ChatGPT  istifadəçilərinə yeni dələduzluq sxemi ilə bağlı XƏBƏRDARLIQ
12 iyun 2026 12:22 (UTC +04:00)

ChatGPT istifadəçilərinə yeni dələduzluq sxemi ilə bağlı XƏBƏRDARLIQ

0

Kibertəhlükəsizlik mütəxəssisləri internet fırıldaqçılarının süni intellekt xidmətlərindən istifadə edərək saxta onlayn mağazaları tanıtmaq üçün yeni üsula əl atdıqlarını açıqlayıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, "Ask Silver" şirkətinin apardığı araşdırma bəzi süni intellekt platformalarının istifadəçilərə rəsmi ticarət saytları əvəzinə tanınmış brendlərin saxta nüsxələrini tövsiyə edə bildiyini ortaya çıxarıb. Mütəxəssislərin sözlərinə görə, bu saxta saytlar görünüş baxımından orijinal mağazalardan demək olar ki, seçilmir və alıcıların pul və ödəniş məlumatlarını ələ keçirmək məqsədi daşıyır. Araşdırma zamanı məlum olub ki, dələduzlar öz saytlarının süni intellektin cavablarında daha tez-tez görünməsi üçün müxtəlif manipulyasiya üsullarından istifadə edirlər. Nəticədə istifadəçilər saxta saytlara yönləndirilərək onları rəsmi mənbə hesab edə bilirlər. Tədqiqat çərçivəsində Böyük Britaniyada fəaliyyət göstərən bir sıra məşhur brendlərin saxta versiyaları aşkarlanıb. Fırıldaqçılar alıcıları cəlb etmək üçün orijinal saytlara bənzər dizayndan, oxşar domen adlarından və məhsullara tətbiq olunan böyük endirimlərdən istifadə ediblər. Mütəxəssislər onlayn alış-veriş zamanı sayt ünvanlarını diqqətlə yoxlamağı, həddindən artıq ucuz təkliflərə qarşı ehtiyatlı olmağı və qeyri-adi ödəniş üsulları tələb edən resurslardan uzaq durmağı tövsiyə edirlər. Brendləri saxtalaşdırılan şirkətlərin nümayəndələri bildiriblər ki, belə platformaların bloklanması istiqamətində iş aparılır. Öz növbəsində, ChatGPT-nin tərtibatçıları aşkarlanan saxta resursların artıq xidmətin axtarış nəticələrindən çıxarıldığını və istifadəçilərin xüsusi geribildirim vasitələri ilə bu cür halları bildirə biləcəyini açıqlayıblar. Ekspertlər vurğulayırlar ki, süni intellektin təqdim etdiyi tövsiyələri saytın etibarlılığına zəmanət kimi qəbul etmək olmaz. Hər hansı alış-veriş etməzdən əvvəl internet mağazasının həqiqiliyini müstəqil şəkildə yoxlamaq vacibdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 324

Oxşar yazılar