“Microsoft”un həmtəsisçisi Bill Qeyts süni intellektin yaratdığı risklərlə bağlı xəbərdarlıq edib.
Lent.az xəbər verir ki, Qeytsin dediyinə görə, lazımi tədbirlər görülməsə, süni intellektin bioloji, kibertəhlükəsizlik və psixososial riskləri onun faydalarından daha sürətlə ortaya çıxa bilər. Onun sözlərinə görə, qarşıdakı 5 il bu baxımdan kritik olacaq.
O qeyd edib ki, gələcəkdə süni intellekt insan zəkasını ötə bilər və insanlar onun üzərində nəzarəti itirə bilər. Qeyts həmçinin mövcud sistemlərin bədniyyətli şəxslər tərəfindən bioloji və kiberhücumlar üçün istifadə olunmasının mümkünlüyünü vurğulayıb.
Qeyts süni intellektə nəzarət üçün təcili mexanizm yaradılmasının vacib olduğunu bildirərək, “Sektoru özünü tənzimləməyə etibar edə bilməzsiniz” deyib. O bildirib ki, əgər süni intellekt üzərində nəzarəti itirsək, ev heyvanları kimi olacağıq.
Bununla yanaşı, o, süni intellektin iş yerlərinin yaradılmasına və xüsusilə aztəminatlı ölkələrdə insanların problemlərinin həllinə kömək edə biləcəyini qeyd edib.