Bu unikal ikiqat füzelyaj təyyarəsi raket buraxılışları üçün nəzərdə tutulub və hazırda hipersəs sınaqları üçün istifadə olunur.
Stratolaunch ROC, indiyə qədər səmaya qalxan bütün təyyarələr arasında ən böyük qanad genişliyi rekorduna sahib olan unikal ikiqat füzelyaj təyyarəsidir.
Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, qanadlarının uzunluğu 117 metrə çatır ki, bu da təyyarəni təxminən 90 metr uzunluğunda olan standart futbol meydançasından xeyli geniş edir.
Fil daşıya bilən mifoloji nəhəng quşun şərəfinə ROC ləqəbi ilə tanınan və Stratolaunch Model 351 kimi də tanınan təyyarə əsl mühəndislik sıçrayışıdır. Əvvəlcə havadan kosmosa raketlərin atılması (Air Launch to Orbit) üçün hazırlanıb, lakin “Microsoft”un həmtəsisçisi Pol Allenin ölümündən sonra layihə yenidən havadan hipersəsli nəqliyyat vasitələrinin sınaqdan keçirilməsinə yönəldilib.
Stratolaunch ROC bir-birinə bağlı iki təyyarəyə bənzəyir. Hər bir gövdə 73 metr uzunluğundadır. Təyyarə 28 şassi təkərinə söykənir: hər gövdədə 12 əsas şassi təkəri və iki burun təkəri. Ümumi qanad açılması 117 metr olan bu təyyarənin ümumi sahəsi 91 metrlik Amerikadakı futbol meydançasından daha genişdir.
Pilot, ikinci pilot və uçuş mühəndisi üçün kabina sağ gövdədə, sol gövdə isə tamamilə pilotsuzdur və əsas uçuş idarəetmə sistemlərini özündə birləşdirir. Təyyarə hər biri 252 kN-dən çox dartma gücü istehsal edən altı Pratt & Whitney PW4056 turbofan mühərriki ilə təchiz olunub.
Stratolaunch ROC təyyarəsinin uçuşu üçün təxminən 3,7 kilometr uzunluğunda uçuş-enmə zolağı tələb olunur. O, 250 tona qədər faydalı yük daşıya bilir ki, bu da təyyarənin 227 tonluq bort çəkisindən təxminən 10 faiz çoxdur.
Layihə 2011-ci ildə təqdim edilib və Stratolaunch ROC ilk uçuşunu 2019-cu ildə həyata keçirib. O vaxtdan bəri təyyarə 24 uçuş həyata keçirərək qanad genişliyinə görə dünyanın ən böyük təyyarəsi statusunu təsdiqləyib.