Zindandan qan donduran hekayətlər: dustaq doğulanlar sevgi ilə azadlıq arasında... - REPORTAJ
27 mart 2013 18:29 (UTC +04:00)

Zindandan qan donduran hekayətlər: dustaq doğulanlar sevgi ilə azadlıq arasında... - REPORTAJ

Sizə bu gün üç gənc ana və dünyaya gətirdikləri  üç körpənin taleyindən yazacağam. Daha doğru talehsizliyindən. Talehsizliyindən ona görə deyirəm ki, onlar  digər uşaqlar kimi dünyaya gələrkən doğmalarının, yaxınlarının sevincindən pay almayıblar. Bu uşaqların anaları onları hamı kimi doğum evində dünyaya gətirməyib. Onların ana bətnində ikən qayğılı doğulublar. Bu körpələr həmyaşıdları kimi valideynləri ilə birgə əylənmək imkanından məhrumdurlar.

 

Haqqında danışacağım məhbuslar cəzaçəkmə müəssisəsinin balaca sakinləri - Fatimə, Əli, Xəyalın analarıdır. Hələ bir yaşları tamam olmayan bu uşaqlar dəmir barmaqlıqlar arasında dünyaya gəliblər.

 

Həbsxanaya reportaja getməzdən qabaq yeni orada yeni doğulan uşaqların olduğunu eşitmişdim. Əslində elə onları fikrimdə tutub getmişdim. Müəssisə rəisi ilə görüşərkən birinci həmin analarla tanış olmaq istədiyimi bildirdim. Hər üç xanım uşaqları ilə birlikdə həbsxananın onlar üçün nəzərdə tutulan ərazisində yaşayırlar. Uşaqların psixologiyasına mənfi təsir etməməsi üçün həmin anaları digər məhbuslardan ayırıblar. Uşaqlar üçün yelləncəklər, müxtəlif oyuncaqlar  quraşdırılıb. Məhbus analar müsahibə üçün dərhal razılaşdılar. Uşaqlarını da özləri ilə birgə gətirmişdilər. Otağa girər-girməz körpələr  ağlamağa başladı. Səbəbi isə çox üzücüdür. Uşaqlar həbsxanada yalnız öz analarını gördükləri üçün başqa üzü qəbul edə bilmirlər. Fatimə 4, Əli 6, Xəyal isə 8 aylıqdır. Körpələrin analarını elə onların özlərinin adı ilə adlandıracağam. 

 

Əlinin anası. Sevinc 1986-cı ildə anadan olub. Cinayət Məcəlləsinin 177-ci( oğurluq) maddəsi ilə 5 il müddətində azadlıqdan məhrum edilib. Bir ildir ki, dəmir barmaqlıqlar arasındadır. Həbs olunan zaman Əli anasının bətnində bir aylıq imiş.

 

Əslində Sevinc gənclik illərindən həmyaşıdların fərqli həyat tərzi sürüb. Daha doğrusu, ailə diqqətindən kənarda böyüyüb. 11-ci sinfi bitirdikdən sonra sevdiyi şəxslə ailə həyatı qurub. İlk dəfə narkotikdən istifadə etməyi də ondan öyrənib: “Həyat yoldaşım narkotik istifadəçisi idi. Xüsusən də damarına vururdu. İynə vurmağı bacardığım üçün onun iynələrini mən vururdum. Daha sonra isə özüm də istifadə edirdim. Beləcə getdikcə narkotik aludəsinə çevrilmişdim”. Evliliklərinin bir illiyində Sevincin bir oğlu dünyaya gəlir. Lakin Sevinc uşağı saxlamaq üçün valideynlərinə verir. Özü isə tüfeyli həyat yaşadığını etiraf edir. Deyir ki, bəzən oğlunu görməyə gedirmiş. Lakin uşaq ondan qorxaraq qaçırmış. İndi 7 yaşlı məktəbli oğlu Sevincin onun anası olduğunu bilmir.

 

Sevincin həyat yoldaşı 3 il əvvəl həbs olunub – sayca beşinci dəfə. Həyat yoldaşının həbsindən sonra da Sevinc mütəmadi olaraq narkotik qəbul edib. Valideynləri tərəfindən xəstəxanaya yerləşdirilsə də, sonradan xəstəxanadan qaçaraq müalicəsini davam etdirməyib. Bu müddət ərzində Sevinc oğurluqla məşğul olur. O, əsasən nəqliyyat vasitələrində cibgirlik edirmiş. Narkotiksiz dayana bilməməsi onu bu işə daha çox sövq edirmiş: “Əlsində "işə" gedərkən qrup şəkilində gedirdik. Belə daha uğurlu alınırdı. Məsələn, marşruta daxil olurduq. Əvvəlcədən qruplara bölünürdük. Bu zaman hərəmizin bir missiyası olurdu. Qrupda hərənin öz adı var idi. Məsələn, “Qabağa düşən”, “Yan verən”, “Hay-küy salan” adlanırdı. Biz “işə” gedərkən ən gözəl paltarımızı geyinir, bəzənirdik. O zaman heç kim bizim oğru olduğumuzu düşünməzdi”.

 

Sonuncu oğurluğu

 

Beləcə Sevinc oğurluq əməllərinə davam edir. 2008-ci ildə oğurluğunun üstü açılır, həbs olunur. Üç il müddətində azadlıqdan məhrum edilir. Azadlığa çıxdıqdan sonra bir kişi ilə tanış olur. Onunla qeyri-rəsmi nikahda yaşayır. Sonuncu dəfə isə 2012-ci ildə həbs olunub. Bu dəfə marşrut avtobusunda əyləşən xanımın pul qabını götürərək aradan çıxmaq istəyib. Lakin xanım bundan duyuq düşərək, polis çağırıb: “Birlikdə yaşadığım şəxslə marşrut avtobusunda oturmuşduq. Avtobusdakı qadın mənim diqqətimi çəkdi. Mən sakitcə onun pul qabını götürüb, dərhal marşrutdan düşdüm. Arxamca yoldaşım düşdü. Ancaq bir az getmişdim ki, gəlin məni tutdu. Deyəsən tez bilib, avtobusu saxlatdırıb. Mən pul qabının içinə baxdım. İki dənə 10, bir dənə 5 manat var idi. Qadın məni tutanda pul qabı ilə birlikdə qaytardım. Dedim ki, al apar pulunu. Ancaq o əl çəkmədi. Qışqırıb camaatı ora tökdü. Polis gəldi və bizi bölməyə apardı. Hər ikimiz həbs olunduq. Yoldaşıma 6, mənə 5 il iş verdilər.

 

“Məhkəmədə yoldaşıma dedim ata olacaqsan”

 

Sevinc bətnində körpə daşıdığını məhkəmə istintaqı zamanı bilib: "Hamilə olduğumu bilmirdim. İstintaq prosesi zamanı öyrəndim. Həkim dedi ki, hamiləsən. Dedim ola bilməz, axı mən illərdir narkotik istifadəçisi olmuşam. Yoldaşıma ata olacağını məhkəmə zamanı dedim. O da dedi ki, oğlan olsa adını Əli qoyarsan. İstintaq təcridxanasında uşağı dünyaya gətirməyimi istəyib-istəməməyimi soruşdular. Dedim istəyirəm. Nə yaxşı ki, istəmişəm. İndi elə bilirəm ki, bu uşaqla yaşayıram. Gecə yatanda ancaq onu fikirləşirəm".

 

“Əlinin sonrakı taleyindən narahatam”

 

Sevinc deyir ki, atası onun tutulmağından xəbərsizdir: “Atam elə bilir ki, Ukraynada bibimin yanındayam. Anam yanıma gəlir. Bacım isə ailəli olduğu üçün çox gələ bilmir. Həyat yoldaşından qorxur. İndi Əlinin taleyindən başqa məni heç kim və heç nə maraqlandırmır. Tək olsam bəlkə də mənə belə təsir etməz. Məni narahat edən tək səbəb onun gələcəyidir".

 

“Bilmirəm uşağın üzünə necə baxacağam”

 

Qanuna görə, uşağın 3 yaşı tamam olduqdan sonra o, anadan alınaraq ya uşaq evinə, ya da qohumların himayəsinə verilməlidir. İndi Sevinci də narahat edən elə budur: “O biri uşağı mən saxlamamışam. Amma bunu heç vaxt verə bilmərəm. Onsuz dözə bilmərəm. Elə bilirəm birinci körpəmdir. Uşaq evinə verməyə bacarmaram. Ailəmizə də apara bilmərəm. Çünki onlar deyəcəklər ki, sənin həyat yoldaşın üç ildir tutulub. Bu uşaq hardandır? Uşaq böyüyəndən sonra ona nə cavab verəcəyimi də bilmirəm. Çox istəyərdim k, bilməsin həbsxanada olduğumu. Amma yəqin ki, biləcək. Bilmirəm onun üzünə necə baxacağam. Uşağa görə çox peşmanam". Sevinc həbsxanada olmasına görə özünə bu cür təsəlli verir: “Əslində elə düşünürəm ki, bu uşaq məni qorudu. Yoxsa mən yenə də narkotiklə məşğul olacaqdım, bu işlərə davam edəcəkdim. Törətdiyim əməllərin tam ciddiliyinə varmırdım. Amma bu uşaq doğulduqdan sonra başa düşdüm.

 

Xəyalın anası Aynurə. 1977-ci ildə Naxçıvan şəhərində anadan olub. Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə 6 il müddətində azadlıqdan məhrum edilib.

 

Aynurə kifayət qədər səmimi və səlis danışan xanımdır. Özünün dediyinə görə, ziyalı ailəsində anadan olub. Deyir ki, gənclik illərindən müxtəlif qəzet və jurnallarda şeirləri çap olunurmuş. Jurnalistika fakültəsini bitirib. Lakin 1994-cü ildə ailə qurmağı ilə əlaqədar olaraq təhsilini yarımçıq saxlayıb. Ailəlidir. Balaca Xəyaldan başqa bir oğlu və bir qızı var. Oğlunun 16, qızının isə 13 yaşı var.

