Zaqatala sakinləri sel səbəbindən  içməli susuz qaldı
10 iyul 2026 01:03 (UTC +04:00)

Zaqatala sakinləri sel səbəbindən içməli susuz qaldı

0

Zaqatalada sel səbəbindən 50 mindən çox sakin içməli su problemi ilə üzləşib.

Lent.az APA-ya istinadən xəbər verir ki, ölkənin şimal-qərb bölgəsini əhatə edən Balakən və Zaqatala rayonları ərazisinə iyulun 7-si axşam saatlarından başlayaraq iyulun 8-i günorta saatlarına qədər intensiv leysan yağışları yağıb.

Güclü yağışlar səbəbindən başlanğıcını Böyük Qafqaz sıra dağlarının cənub ətəklərindən götürən və sözügedən rayonların ərazisindən keçən Muxax, Tala, Bəkməz, Zilban, Katex və Balakən çaylarında suyun səviyyəsi kəskin artıb, qısamüddətli sel keçib.

Balakən və Zaqatala rayonlarında ondan çox kəndin ərazisini sel suları basıb. Sakinlərin həyətyanı sahələri, fərdi yaşayış evlərinin birinci mərtəbələri və zirzəmiləri sel suları ilə dolub, taxıl, qarğıdalı, bostan-tərəvəz sahələri və fındıq bağları su altında qalıb. Əhalinin yüzlərlə ev quşu və onlarla xırdabuynuzlu heyvanı tələf olub.

Zaqatala ərazisindən keçən Tala çayında suyun səviyyəsinin kəskin artması və çayın məcrasından çıxması nəticəsində əhalisi 32 mindən çox olan Zaqatala şəhəri, eləcə də rayonun iki böyük yaşayış məntəqəsi — 17 mindən çox sakini olan Yuxarı Tala və Aşağı Tala kəndləri içməli su problemi ilə üzləşib.

Artıq üçüncü gündür ki, ümumilikdə 50 mindən çox sakin içməli su çatışmazlığı yaşayır. Sakinlər içməli suya olan tələbatını kənardan gətirilən su və əraziyə cəlb olunan su daşıyan maşınlar vasitəsilə təmin edirlər.

Zaqatala şəhəri, Yuxarı Tala və Aşağı Tala sakinlərinin APA-nın yerli bürosuna verdiyi məlumata görə, bu yaşayış məntəqələrinin içməli su ilə təminatı üçün başlanğıcını Böyük Qafqaz sıra dağlarının cənub ətəklərindən götürən Tala çayının rayonun Yuxarı Tala kəndi ərazisində, Mişleş adlanan sahədən keçən hissəsində çay yatağında quraşdırılmış filtrlərdən süzülən sudan istifadə olunur.

Yaz, yay və payız aylarında dağlara yağan intensiv yağışlar səbəbindən çaydan keçən su həddindən artıq bulanır və filtrlər suyu süzməkdə çətinlik çəkir. Son leysan yağışları nəticəsində isə Tala çayından keçən sel rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xəttini sıradan çıxarıb. Su xəttinin 400 metrdən çox hissəsi yararsız hala düşüb.

Rayonun Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti yerli bələdiyyələrin balansındadır.

Yuxarı Tala kənd bələdiyyəsinin sədri Eldar Qanzayevin APA-nın yerli bürosuna verdiyi məlumata əsasən, su xəttinin neçə metrlik hissəsinin yararsız hala düşdüyünü dəqiq müəyyən etmək üçün çayda suyun səviyyəsinin aşağı düşməsini gözləmək lazımdır. Çayda suyun səviyyəsi azaldıqdan sonra dəymiş ziyanın miqyası dəqiqləşdiriləcək.

Qeyd edək ki, Yuxarı Tala və Aşağı Tala kəndlərini içməli su ilə təmin edən su xətti ötən əsrin 70-ci illərinin sonunda istifadəyə verilib. Su xətti 90-cı illərin sonlarından sonra Tala çayında baş verən sellər səbəbindən bir neçə dəfə qəzalı vəziyyətə düşüb və rayonun daxili imkanları hesabına təmir edilib.

Su xəttinin yararsız vəziyyətdə olan 1200 metrlik hissəsi sonuncu dəfə 2023-cü ilin mart ayında daxili imkanlar hesabına bərpa olunub. Hazırda su xətti istismar müddətini başa vurub və yenidən qurulmasına ehtiyac var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar