İstirahət zamanı fiziki aktivliyi qorumaq üçün mütləq dolu idman zallarında vaxt keçirmək lazım deyil. Əsas odur ki, bədən hərəkətdə qalsın və gündəlik aktivlik tamamilə unudulmasın.
Lent.az bu 3 qızıl məsləhəti təqdim edir:
İstirahətdə fiziki aktivlik niyə azalır
Səyahət zamanı bir çox turistlər adi vərdişlərindən uzaqlaşır, xüsusilə də fiziki fəaliyyət baxımından. Yeni yeməklər, istirahət, uzun gəzintilər və qeyri-sabit rejim nəticəsində orqanizm artıq çəki və yorğunluq hiss edə bilər.
Səyahət eksperti Şarlotta Maratsina Lonely Planet üçün hazırladığı bloqda turistlərə bədən formasını qorumaq üçün üç sadə, amma effektiv üsul təqdim edib.
1. Ənənəvi idman və fəaliyyət növlərində iştirak edin
Ekspert səyahət etməzdən əvvəl seçilən ölkənin mədəniyyətinə aid idman və fiziki məşğələlər haqqında məlumat toplamağı tövsiyə edir.
O, öz təcrübəsindən nümunə gətirir:
“Vyanada dostumla birlikdə vals dərsinə yazıldıq. Sadə rəqs dərsi kimi görünsə də, bu, həm fiziki, həm də mədəni cəhətdən çox intensiv təcrübə idi. Biz bir saatlıq məşğələdə həm tər tökdük, həm də şəhərin dəyərlərini yaxından tanıdıq. Eynilə, Yaponiyada dostum sumo məşqi, Hindistanda isə dörd saatlıq yoga təcrübəsində iştirak etmişdi".
Belə fəaliyyətlər yalnız bədəni hərəkətdə saxlamır, həm də yerli mədəniyyəti, tarix və dəyərləri daha dərindən anlamağa kömək edir.
2. Qısamüddətli və fərdi tədbirləri axtarın
Dünyanın bir çox şəhərlərində, xüsusilə turizm mövsümündə, yerli təşkilatçılar birdəfəlik idman tədbirləri keçirirlər məsələn, SUP-yoga, səhər qaçışları və ya yürüş turları. Bəzən bu tədbirlər hostellər və ya otellər tərəfindən də təşkil olunur. Şarlotta belə tədbirləri tapmaq üçün Eventbrite və Meetup kimi tətbiqlərdən istifadə etməyi və kafelərdəki elan lövhələrinə diqqət yetirməyi məsləhət görür.
O, öz təcrübəsindən danışır:
“Malaqada tək səyahət edərkən Caminito del Rey yürüşündə iki alman qızla tanış oldum. Gülməli qoruyucu dəbilqələrimiz bizi yaxınlaşdırdı və növbəti iki günü birgə keçirdik".
Bu cür tədbirlər həm fiziki aktiv qalmaq, həm də yeni dostlar qazanmaq üçün əla fürsətdir.
3. Nəqliyyatdan imtina edin və yerli idman zallarını sınayın
Ekspertin fikrincə, fiziki formanı qorumağın ən sadə yolu mümkün qədər piyada gəzmək və ya velosiped sürməkdir.
“Londonda yaşadığım və Nyu-Yorka gəldiyim vaxtlarda, vaxtım imkan verəndə hər yerə piyada gedirəm. Şəhərin insanlarını və ab-havasını hiss etməyin ən gözəl yolu budur. Eyni zamanda, gələcəkdə getmək istədiyim restoran və kafeləri də belə tapıram", - Şarlotta bildirir.
O, yeni şəhərlərdə pulsuz sınaq məşğələləri təklif edən idman zallarına yazılmağı da məsləhət görür.
“Londona köçəndə müxtəlif idman növlərini sınadım pilates, krosfit, boks, hətta tverkinq dərslərində də olmuşam", - o əlavə edir.