 

Aynurə qızıl satışı ilə məşğul olurmuş. Özünün dediyinə görə, xoşbəxt ailəsi var. Həyat yoldaşı Rusiyada alver edir. Mütəmadi olaraq ailəsinin yanına gəlir. Qızıl dükanlarının birində satıcı işləyən Aynurənin həyatı 36 yaşlı bacısının xərçəng adlı bəlaya mübtəla olmasyıla dəyişir. Bacının müalicəsi üçün külli miqdarda vəsaitə ehtiyacın olması Aynurəni borca salır. Deyir ki, məcburiyyət qarşısında qaldığından topdansatış mağazalarından bahalı qızıllar götürür: "Bilirdim ki, qaytara bilməyəcəyəm pulu. Yəni, təhlükəli olduğunu görürdüm. Amma başqa yol yox idi. Qızılların satışından əldə etdiyim gəliri bacımın müalicəsinə xərcləyirdim. Getdikcə borclarım daha da yığıldı və mən pulu qaytara bilmədiyim üçün polisə şikayət etdilər. Həbs olundum. Bacım isə vəfat etdi...” (Ağlayır)

 

Xəyal isə gözlərini anasından çəkmədən ona baxır. Anası həbs olunan zaman o, bətndə 7 aylıq olub: " Oğlum burda doğuldu. Adını özüm qoydum. Həbsxanada ana olmaq çox ağırdır. Məhbus qadın olmaq nə qədər ağırdırsa, məhbus ananın yaşadığı hissləri isə  sözlə ifadə etmək mümkün deyil. Bəlkə də qadın kimi dözmək olur. Amma məhbus ana kimi dözmək olmur. Hər dəfə uşağın üzünə baxanda xəcalət çəkirəm. Xəyalı dünyaya gətirdiyim günü yaşadığım hissi unuda bilmirəm. Oğlumdan çox utanıram".

 

Aynurə xanım deyir ki, bununla belə o, özünü xoşbəxt sayır. Çünki həyat yoldaşı uşaqlarına diqqət göstərir, tez-tez ona baş çəkir və təsəlli verir. Elə Xəyalın 3 yaşından sonra onu həyat yoldaşına verəcəyini deyir: "Uşaqlarım ağıllıdır. Bir-birinin qayğısına qalırlar. Elə keçən həftə yanıma gəlmişdilər...”

 

HAŞİYƏ: Yazını hazırlayarkən eşitdim ki, artıq Xəyalın atası həyatda yoxdur. O, bir neçə gün əvvəl qəfil ürək tutmasından vəfat edib. Xəbəri eşidən kimi məni üzən məqam  Xəyalın bundan sonrakı taleyinin necə olması idi. Taleyinə həbsxanada doğulmaq yazılan bu məsum uşaq bir də atasız böyüyəcək...

 

Danışacağım üçüncü məhkum isə Fatimənin anası Lalədir. O, 7 il müddətində azadlıqdan məhrum edilib.

 

Lalə jurnalist olub. Amma harada və nə zaman işlədiyini söyləmədi. Əslində müsahibəyə çətinliklə razılıq verdi. Yalnız qısa, lakonik açıqlamaları ilə kifayətləndi. Lalənin məhkum həyatı yaşamağına səbəb isə ötən il idarə etdiyi ilə maşını ilə insan ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətməsidir. O, yolu keçən 65 yaşlı nənə və 2 yaşlı nəvəni maşınla vurub. Yaralıları dərhal xəstəxanaya çatdırsa da, onların həyatını xilas etmək mümkün deyil. Maraqlı məqam odur ki, zərərçəkən tərəf Lalədən heç bir şikayət etməyib.

 

Lalə özü etiraf etməsə də, məhkum yoldaşları onun əvvəllər etdiyi bir etirafı söylədilər. Onların söylədiklərinə görə, Lalə  qəzanı törədən vaxtı hamilə olmayıb. Sonradan polisə çağırılan zaman qərara gəlib ki, uşaq dünyaya gətirsin. Düşünüb ki, uşaq doğularsa, onun cəzası daha yüngül olacaq: "O, həmişə deyir ki, öz həyatım üçün körpənin taleyi ilə oynadım. Buna görə də Allah məni cəzalandırdı".

 

Qeyd edək ki, indiyədək həbsxanada dünyaya uşaq gətirən xeyli sayda məhbus olub. Onların bir qisminin uşaqları qohumların, digər qismi isə uşaq evlərinə verilib.

 

Uşaqların nahar vaxtıdır. Məhbus xanımlar onsuz da bayaqdan sakitləşmək bilməyən körpələrini götürüb, otağı tərk etdilər.

 

Ən müxtəlif cinayət əməllərinə görə həbsxanaya salınan 343 məhkum qadının taleyindən daha ağır olan məsum, həyatdan bixəbər, etmədiyi əməlin cəzasını çəkən körpələrin taleyidir...

# 2907

Oxşar yazılar