Xərçəng xəstələrinin müalicə qiymətləri "əl yandırır"  - İcbari tibbi sığortaya ümid var?
03 fevral 2026 14:01 (UTC +04:00)

Xərçəng xəstələrinin müalicə qiymətləri "əl yandırır" - İcbari tibbi sığortaya ümid var?

0

Azərbaycanda bir sıra xəstəliklərin müayinəsi və müalicəsi dövlət hesabına qarşılanır. Həm şəkərli-diabet, həm də hemofiliya kimi xəstəliklər də bu qəbildən hesab olunur. Lakin ölkədə cavandan, yaşlıya bir çoxlarının yoluxduğu onkoloji xəstəliklər bu siyahıya daxil deyil. İstər ilkin mərhələdə müayinələr, testlər, analizlər, istərsə də kimyaterapiyalar, dərmanlar kifayət qədər yüksək vəsait tələb edir.

Bəs görəsən, gələcəkdə Azərbaycanda onkoloji xəstəliklərin icbari tibbi sğorta hesabına ödənilməsi nəzərdə tutulurmu?

Tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Müseyibov Lent.az-a açıqlamasında bildirib ki, 2027-ci ildən etibarən uşaqlardakı onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi nəzərdə tutulub:

"Onkoloji xəstəliklər bütün dünyada sürətlə həm artır, həm də cavanlaşır. Alimlərin apardığı son araşdırmalara əsasən, onkoloji xəstəliyi yaradan səbəblərin 50%-i qidalanma ilə bağlıdır. Daha sonra tütündən, alkoqoldan geniş istifadə, hərəkətsizliyin, artıq çəkinin, hormonal disbalansın, stress və travmanın olması xərçəng xəstəliyinə gətirib çıxarır.

Son illərdə gənclər həm enerji içkilərindən həm də fəst-fudlardan, emal olunmuş qidalardan daha çox istifadə edirlər. Bu isə onkoloji xəstəliklərin sürətlə artmasına gətirib, çıxaran faktorlardan biridir. Qadınlar arasında ilk sırada süd vəzi, kişilərdə isə prostat vəzi və ağciyər xərçəngi durur. Lakin son illərdə qadınların elektron siqaretlərdən, tütün məmulatlarından istifadə etməsi onlarda da ağciyər xərçənginin geniş yayılmasına səbəb oldu.

Azərbaycanda bir sıra xəstəliklərin müayinə və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır. 3-4 ildir bu sistemə keçdiyimiz üçün bir sıra çatışmazlıqların olması təbiidir. Əvvəllər ümumiyyətlə insturmental müayinələr, KT, MRT, endoskopik müayinələr sığortaya daxil deyildi, lakin onlar onkoloji xəstəliklərin ilkin mərhələdə aşkarlanmasında müsbət rol oynayır. Müsbət tərəfi odur ki, indi icbari tibbi sığortadan istifadə edərək həmin müayinələrdən keçərək, xərçəngi aşkarlamaq mümkündür.

Onkoloji xəstəliklər digərlərindən bir qədər fərqlidir. Dövlət həmin büdcəni qarşılamaqda bir az çətinlik çəkir. Burada həm xəstə sayı çoxdur, həm də təkcə əməliyyat etməklə iş bitmir. Əməliyyatdan sonra  xəstələrə həm kimyəvi dərman, həm şüa müalicəsi, həm də "akıllı ilaç" adlanan pereparatlar verilir. Bəzən xəstələrə qulluq etməsi üçün əlavə şəxslərə ehtiyac duyulur. Təbii ki, bu həm uzun prosedurdur, həm də maddi cəhətdən çətin prosesdir.

2027-ci ildən etibarən ilkin olaraq uşaqlar arasında yayılmış onkoloji xəstəliklərin icbari tibbi sığortaya daxil edilməsi nəzərdə tutulub və prioritet məsələyə çevrilib. Sözsüz ki, bu prosedurlar mərhələ-mərhələ keçirilir. Birdən-birə bütün onkoloji xəstəliklərin sığorta hesabına qarşılanması müəyyən çətinliklər törədə bilir.

Onkoloji xəstəliklərin müalicəsində istifadə olunan dərmanlar çox yüksək qiymətə təklif olunur. Hətta "akıllı ilaç" dediyimiz pereparatlar kimyəvi dərmanlardan da bahalıdır. Xəstələrin onları qarşılaya bilməsi də çətin məsələdir. Ümid edirik ki, gələcək zamanlarda ölkəmizdə də bu xəstəliyin müalicəsi sığorta ilə qarşılanacaq".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 750

Oxşar yazılar