Süni intellekt nə edə bilməz?    - Astrofizikin cavabı
25 may 2026 12:33 (UTC +04:00)

Süni intellekt nə edə bilməz? - Astrofizikin cavabı

0

Son dövrlərdə süni intellektin insanların gördüyü işlərin böyük hissəsini əvəz edəcəyi ilə bağlı fikirlər tez-tez səsləndirilir. Lakin elmi dairələrdə bu iddialara skeptik yanaşanlar da az deyil. Alimlər hesab edir ki, süni intellekt nə qədər inkişaf etsə də, insan yaradıcılığını tam şəkildə təkrarlaya bilməz.

Lent.az xəbər verir ki, bu barədə "Forbes" jurnalı üçün yazdığı məqalədə Adam Frank bildirib.

Alim qeyd edib ki, süni intellektin imkanları onu dərin şəkildə təsirləndirsə də, bu texnologiya mahiyyət etibarilə sadəcə bir alətdir.

Onun fikrincə, süni intellektin daxilində insanı unikal edən xüsusiyyətləri yarada biləcək və ya dərk edəcək şəxsiyyət mövcud deyil.

Astrofizik buna nümunə olaraq Yaponiyanın №Atarashii Gakko" qrupunu göstərib. O bildirib ki, məktəb formasında çıxış edən dörd qızdan ibarət kollektiv pank-rok, hip-hop və caz kimi müxtəlif musiqi janrlarını müasir rəqs elementləri ilə birləşdirərək fərqli səhnə performansları təqdim edir.

Alimin sözlərinə görə, əsas məsələ məhz bu yaradıcı yanaşmadır və süni intellekt belə bir konsepsiyanı özbaşına ortaya qoya bilməz.

Adam Frank hesab edir ki, insan süni intellektdən məktəb formasında dörd qızın pank-rok mahnısını müasir xoreoqrafiya ilə ifa etdiyi video yarat kimi tapşırıq istəyə bilər. Lakin ideyanın özü yenə də insan tərəfindən düşünülməlidir.

“Bu qəribə ideyanı düşünən insan olur. Üstəlik, mən şübhə edirəm ki, süni intellekt bunun yarısı qədər təsiredici nəticə yarada bilər”, – alim bildirib.

Professor əlavə edib ki, süni intellekt insan imkanlarını genişləndirən və yeni üfüqlər açan texnologiyadır. Bununla belə, onun məhsuldarlıq adı altında həyatın hər sahəsinə sürətlə tətbiq olunması müəyyən narahatlıqlar da doğurur.

Alim yekunda vurğulayıb ki, insan yaradıcılığı sərhədləri aşan bir xüsusiyyətdir və süni intellekt bunu müstəqil şəkildə heç vaxt tam təkrarlaya bilməyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 220

Oxşar yazılar