Jurnalistlər üçün Bibiheybət qəsəbəsində tikilən binanın mənzillərində təmir işlərinə başlanılıb.
Yeni bina üçün qazanxana tikilib, mənzillərin qapı və pəncərəsi qoyulub. Eyni zamanda mənzillərə istilik sistemlərinin çəkilişi tamamlanıb. Ərazidə olarkən iş icraçıları “Yeni Müsavat”a açıqlamalarında bildirdilər ki, binanın sentyabr ayına kimi təhvil verilməsi nəzərdə tutulub. Onların sözlərinə görə, tikilən binada işlərin demək olar ki, 90 faizi tamamlanıb. Kitab formasında layihələşdirilən bina iki blok, 16 mərtəbə və 154 mənzildən ibarətdir. İş icraçıları deyir ki, bina bütöv deyil, bir-birinə bitişik 2 ayrı-ayrı binadan ibarətdir. Hərəsi 1 blokludur. Mənzillər 2 və 3 otaqlı nəzərdə tutulub. Mənzillər tam təmir olunur. Mənzillər jurnalistlərə hamam sistemi, qapı-pəncərə və kommunal sistemlər işlək vəziyyətdə təqdim olunacaq. Deyilənə görə, hədiyyə olaraq evlərə mətbəx mebeli də veriləcək.
İş icraçıalrı həmçinin bildirdilər ki, Fövqəladə Hallar Nazirliyinin nümayəndələri bir neçə dəfə əraziyə gələrək binanın möhkəmliyini yoxlayıblar. Onların sözlərinə görə, binanın özülü möhkəm qoyulub, 2 mərtəbəli zirzəmi var. Burada avtomobil qarajı yerləşir. Həyətdə böyük tutumlu qapalı su hovuzu yaradılıb.
Qeyd edək ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
Jurnalistlərin binası 2013-cü ilin sentyabrında tam təmir olunmuş vəziyyətdə qələm sahiblərinin istifadəsinə veriləcək. Binada təxminən 150 jurnalist iki və üçotaqlı təmirli mənzillə təmin olunacaq. Mənzillərin hansı meyarlarla kimlərə verilməsinə yaradılacaq xüsusi komissiya qərar verəcək.