən dünyanın 110 ölkəsində mövcuddur. Başqa sözlə, bu problem hər il 55 milyon insana təsir edir, 2050-ci ilə qədər dünya əhalisinin təxminən dörddə üçünün bu problemin təsirinə məruz qalacağı proqnozlaşdırılır. Başqa sözlə, səhralaşma ərzaq təminatına ciddi zərər vurur, qida çatışmazlığına yol açır, aclıq təhlükəsi yaradır. Münbit torpaqların səhralaşması heyvan və bitki növlərinin məhvinə, biomüxtəlifliyin aradan qalxmasına yol açır. Son nəticədə də səhralaşmaya – yəni quraqlığa torpaqların münbitliyini itirməsi və ərzaq qıtlığına  görə milyonlarla insan yaşayış yerini dəyişməyə məcbur olur,  miqrasiya  problemi yaşanır.

BMT-nin Baş Assambleyası tərəfindən 1994-cü ildə “Ümumdünya Quraqlıq və Səhralaşma ilə Mübarizə Günü” təsis olunub. Elə həmin ildə 170 dövlətin imzaladığı səhralaşma ilə mübarizə haqqında Konvensiya  qəbul edilib. Azərbaycan bu konvensiyaya 1998-ci ildə qoşulub. Konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi qeyd edilir, o cümlədən bu barədə maarifləndirmənin artırılması təklif olunur.

Bəs səhralaşmaya nələr yol açır?

Səbəbləri…

Araşdırmalar göstərir ki, biosferin antropogen çirklənməsinə əsasən sənaye, energetika və nəqliyyat vasitələri (birlikdə 76%) səbəb olur. Bu sahədə  sənaye 38%, energetika 22%, nəqliyyat vasitələri  16%, kənd təsərrüfatı  14%,  məişət tullantıları  7%,  digər mənbələr 3% xüsusi çəkiyə malikdir.  Təkcə 1 ildə biosferə antropogen təsirin nəticələri və miqyasına baxsaq, Yerin təkindən 300 mlrd. ton mineral sərvət çıxarılır, tikinti və dağ-mədən işləri zamanı 4 min km3 qrunt və süxur daşınır,  800 mln. ton metal (müxtəlif) əridilir, 50-70 min km2 torpaq səhralaşma, şoranlaşma, tikinti və s. nəticəsində itirilir, 18 mln. hektar meşə sahəsi məhv edilir, minə yaxın bitki və heyvan növü itirilir. Eyni zamanda 7 mlrd. ton şərti yanacaq yandırılır, 4 mln. ton pestisid istifadə olunur, 30 mlrd. ton sənaye və məişət tullantıları bərk, maye və qaz halında atmosferə, hidrosferə və litosferə atılaraq biosferi çirkləndirir.

Beləliklə, Yer kürəsinin ayrı-ayrı regionlarında və planetdə bütövlükdə enerji, o cümlədən istilik, balansının pozulması, atmosferdə karbon qazının (CO2) qatılığının artması nəticəsində “parnik” (istixana) effektinin yaranması, iqlimin istiləşməsi, ozon təbəqəsinin deqradasiyaya uğraması üzündən dəliklərin açılması kimi səbəblər iqlim dəyişikliyi reallığını ortaya çıxarıb.

Son illərdə baş verən quraqlıq, iqlim dəyişiklikləri səhralaşmanı sürətləndirib və ekosistemə ciddi təsir göstərib. Bu aspektdə zəncirvari bir prosesin baş verdiyi də unudulmamalıdır. Çünki iqlim dəyişikliyi, quraqlıq səhralaşmaya yol açırsa, torpaqların səhralaşması da paralel olaraq Yer səthində temperaturun daha da artmasına, iqlim dəyişikliyinin daha da sürətlənməsinə yol açır.

Torpaq eroziyası və səhralaşma həm də ekstensiv kənd təsərrüfatı fəaliyyətinin, heyvandarlığın köçəri və yarım köçəri üsullarından istifadənin, həddindən artıq otarılmanın nəticəsidir. Çünki təbii tarazlığı gözləmədən, yəni müəyyən sayda mal-qara otarılmalı olan yerdə dəfələrlə çox mal-qaranın otarılması nəticəsində bir neçə ildən sonra artıq səhralaşma problemi ortaya çıxır.

Qeyri rasional suvarma, müasir kənd təsərrüfatı texnologiyasının zəif tətbiqi eroziya proseslərinə, təkrar şoranlaşmaya və torpaq deqradasiyasına səbəb olur. Meşələrin qırılması da ekoloji tarazlığın pozulmasına, su ehtiyatlarının azalmasına, məhv olmasına və son nəticədə torpaqların səhralaşmasına yol açır.

Xüsusilə sahil bölgələrində şəhərlərin sürətli böyüməsi ilə yaşıllıqların sıradan çıxması da səhralaşmaya rəvac verir.

Azərbaycan  da əziyyət çəkir

Dünyanın bir parçası olan Azərbaycanda da bu problem mövcuddur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən aparılan hesablamalara əsasən, ölkəmizdə aşınan torpaqların ümumi sahəsi 3,7 milyon hektardır. Azərbaycan səhralaşma üçün yüksək risk daşıyan ərazilərdəndir. Səhralaşma riski yüksək olan regionlarımıza gəlincə, bu sırada Naxçıvan Muxtar Respublikası ərazisi, Kür-Araz ovalığı, Ceyrançöl-Acınohur, Qobustan və Abşeron ərazisi yer alır. Son zamanlar Xəzər dənizinin səviyyəsinin enməsi ilə əlaqədar iqlimdə kontinentallıq artıb, səhralaşmış landşaftlar daha da genişlənib. Səhralaşma riski cənub-şərqi Şirvanda, Salyan düzündə, Samur-Dəvəçi ovalığında daha çox yayılıb. Böyük Qafqazın cənub yamacı, Cənub dağlarının cənub tərəfi istisna olmaqla, Azərbaycanın alçaq dağlıq və düzənlik rayonlarında səhralaşma riskləri olduqca yüksəkdir.

Son 10-12 ildə Azərbaycanda müşahidə edilən iqlim dəyişikliyi nəticəsində yaşanan quraqlıq kənd təsərrüfatına, ətraf mühitə böyük ziyan vurur, səhralaşma prosesini sürətləndirir.

Nəzərə almaq lazımdır ki, səhralaşma ən çox arid, yarımarid, yəni quru və yarımquraq ərazilər üçün səciyyəvi haldır. Azərbaycanda da təxminən 60 faiz ərazi arid, yarımarid landşaftlardır. Belə landşaftlarda səhralaşma daha intensiv gedir, insanın plansız, düşünülməmiş şəkildə həyata keçirdiyi tədbirlər nəticəsində daha çox müşahidə edilir.

Səhralaşmanın təbii səbəbləri sırasında  iqlim şəraiti, süxurlar, relyeflə bağlı proseslər yer alırsa, Azərbaycanda əlavə olaraq Xəzər dənizinin səviyyəsinin enməsi və qalxması da buna aiddir. Antropogen amillər isə say etibarilə həddən artıq çoxdur. Səhralaşma səbəbləri sırasında təqribən 20 faiz təbii amil, 80 faiz isə antropogen amillər yer alır. Səhralaşmanın yaranmasında əsas amil respublikamızda da əsasən antropogendir. Bu, torpağın, landşaftın, geosistemin, geokompleksin öz məhsuldarlığını itirməsi, biomüxtəlifliyin, bitki örtüyünün azalması, üzvi aləmin məhv olması ilə nəticələnir. Cüzi miqdarda üzvi aləm qalır və bu ərazilər səhralaşma kimi qəbul edilir. Bəzən səhralaşma yüksək dağlıq ərazilərə qədər qalxa bilir. Məsələn, son zamanlar dağ otlaqlarında aparılan intensiv otarma bəzi sahələrin çılpaqlaşmasına, eroziyaya məruz qalmasına, bulaqların qurumasına səbəb olur. Bunlar da səhralaşma əlamətidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin araşdırmalarına diqqət yetirsək, məlum olur ki,  havanın temperaturunun 1,4 dərəcəyədək artması, buxarlanmanın artması nəticəsində su resurslarımız 10-15  faiz azalıb. Suyun bu qədər azalması həm ölkə sularının 70 faizini özündə cəmləşdirən Kür, Araz, Qanıx, həm də yerli çaylarda müşahidə edilir. Nəticə etibarilə su resurlarımız ötən əsrin 90-cı illərində 30 milyard kubmetr idisə, indi 24-25 milyard kubmetrə düşüb. Bunun da 2/3-i transsərhəd çaylarla ölkəmizə daxil olur. Havaların  quraq keçməsi son  ildə yağıntının daha da azaldığını, temperaturun isə yüksəldiyini göstərir. Quraqlıq isə səhralaşma üçün böyük imkan yaradır. Azərbaycanda böyük ərazilər səhralaşmaya meyllidir. Burada iqlim dəyişiklikləri ilə yanaşı, insan amili də rol oynayır. Meliorasiya tələblərinə tam əməl edilməməsi, torpaq eroziyasının genişlənməsi, quraqlıq, iqlim dəyişiklikləri səhralaşmanı sürətləndirib və ekosistemə ciddi təsir göstərib.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən aparılan qiymətləndirmələrə görə, ölkəmizdə aşınan torpaqların ümumi sahəsi 3,7 milyon hektardır.

Həddən artıq quraq və rütubətli illər olur ki, bu da iqlim dəyişmələrinin nəticəsidir. Bəzən fəsillər üzrə də bunu müşahidə edirik. Məsələn,  hansı fəsildə yağıntı olmalıdırsa, onda quraqlıq daha çox olur. Quraqlıqların həm zaman, həm də məkan strukturunda müəyyən dəyişmələr var.

Cənub dağlarının şimal-qərb, şimal tərəflərində, Böyük Qafqazın cənub-şərq yamacında, Kiçik Qafqazın alçaq dağlıq şimal-şərq yamacı zonasında quraqlıqların intensivləşməsi tendensiyası müşahidə olunur. Bəzi regionlarda isə yağıntının çox düşməsi də səhralaşma üçün müəyyən  imkan yaradır. Yəni sel, sürüşmə hadisələri intensivləşir, təbii landşaft əvvəlki strukturunu pozur və bitki örtüyü, biomüxtəliflik tədricən sıradan çıxır.

Səhralaşmaya yol açan səbəblərdən biri də yeraltı suların bəzi regionlarda doğru tənzimlənməməsidir. Bəzi regionlarda yeraltı suların səviyyəsi kəskin şəkildə aşağı düşür, bu, səhralaşma əlamətidir. Məsələn, Goran düzündə, Cəlilabad, Biləsuvar, Qanıx-Əyriçay vadisində yerləşən rayonlarda  bu problemi müşahidə etmək mümkündür. Həmin ərazilərdə ağaclar quruyur, bitki örtüyü məhv olur və bu proses sürətlənir.

Beləliklə, quru iqlimə malik Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Bəzi hesablamalara görə, əgər operativ tədbirlər görülməzsə, ölkəmizdə səhralaşma prosesi sürətlənə bilər.

Ermənistan tərəfindən işğal zamanı Qarabağda və Şərqi Zəngəzurda meşələrin qırılması, eyni zamanda aşağı ərazilərə suyun verilməməsi düzən hissələrdə su çatışmazlığı ilə bağlı quraqlıq yaradıb, səhralaşmaya meylliliyi artırıb.

İşğaldan azad olunmuş ərazilərimizdə su tutumu 560 milyon kubmetr olan Sərsəng su anbarının suyunun qəsdən yay mövsümündə qarşısının kəsilməsi 100 min hektardan artıq əkin sahəsinin suvarılmasında ciddi problemlər yaradıb ki, bu da Aşağı Qarabağ bölgəsində torpaqların eroziyasına və səhralaşmaya səbəb olub. Bu ərazilərə nəzarət imkanının olmaması beynəlxalq konvensiyalar üzrə götürülən öhdəliklərin yerinə yetirilməsində çətinliklər yaradıb. Amma Qarabağın işğaldan azad edilməsi hazırda bu ərazilərin monitorinqinə və ekosistemin  bərpasına başlamağa imkan yaradıb. Bon Çağırışı üzrə 2030-cu ilədək 170 min hektar deqradasiyaya məruz qalmış torpaqların bərpası yönündə tədbirlər işğaldan azad olunmuş ərazilərimizdə də davam etdirilir.

