Bu ölkənin mədəniyyət paytaxtı:  2026-cı ildə dünyanın ən yaxşı ziyarət şəhəri  seçildi
17 mart 2026 14:12 (UTC +04:00)

Bu ölkənin mədəniyyət paytaxtı: 2026-cı ildə dünyanın ən yaxşı ziyarət şəhəri seçildi

0

Beynəlxalq mədəniyyət və səyahət jurnalı olan "Time Out" 2026-cı ildə ziyarət üçün dünyanın ən yaxşı şəhərlərinin reytinqini açıqlayıb. Reytinqə ümumilikdə dünyanın müxtəlif ölkələrindən 50 şəhər daxil edilib.

Lent.az xəbər verir ki, nəşrin məlumatına görə, siyahıda birinci yeri Avstraliyanın Melburn şəhəri tutub. Bu şəhər həm də ölkənin mədəniyyət və idman paytaxtlarından biri hesab olunur.

Reytinq necə hazırlanıb?

Reytinqi müəyyən etmək üçün "Time Out" jurnalının komandası dünyanın 150 şəhərində yaşayan 24 mindən çox sakini arasında sorğu keçirib. Sorğu zamanı şəhərlərin gastronomiyası, gecə həyatı, mağazalar, muzeylər, parklar və yerli sakinlərin qonaqpərvərliyi kimi meyarlar nəzərə alınıb.

Bundan əlavə, şəhər sakinlərindən orada yaşamağın necə olduğu barədə də fikirlər soruşulub. Sorğuda insanların xoşbəxtlik səviyyəsi, həyat keyfiyyəti, əlçatanlıq və digər sosial göstəricilər də qiymətləndirilib.

Yekun reytinq hazırlanarkən bu nəticələr "Time Out" jurnalının 100-dən çox ekspertinin səsi ilə birləşdirilib. Daha sonra nəşrin müxtəlif şəhərlərdən olan müəllifləri həmin şəhərlərin niyə indi ziyarət üçün ideal olduğunu izah ediblər.

Melburn niyə birinci oldu

"Time Out" jurnalının Melburndan olan müəllifi Lia Qlinnin sözlərinə görə, şəhərdə müntəzəm olaraq böyük beynəlxalq idman tədbirləri keçirilir. Bunlara Australian Open tennis turniri, Formula-1 üzrə Avstraliya Qran-prisi və digər nüfuzlu yarışlar daxildir.

Melburn həm də zəngin kulinariya həyatı ilə turistləri cəlb edir. İnsanlar məşhur burger dadmaq üçün saatlarla növbədə dayanır və ya uzun illərdir fəaliyyət göstərən restoranlarda xüsusi günlərini qeyd edirlər.

Şəhərin müxtəlif küçə və rayonları da turistlər üçün maraqlı məkanlarla zəngindir. Burada müstəqil kinoteatrlar, damüstü barlar, vinil plastinka mağazaları və qeyri-adi sənət qalereyaları yerləşir. Bundan başqa, Melburnda tarixi memarlıq abidələri, rəngarəng qraffiti ilə bəzədilmiş dar küçələr, dünya səviyyəli bağlar və yerli icmalar üçün böyük mədəni və mənəvi əhəmiyyət daşıyan Yarra çayı mövcuddur.

Şəhərdə nəqliyyatın da xeyli yaxşılaşdığı qeyd olunur. Yeni metro tunelinin istifadəyə verilməsi ictimai nəqliyyat şəbəkəsini xeyli dəyişdirib və şəhər daxilində hərəkəti daha rahat edib.

Sorğu nəticələrinə görə, Melburn bütün göstəricilər üzrə yüksək nəticə göstərib. Yerli sakinlərin 94 faizi şəhərin gastronomiyasını yüksək qiymətləndirib, 92 faizi onun incəsənət və mədəniyyət həyatını bəyəndiyini bildirib, 77 faizi isə gecə həyatını tövsiyə edib.

2026-cı ildə ziyarət üçün dünyanın ən yaxşı 10 şəhəri

1. Melburn, Avstraliya

2. Şanxay, Çin

3. Edinburq, Şotlandiya

4. London, Böyük Britaniya

5. Nyu-York, ABŞ

6. Keyptaun, Cənubi Afrika Respublikası

7. Mexiko, Meksika

8. Banqkok, Tailand

9. Seul, Cənubi Koreya

10. Tokio, Yaponiya

Reytinqdə sonuncu yeri isə Kolumbiyanın paytaxtı Boqota tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 38

Oxşar yazılar