Əgər siz tətil üçün yalnız yay aylarına bağlı deyilsinizsə və səyahət planlarınızı istidən və izdihamdan uzaq, daha sakit şəraitdə keçirmək istəyirsinizsə, payızın ilk ayı sentyabr bu baxımdan əla seçimdir.
Lentaz xarici mediaya istinadən 2025-ci ilin sentyabr ayında səyahət etmək üçün ideal olan beş heyrətamiz istiqamətin siyahısını təqdim edir.
Sentyabr ayında səyahət üçün 5 ideal istiqamət
1. Almaniya – Münhendə “Oktoberfest” mövsümü
Sentyabr ayında Almaniyanın Münhen şəhəri dünyaca məşhur Oktoberfest pivə festivalına ev sahibliyi edir. Festival milyonlarla turisti bir araya gətirir, burada ənənəvi bavyera geyimləri, pivə çadırları və zəngin yerli mətbəx təqdim olunur.
Ziyarətçilər alp pendirləri, dəniz məhsulları, ət xörəkləri, vegan menyular və müxtəlif kolbasa növlərini dada bilərlər. Eyni zamanda, bu dövr üzüm yığımı vaxtıdır və bu səbəblə şərab dadımı və bağlara turlar da geniş yayılıb.
2. Siciliya, İtaliya – Gecikmiş günəş və vulkanlar
İtaliyanın ən cənub adası olan Siciliya sentyabrda yay turistlərindən boşalır, lakin günəş hələ də parlayır. Paytaxt Palermo yerli əhalinin yay tətilindən qayıtması ilə canlanır, restoranlarda təzə əncir, fıstıq, badam və göbələk kimi mövsümi məhsullar təqdim olunur.
Bu dövr həm də Etna vulkanına yürüş və Eol adalarına paromla səfər üçün ideal zamandır. Həmçinin adanın az tanınan təpəlik bölgələrini kəşf etmək üçün də əla fürsətdir.
3. Kornuoll, Böyük Britaniya – Sakit sahil, sənət festivalları
Böyük Britaniyanın cənub-qərbində yerləşən Kornuoll bölgəsi sentyabr ayında isti dəniz, azalan turist axını və geniş çimərlikləri ilə fərqlənir. St. Ives şəhərində keçirilən illik incəsənət festivalı kinoseanslar, sərgilər, teatr və musiqi tədbirləri, həmçinin yerli tarix və arxitektura ilə tanışlıq üçün turlar təqdim edir. Bundan əlavə, sentyabrın 12-21-də Böyük Britaniyada Açıq Qapılar Günü keçirilir,adətən qapalı olan tarixi binalar ictimaiyyətə açıq elan olunur.
4. Namibiya – Afrika vəhşi təbiətini izləmək üçün möhtəşəm zaman
İyun-oktyabr ayları Namibiyada quru mövsümdür və bu dövr vəhşi təbiətin müşahidəsi üçün ən əlverişli zamandır. Bu zaman şirlər, zürafələr, fil sürüləri və hətta bəzi hallarda leopardlar kimi heyvanlar su mənbələri ətrafına toplaşır. Qızılı-turuncu çökəkliklər, mavi səma və ulduzlu gecələr bu səfəri unudulmaz edir.
5. Sloveniya – Alp yürüşlərinin son mövsümü
Sentyabr, Sloveniyada yerləşən Yulian Alp dağlarında yürüşlər üçün ideal dövrdür. Hava hələ də isti, quru və günəşlidir. Bu ay 2940 metr hündürlüyə malik Triglav dağına yürüş üçün son şanslardan biridir.
Triglav Milli Parkından keçən 270 kilometrlik Juliana Trail adlı marşrut, dağ gölləri, qayalıq yollar və gözoxşayan mənzərələrlə zəngindir.
Niyə məhz sentyabrda səyahət etməliyik?
Ekspertlərə görə, sentyabr ayı səyahət üçün ideal “ara mövsümdür” – isti hava hələ də davam edir, amma izdiham azalıb və qiymətlər daha münasibdir.
Bu, həm dincəlmək, həm də yeni hobbilər öyrənmək və təbiəti kəşf etmək üçün əla fürsətdir. Məsələn, Romaya səfər etmək üçün payız idealdır, çünki yayda şəhərin küçələri turistlərlə dolub-daşır, payızda isə hava və şərait çox daha rahat olur.