Hətta bir gecə yuxusuz qalmaq beyinə və immun sisteminə mənfi təsir göstərə bilər, bunu tədqiqatçılar vurğulayırlar.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, ABŞ-ın Oreqon ştatının Səhiyyə və Elm Universiteti (OHSU) alimlərinin apardığı yeni araşdırma göstərib ki, kifayət qədər yuxu almamaq düzgün qidalanmamaqdan və ya fiziki passivlikdən daha çox ömrün qısalmasına səbəb ola bilər.
Araşdırmaya görə, sutkada yeddi saatdan az yatmaq yuxu çatışmazlığı hesab olunur. Fiziki aktivlik, təhsil səviyyəsi və məşğulluq kimi amillər nəzərə alınsa belə, yuxusuzluq ömrün qısalmasının güclü göstəricisi olaraq qalır. Risk baxımından yalnız siqaret çəkmə daha güclü amil kimi önə çıxıb.
“Yuxu çatışmazlığının ömrün uzunluğu ilə bu qədər güclü əlaqədə olacağını gözləmirdim”, - OHSU-nun yuxu fiziologiyası üzrə mütəxəssisi Endryu Makxill bildirib.
Yuxusuzluğun orqanizmə təsiri
Alimlərin izahına görə, hətta bir gecə yuxusuz qalmaq beynin neyron şəbəkələrinin və immun sisteminin fəaliyyətinə təsir göstərə bilər. Uzunmüddətli yuxu problemləri piylənmə, diabet və ürək-damar xəstəlikləri riskini artırır ki, bu da nəticə etibarilə ömrün qısalmasına gətirib çıxarır. Düzgün qidalanma və fiziki aktivlik mühüm olsa da, onların ömrün uzunluğuna təsiri tam dəyərli yuxu qədər birbaşa deyil.
Araşdırma həmçinin göstərib ki, sosial əlaqələr və müntəzəm fiziki məşqlər uzunömürlülüyə töhfə verir, lakin yuxu çatışmazlığı bu müsbət təsirləri neytrallaşdıra bilir. Mütəxəssislər yuxu rejiminə əməl etməyi, yatmazdan əvvəl sosial şəbəkələrə və xəbərlərə baxmaq vərdişindən uzaq durmağı, həmçinin yoqa və tay-çi kimi rahatladıcı fəaliyyətlərə vaxt ayırmağı tövsiyə edirlər. ABŞ Yuxu Təbabəti Akademiyası sutkada ən azı yeddi saat yatmağı, zərurət olduqda isə həftə sonları yuxu çatışmazlığını qismən kompensasiya etməyi məsləhət görür.