Bir çox iPhone istifadəçisi eyni problemlə üzləşir, smartfon səhər saatlarında 100% enerji ilə işə başlayır, lakin günortaya çatmamış batareya kritik səviyyəyə enir. Maraqlısı odur ki, bu problem təkcə köhnə modellərə aid deyil, nisbətən yeni iPhone sahibləri də oxşar şikayətlər edirlər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 2026-cı ildə aparılan iOS gündəlik ayarlarının auditi göstərib ki, sürətli enerji itkisi çox vaxt batareyanın köhnəlməsi ilə deyil, fonda səssiz şəkildə işləyən proseslərlə bağlıdır.
Araşdırma zamanı məlum olub ki, əsas enerji “yeyən” funksiyalardan biri tətbiqlərin fon yenilənməsidir. Ekran sönülü olsa belə, onlarla proqram arxa planda məlumatları sinxronlaşdırır, yeniləmələri yoxlayır və internetə qoşulur.
Mütəxəssislər bildirirlər ki, fon yenilənməsini yalnız Wi-Fi ilə məhdudlaşdırmaq və ya tamamilə söndürmək batareya sərfiyyatını nəzərəçarpacaq dərəcədə azaldır. Test ssenarisində iPhone 15 Pro adətən günortaya yaxın 38-42 faiz enerji ilə qalırdısa, bu ayardan sonra göstərici 55-60 faiz səviyyəsinə yüksəlib.
Batareyaya əlavə yük yaradan digər məqam isə məxfilik ayarlarıdır. İstifadəçilərin çoxunun fərqinə varmadığı analitika xidmətləri, sistem hesabatları və “əhəmiyyətli məkanların izlənməsi” funksiyası daim arxa planda işləyir, vaxtaşırı rabitə və geolokasiya modullarını aktivləşdirir. Bu funksiyaların söndürülməsi telefonun əsas işinə təsir göstərmir, lakin gün ərzində gizli enerji sərfiyyatını azaldır.
Ekspertlər Wi-Fi davranışına da diqqət çəkirlər. iPhone artıq bir şəbəkəyə qoşulu olsa belə, ətrafdakı digər Wi-Fi şəbəkələrini mütəmadi olaraq axtarır. Ayrı-ayrılıqda əhəmiyyətsiz görünsə də, bu proseslər ümumilikdə batareyanın daha tez boşalmasına səbəb olur. Şəbəkə axtarışını tam dayandırmaq üçün Parametrlər --- Wi-Fi bölməsində müvafiq keçiddən istifadə etmək tövsiyə olunur.
Apple isə batareyanın ömrünü uzatmaq üçün “Optimallaşdırılmış enerji yığımı” funksiyasından istifadə etməyi məsləhət görür. Bu funksiya istifadəçinin gündəlik şarj vərdişlərini öyrənir, gecə saatlarında enerjini 80 faiz səviyyəsində saxlayır və telefon istifadə olunmazdan əvvəl 100 faizə qədər doldurur.
Əgər “iPhone”niz günortaya qədər boşalırsa, mütəxəssislər fon yenilənməsini məhdudlaşdırmağı, məxfilik ayarlarını nəzərdən keçirməyi və Wi-Fi qoşulmalarını yoxlamağı tövsiyə edirlər. Sadə dəyişikliklərlə smartfonun bir gün ərzində xeyli daha uzun işləməsi mümkündür.