Xilas yolları

Yeni meşə sahələrinin salınması, ağacların mümkün qədər yaşayış məntəqələrinə yaxın yerlərdə əkilməsi, qırılmış meşələrin bərpası ilə səhralaşmanın qarşısını  müəyyən qədər almaq olar. Amma iqlim dəyişikliyi nəticəsində yaranan quraqlıq qarşısıalınmaz proses hesab edilir.

İstənilən antropogen təsir təbiətdə müəyyən dəyişməyə səbəb olur. Bəzən bu dəyişiklik müsbət, bəzən də mənfi tendensiyalı olur. Məsələn, meşə zolaqlarının salınması, bu sahələrin genişləndirilməsi, parkların salınması, suvarma tədbirlərinin həyata keçirilməsi müsbət tendensiyadır. Hər il dövlət tərəfindən səhralaşmaya qarşı mübarizə ilə bağlı milyardlarla manat  pul xərclənir.

Mütəxəssislər hesab edirlər ki, səhralaşmaya qarşı  mübarizə tədbirləri sırasında ilk növbədə meşəsalma tədbirləri genişləndirilməlidir. Azərbaycan ərazisinin 11-12 faizi meşə ilə örtülüdür. Ölkəmiz yaxın gələcəkdə meşə sahəsinin 16-17 faizə qaldırılması haqqında öhdəlik götürüb, amma bu göstərici 30 faiz həcmində olarsa,  səhralaşmaya qarşı  mübarizə  daha uğurlu aparıla bilər.

Səhralaşmaya qarşı mübarizə tədbirləri çərçivəsində son bir ildə Azərbaycanda  1 milyondan çox ağac əkilib, yaşıllaşdırma tədbirləri görülüb.

Su çatışmazlığına məruz qalan ərazilərdə ilk növbədə suvarma sistemlərinin qənaətcil əsasda qurulmasına, səhralaşmaya məruz qalan və bu təhlükədə olan ərazilərə suvarma suyunun çatdırılmasına nail olmalıyıq.

 Su çatışmazlığı isə bu məsələni dərinləşdirən əsas səbəblərdəndir. Ona görə insanlar suya qənaət etməli, ondan hər istifadə zamanı susuzluqdan əziyyət çəkən insanları düşünməli, planetimizin gələcəyinin bizim əlimizdə olduğunu hər bir şəxs dərk etməli və bunun üçün məsuliyyət daşımalıdır.

Bütün bunların fonunda Azərbaycan BMT-nin “Səhralaşmaya qarşı mübarizə” haqqında Konvensiyasına tərəf olaraq beynəlxalq öhdəliklərin yerinə yetirilməsində fəal iştirak edir, yeni meşə və yaşıllıqlar salınır, deqradasiyaya uğramış torpaqların neytral balansının saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

2019-cu ildə birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə mütəfəkkir şair İmadəddin Nəsiminin yubileyinə həsr olunan aksiyada ölkə üzrə bir gündə 650 min ağacın əkilməsi, 2020-ci ildə təşkil edilmiş kütləvi ağacəkmə kampaniyaları, IDEA İctimai Birliyi və ETSN-nin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika Yaşıllaşdırma Marafonu” layihəsi çərçivəsində 2021-ci ildə Qarabağ regionu da daxil olmaqla ölkədə 1 milyona yaxın ağacın əkilməsi də səhralaşma ilə mübarizəyə mühüm töhfədir.

Eyni zamanda, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə müəyyənləşdirilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq 2030-cu ilədək olan dövrdə də ölkədə yaşıllıqların payı artırılacaq, yararsız torpaq sahələri bərpa olunacaq, deqradasiya və səhralaşmaya qarşı mübarizə aparılacaq.

Yaşar Ağazadə

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə həyata keçirdiyi “Ətraf mühitimiz: Nələri bilək, nələri qoruyaq?” layihəsi çərçivəsində hazırlanıb.

# 2904
avatar

Oxşar yazılar