İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ:  Azərbaycanda bu sahələr iflic olacaq
17 sentyabr 2025 17:15 (UTC +04:00)

İnternetlə bağlı HƏYƏCAN TƏBİLİ: Azərbaycanda bu sahələr iflic olacaq

0

“Microsoft”un Qırmızı dənizdə bir çox beynəlxalq sualtı kabellərin kəsilməsi ilə bağlı açıqlaması böyük səs-küyə səbəb olmuşdu.

Bəs görəsən, bu kəsintinin Azərbaycana təsiri varmı? Ölkədə internet şəbəkəsində problem yaranarsa, hansı sahələr iflic vəziyyətə düşər?

“Delta Telekom”da Kibertəhlükəsizlik üzrə mühəndis Mürsəl Əliyev Lent.az-a bildirib ki, Qırmızı dənizdə baş verən hər hansı kabel qırılması əsasən Avropa–Asiya istiqamətindəki rabitə kanallarına təsir göstərir:

Mürsəl Əliyev

“Qırmızı dəniz regionu beynəlxalq internet trafikinin mühüm tranzit marşrutlarından biridir. Orada baş verən hər hansı kabel qırılması əsasən Avropa–Asiya istiqamətindəki rabitə kanallarına təsir göstərir. Azərbaycan isə interneti müxtəlif istiqamətlərdən əldə etdiyi üçün bu cür hadisələr ölkəmizə dolayı yolla təsir göstərə bilər. Lakin tam kəsinti riski aşağıdır, çünki operatorlar trafiklərini alternativ marşrutlara yönləndirirlər. Hazırda backbone səviyyəsində fəaliyyət göstərən operatorlar, məsələn, Delta Telecom bir neçə istiqamət üzrə çoxsaylı beynəlxalq bağlantı və peering kanallarını saxlayaraq trafikin çevik yönləndirilməsinə şərait yaradır; bu, ümumi dayanıqlığı artırır, lakin sektorda şaxələndirmə səyləri davam etməlidir”.

Kibertəhlükəsizlik mühəndisi onu da qeyd edib ki, ölkədə internet kəsilməsi baş versəydi, ilk növbədə maliyyə sektoru, bank əməliyyatları, ödəniş sistemləri, e-ticarət, dövlət xidmətləri, həmçinin kritik infrastruktur (enerji, nəqliyyat və s.) ciddi təsirlənərdi. Bundan əlavə, informasiya mübadiləsi, media, biznes fəaliyyətləri və vətəndaşların gündəlik ünsiyyəti də iflic olar:

Bunun qarşısını almaq üçün əsas tədbirlər bunlardır:

Marşrutların şaxələndirilməsi: Backbone internet provayderləri eyni anda bir neçə beynəlxalq kabel xətti ilə qoşulmalı və trafik balanslaşdırma mexanizmlərindən istifadə etməlidirlər.

Regional əməkdaşlıq: qonşu ölkələrlə daha sıx tranzit razılaşmaları bağlanmalı, redundant (ehtiyat) kanallar yaradılmalıdır.

Daxili infrastrukturun gücləndirilməsi: ölkədaxili internet mübadiləsi (IXP) və milli data mərkəzləri inkişaf etdirilməlidir ki, lokal xidmətlər xarici şəbəkələrdən asılı olmasın.

Fövqəladə hallara hazırlıq: dövlət qurumları və telekommunikasiya şirkətləri üçün davamlılıq planları hazırlanmalı, ssenarilər üzrə testlər aparılmalıdır.

Transxəzər Fiber (Digital Silk Way): Xəzər dənizinin dibi ilə keçən Transxəzər/Trans-Caspian fiber istiqaməti Şərq–Qərb rəqəmsal dəhlizində şaxələndirməni artırır, tək marşrut risklərinin təsirini azaldır və beynəlxalq çıxışın dayanıqlığını gücləndirir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar