Ekspertlər qaynar suyun boruların materialına necə təsir etdiyini və kanalizasiya sistemini təmizləmək üçün ondan tez-tez istifadə etməyin təhlükəsiz olub-olmadığını açıqlayıblar.
Lent.az xarici mediaya istinadəm xəbər verir ki, qaynar suyun kanalizasiya borularına tökülməsinin təhlükəsizliyi onların hazırlandığı materialdan və kanalizasiya sisteminin vəziyyətindən asılıdır. Bundan başqa, qaynar sudan nə qədər tez-tez istifadə edilməsi və borulardakı tıxanmaları aradan qaldırmaq üçün hansı vasitələrin tətbiq olunması da mühüm əhəmiyyət daşıyır.
Boruların materialı əsas rol oynayır. Məsələn, mis və poladdan hazırlanan metal borular adətən yüksək temperatura daha davamlı olur. İsti su isə boruların daxilində toplanan yağ qalıqlarını qismən təmizləyə bilər. Plastik borular isə qaynar suyun uzunmüddətli təsirinə daha həssasdır. Zaman keçdikcə yüksək temperatur boruların bəzi hissələrinin deformasiyasına, birləşmələrin zəifləməsinə və sızdırmazlığı təmin edən rezin hissələrin zədələnməsinə səbəb ola bilər. Bu isə su sızması riskini artırır. Əgər kanalizasiya borularının hansı materialdan hazırlandığı məlum deyilsə, yenicə qaynamış suyu birbaşa borulara tökmək məsləhət görülmür.
İsti su kiçik yağ yığıntılarını yumşalda bilər. Lakin qida qalıqları, qəhvə çöküntüsü və digər bərk hissəciklərdən yaranan tıxanmaları aradan qaldırmaq gücündə deyil. Bundan əlavə, isti suyun təsiri ilə əriyən yağ boruların daha dərin hissələrinə keçə, orada soyuyaraq yenidən bərkiyə bilər. Nəticədə daha çətin təmizlənən tıxanma yarana bilər.
Su çətin axırsa, nə etmək lazımdır?
Əgər su çanaqdan yavaş axırsa və ya orada toplanıb qalırsa, kanalizasiyaya qaynar su tökmək tövsiyə edilmir. Belə hallarda vantuzdan və ya xüsusi santexnika trosundan istifadə etmək daha məqsədəuyğundur. Tıxanmalar mütəmadi təkrarlanırsa, mütəxəssisə müraciət edilməlidir. Bəzi insanlar qaynar suyu kanalizasiyaya tökərkən eyni zamanda soyuq suyu da açmağı məsləhət görürlər. Lakin ekspertlərin sözlərinə görə, bu üsul boruların tam qorunmasına zəmanət vermir. Suyun yekun temperaturu onun həcmindən və axının gücündən asılıdır.
Temperaturun qəfil dəyişməsi isə borulara və onların birləşmə yerlərinə əlavə yük yarada bilər. Əgər kanalizasiya sistemi plastikdirsə və ya boruların materialı məlum deyilsə, suyun bir qədər soyumasını gözləmək daha təhlükəsizdir. Tıxanmaların qarşısını almaq üçün adətən krandan axan adi isti su kifayət edir.
Qaynar sudan nə qədər tez-tez istifadə etmək olar?
Boruların yuyulma tezliyi kanalizasiya sisteminin vəziyyətindən və materialından asılıdır. Təzə yağ qalıqlarını təmizləmək üçün vaxtaşırı isti sudan istifadə etmək kifayətdir. Hər gün qaynar su tökməyə ehtiyac yoxdur. Xüsusilə plastik borulara mütəmadi olaraq yenicə qaynamış su tökmək arzuolunmazdır. Boruların materialı məlum deyilsə, krandan gələn isti sudan istifadə etmək, tıxanmaları isə mexaniki üsullarla aradan qaldırmaq daha təhlükəsiz hesab olunur.
Qaynar su insan sağlamlığı üçün də təhlükəlidir
Ekspertlər bildirirlər ki, qaynar su yalnız borular üçün deyil, insanlar üçün də təhlükə yarada bilər. Qaynar suyu qazandan çanağa tökərkən sıçramalar baş verə və ciddi yanıqlar yarana bilər. Xüsusilə ağır qazanları çanağın üzərində saxlamaq çətin olduğundan ehtiyatlı davranmaq lazımdır.
Boruların tıxanmasının qarşısını necə almaq olar?
Kanalizasiya sisteminin uzunömürlü olması üçün mütəxəssislər yağ, duru yağ, qəhvə çöküntüsü və qida qalıqlarını çanağa tökməməyi tövsiyə edirlər. Çanağın su axan hissəsində xüsusi süzgəcdən istifadə etmək, profilaktik məqsədlə isə boruları vaxtaşırı krandan gələn isti su ilə yumaq məsləhətdir. Qaynar suyu boru təmizləmək üçün nəzərdə tutulmuş kimyəvi vasitələrlə qarışdırmaq olmaz.
Bu, təhlükəli reaksiyalara və kimyəvi maddələrin sıçramasına səbəb ola bilər. Tıxanma yaranarsa, əvvəlcə görünən tullantılar təmizlənməli, daha sonra vantuzdan istifadə edilməlidir. Qida sodası və sirkə yüngül çirklənmələr zamanı müəyyən qədər kömək edə bilər. Lakin ciddi tıxanmalar zamanı mexaniki təmizləmə üsulları və ya peşəkar santexnikin köməyi daha effektivdir.