Motivasiya sistemi niyə işləmir? - Valideynlərin 90%-nin etdiyi səhv
09 mart 2026 12:10 (UTC +04:00)

Motivasiya sistemi niyə işləmir? - Valideynlərin 90%-nin etdiyi səhv

0

Bir çox valideyn əmindir ki, uşağı mükafat vədləri ilə hansısa işə “həvəsləndirmək” mümkündür. Amma reallıq çox vaxt bu gözləntiləri doğrultmur.

Lent.az bu səhvlərlə bağlı məlumatları təqdim edir:

Guya hər şey məntiqlidir: dərslərini etdin şirniyyat aldın, otağını yığdın cizgi filmi qazandın. Amma nədənsə bu sistem tez bir zamanda dağılır. Psixoloqlar uzun müddətdir xəbərdarlıq edirlər ki, bu cür motivasiya qısa müddətli təsir göstərir. Valideynlərin əsas səhvi daxili maraq əvəzinə xarici stimullara güvənmələridir. Uşaq mükafatlara öyrəşəndə, işi sadəcə iş olduğu üçün etməyi dayandırır. Onun diqqəti prosesin özündən çox, sonunda alacağı mükafata yönəlir. Nəticədə ev işləri və məsuliyyətlər bir növ alverə çevrilir. Uşaq böyüdükcə isə “şərtlərini” artırır. Mütəxəssislər izah edirlər ki, uşaq beyni təşviqlərə tez uyğunlaşır. Dünən xoş sürpriz kimi görünən şey bu gün adi bir hal kimi qəbul olunur. Mükafat aradan qalxanda tapşırığı yerinə yetirmək istəyi də yox olur. Çünki uşağa prosesin özündə məna tapmaq öyrədilməyib. Psixoloqlar bunu “motivasiya əvəzlənməsi effekti” adlandırırlar. Xarici stimul daxili motivasiyanı sıxışdırır və vəziyyəti əvvəlki halına qaytarmaq çətinləşir. Valideynlər çox vaxt təəccüblənirlər ki, uşaq niyə oxumaq istəmir, halbuki əvvəllər yüksək qiymətlərə sevinirdi. Amma o, biliyə yox, tərifə və ya hədiyyəyə sevinirdi.

Ekspertlər yanaşmanı dəyişməyi məsləhət görürlər: davranışı “satın almaq” əvəzinə, hərəkətlərin dəyərini izah etmək lazımdır. Bu, vaxt tələb edir, amma daha davamlı nəticə verir. Məsələn, uşaq otağını niyə yığmalı olduğunu başa düşməlidir. Cizgi filmi üçün yox, özünün səliqəli və rahat məkanda yaşaması üçün. Eyni hal dərsə də aiddir: uşaq göstərdiyi zəhmətlə şəxsi inkişafı arasında əlaqəni görməlidir. O zaman motivasiya xarici mükafatlardan asılı qalmır.

Psixoloqlar vurğulayırlar ki, uşaqlara seçim imkanı vermək vacibdir. Özünü vəziyyətə nəzarət edən kimi hiss etdikdə müqavimət azalır. Həmçinin yalnız nəticəni deyil, real səyləri də qiymətləndirmək lazımdır. Bu, uşağa zəhmətinin dəyərli olduğunu hiss etdirir. Əgər davamlı olaraq yalnız mükafatla stimullaşdırsaq, uşaq böyüyəndə hər bir hərəkətin qarşılığında “ödəniş” gözləyən insana çevrilə bilər. Bu isə artıq yetkin yaşda problemlər yaradır. Valideynlər unutmamalıdır ki, motivasiya düymə deyil ki, basıb işə salasan. Bu, illərlə formalaşan bir prosesdir. Uşaq öz hərəkətlərinin mənasını anlayanda daha şüurlu davranmağa başlayır. Və artıq heç bir “mükafata” ehtiyac qalmır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar