Misirə getməyə hazırlaşan  qadın turistlərə MƏSLƏHƏT
22 oktyabr 2025 17:33 (UTC +04:00)

Misirə getməyə hazırlaşan qadın turistlərə MƏSLƏHƏT

0

Misir qədim tarixi abidələri, Nil çayının sahilindəki məbədləri və Qırmızı dənizin rəngarəng sualtı aləmi ilə turistlərin sevimli istiqamətlərindən biridir. Lakin səyahət jurnalisti Loren Kit xəbərdarlıq edir ki, bu ölkə xüsusilə tək səyahət edən qadın turistlər üçün bəzi çətinliklər yarada bilər.

Lent.az xarici mediaya istinadən, jurnalistin qadınlara verdiyi 6 məsləhəti təqdim edir.

Turlarla səyahət daha rahatdır

Jurnalistin sözlərinə görə, Misir fərdi səyahətçilər üçün tam uyğun deyil. Tarixi məkanlarda istiqamət nişanlarının azlığı, sıx ictimai nəqliyyat və ərəb dilini bilməmək ölkəni təkbaşına gəzməyi çətinləşdirir. Buna görə o, ilk dəfə gələnlərə bələdçi ilə təşkil olunmuş turlarda iştirak etməyi tövsiyə edir.

Qadınlar üçün ayrıca turlar və yalnız qadınlardan ibarət qruplar da mövcuddur, lakin onların qiyməti bir qədər yüksək olur.

Geyimdə təvazökarlıq vacibdir

Loren Kit bildirir ki, Misirdə qadınların dizləri, çiyinləri və sinə dekoltesini örtən geyimlər seçməsi hörmət əlamətidir. Məscidlərə daxil olarkən isə bədəni ayaq biləyinə və biləklərə qədər örtmək və baş örtüyü taxmaq zəruridir. “Əgər örtüyünüz yoxdursa, bir çox məsciddə onu icarəyə götürmək mümkündür”, –  o, qeyd edib.

Taksi tətbiqləri qadınlar üçün daha təhlükəsiz sayılır

Misirdə qadınlar üçün ən rahat nəqliyyat vasitələri Uber, Careem və InDrive kimi mobil tətbiqlərdir. Bu xidmətlər həm təhlükəsizliyi təmin edir, həm də qiymət söhbətlərindən azad edir. Jurnalist məsləhət görür ki, qadınlar hər zaman arxa oturacaqda əyləşsinlər və pik saatlarda ictimai nəqliyyatdan istifadə etməsinlər. Kahira metrosunda isə qadınlara məxsus vaqonlar daha rahat hesab olunur.

Yaşayış yeri seçərkən diqqətli olun

Lorenin fikrincə, qadın turistlər üçün beynəlxalq otel şəbəkələri ən təhlükəsiz variantdır. Bununla yanaşı, Kahira, Luksor və Asuanda münasib qiymətə etibarlı hostellər də tapmaq mümkündür.

O, ucuz və təsadüfi otellərdən uzaq durmağı, rezervasiyadan əvvəl internetdə rəyləri diqqətlə oxumağı tövsiyə edir.

Axşam gəzintilərini yalnız izdihamlı yerlərdə edin

Misirdə isti iqlimə görə şəhərlərdə həyat gec saatlara qədər davam edir. Kahira və Luksorun mərkəzi, Zamalek və Heliopolis kimi bölgələrində qadınlar axşam saatlarında gəzə bilərlər. Lakin jurnalist xəbərdarlıq edir ki, yalnız kişi müştəriləri olan kafelərdən və barlardan uzaq durmaq lazımdır.

Qadınlara qarşı münasibət və israrlı satıcılar

Səyahətçi qeyd edir ki, Misirdə qadınlar küçə qısnamalarına (fit, söz atmaq və baxışlarla narahatlıq yaratmaq) rast gələ bilərlər. Bu hallarda ən doğru addım reaksiya vermədən uzaqlaşmaqdır. Daha ciddi hadisələrdə isə dərhal kömək istəmək məsləhət görülür.

Bundan əlavə, israrlı suvenir satıcıları, taksi sürücüləri və heyvan sahibləri (xüsusilə Giza və Luksorda) bəzən turistlər üçün narahatlıq yarada bilər. “Əgər maraqlı deyilsinizsə, birbaşa ‘yox’ deməkdən çəkinməyin. Bu, nəzakətsizlik deyil, öz sərhədlərinizi qorumağın göstəricisidir”, – Loren Kit xəbərdarlıq edib.

Müsbət cəhətlər mənfiləri üstələyir

Jurnalistin fikrincə, müəyyən ehtiyat tədbirlərinə baxmayaraq, Misirin müsbət tərəfləri mənfiləri açıq şəkildə üstələyir. Ölkənin mədəni zənginliyi, xalqın qonaqpərvərliyi və unikal təbiəti qadın turistlər üçün də unudulmaz təcrübə yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar