Təhqir olunan məktəbli qızın videosu SOS  siqnalımız olmalıdır
20 fevral 2024 13:39 (UTC +04:00)

Təhqir olunan məktəbli qızın videosu SOS siqnalımız olmalıdır

156 saylı məktəbdə baş verənlərdən yazacam. Yazmalıyam, susa bilmərəm, amma o qədər qəzəbliyəm ki, haradan başlayacağımı bilmirəm.

Bir iki gün sonra ən ağır cinayətlər kimi bu hadisə də unudulacaq, cəmiyyət olaraq üzümüzü tutacağıq yeni-yeni heyrətamiz işlərə. Əminəm ki, bundan da betər hadisələr olacaq, biz isə bir neçə gün danışıb susacağıq, unudacağıq.
 
Həmyaşıdının alnına q... yazan, başında yumurta qıran, saçlarını kəsən o tərbiyəsiz, özündənrazı və etdiyindən zövq alan qız isə  aylar sonra yenə sinif qarşısında olanları xatırlayıb lovğa-lovğa güləcək. Olanları ömrü boyu bir nəfər unutmayacaq - əzilən, təhqir olunan qız. 

Bu hadisənin heyfini gələcəkdə öz balalarından çıxacaq. 10-15 il sonra kimsə o qızın niyə elə əsəbi, nevroz  xəstəsi olduğunu anlamayacaq. Səbəb isə bu günümüzdə idi.

Məktəb minlərlə müxtəlif yuvalardan, fərqli-fərqli ailə tərbiyələri alıb gəlmiş uşaqları bir yerə yığırsa, burda dəmir nizam-intizamın, sərt mühafizə sisteminin olması şərtdir. Məktəb psixoloqu dayanmadan məktəblilərlə işləməli,  şagirdlərdə özünə etibar yaratmalıdır, yoxsa müəllimlər otağında oturub kiminsə paltarını, toyunu, işini-gücünü müzakirə etməməlidir. Şagird problemini dərhal gəlib müəllimə, psixoloqa, valideynə şikayət etmir. Bunu görmək, hiss etmək lazımdır. Müəllim dərs verməklə işini bitmiş hesab etməməli, şagirdləri ilə sıx-sıx söhbət aparmalıdır. 

Elina hadisəsini xatırlayın, sinif yoldaşları tərəfindən döyülüb, sonra idmana yazılmış o zəif oğlanı, Xırdalanda özlərini çoxmərtəbəli binadan atan qızları xatırlayın, unutduğumuz neçə-neçə puç olmuş körpə həyatları yada salmağa çalışın. Bu hadisələr gec qaldığımız, olanları görmədiyimiz üçün baş verib.

Uşaqlar ata-analarından çox yaşadıqları cəmiyyətə bənzəyərlər. Cəmiyyətin durumu göz qabağında. “Əhməd faciəsi”ndən ayılıb özümüzə gəlməmiş,  potensial əhmədlərin videoları ilə qarşılaşırıq. Əhmədin şəkillərini paylaşıb, onu "AUE", “Yaxşı oğlan” elan edənləri eşitdik, “namus üstə baltalayıb, əcəb edib!” yazanları da gördük. Maşının arxasına "Qatil 78 leş" yazıb qorxu yaratmaq istəyən cahillərin, azyaşlı qızını döyən atanın, cibində bıçaq gəzdirib bu bıçaqla öyünən 14-15 yaşlı yeniyetmələrin videoları da çıxdı qarşıma tam bu günlərdə.

Baxdığımız filmlər, seriallar, sosial proqramlar hamısı qəddarlığı, vecsizliyi təbliğ edir. Sanki açıq tipli dəlixanada yaşayırıq. Biz böyüklər buna alışdıq, həyatı  hələ tanımayan balacaları isə bu sərsəm dünyanın içinə tək buraxanda ya öldürən olacaqlar, ya öldürülən. Niyə bu baş verənlərə kar, kor, lal olmuşuq? Bataqlıqdayıq e, xəbəriniz var? Öz yaratdığımız bataqlıqda batırıq. Yanlış yaşam tərzinin, tərbiyəsizliyin, təbliğat maşınının qurbanları çoxalmadan tədbir görülməlidir. O əzilən mktəbli qızın səssizliyi SOS siqnalımız olmalıdır. Hədəfdə hamımız ola bilərik.
 

# 11127
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar