Aksiz markası olmayan alkoqollu içki və tütün məmulatları aşkar edilib. Bu barədə Lent. az-a Vergilər Nazirliyindən məlumat verilib. Vergi Auditi Departamenti tərəfindən Bakı şəhəri ərazisində aksiz markaları olmayan və ya saxta aksiz markalı malların satılması, saxlanılması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması faktlarının aşkar edilməsi üzrə operativ vergi nəzarəti tədbirləri keçirilib.
Tədbir nəticəsində 255 obyektdən 96-da qanun pozuntusu müəyyən olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 12 min 12 manat məbləğində 991 ədəd aksiz markaları olmayan alkoqollu içki və 779,7 manat məbləğində 480 ədəd tütün məmulatı, ümumilikdə 12 min 791,9 manat məbləğində 1471 ədəd markalanmamış mal aşkar edilib.
Yol verilmiş qanun pozuntuları sənədləşdirilib və mallar müvafiq qaydalara uyğun olaraq götürülüb.
Reydlər zamanı 77 obyektdə alkoqollu içkilərin və tütün məmulatının satışı ilə məşğul olmaq üçün lisenziyanın alınmadığı müəyyən edilib. 4 vergi ödəyicisinin obyektində aksiz markası olmayan 395 ədəd, ümumilikdə 4 min 282,0 manat məbləğində mal aşkar edilib. Yoxlama materialları Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə göndərilib.