Uşağa nə qədər cib pulu  vermək lazımdır?
06 mart 2026 15:45 (UTC +04:00)

Uşağa nə qədər cib pulu vermək lazımdır?

0

Valideynlər tez-tez düşünürlər ki, uşağa nə qədər cib pulu vermək lazımdır ki, onu ərköyün etməsin, eyni zamanda puldan düzgün istifadə etməyi öyrətsin.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, uşaq psixologiyası üzrə mütəxəssislər bildirirlər ki, hamı üçün uyğun olan dəqiq formula yoxdur. Lakin yaşa uyğun bəzi qaydalar valideynlərə düzgün qərar verməyə kömək edə bilər.

Mütəxəssislərin sözlərinə görə, yeddi yaşdan kiçik uşaqlar üçün pul daha çox oyun xarakteri daşıyır. Bu yaşda əsas məqsəd uşağa pulun oyuncaq deyil, müəyyən məqsəd üçün istifadə olunan vasitə olduğunu izah etməkdir.

Səkkiz yaşından etibarən uşaq artıq alış-verişin dəyərini daha yaxşı anlayır. Buna görə də həftədə bir dəfə kiçik sabit məbləğdə cib pulu vermək planlama bacarıqlarının formalaşmasına kömək edir.

Psixoloqlar qeyd edirlər ki, məbləğ ailənin imkanlarına uyğun olmalıdır. Uşaq özünü yaşıdlarından geri hiss etməməlidir, amma ona çox böyük məbləğ vermək də düzgün deyil. Bəzi valideynlər cib pulunu qiymətlərlə əlaqələndirirlər. Lakin mütəxəssislər hesab edir ki, dərs oxumaq uşağın vəzifəsidir və pul qazanmaq vasitəsi olmamalıdır.

Daha faydalı üsul isə uşağa adi öhdəliklərinə daxil olmayan əlavə tapşırıqlara görə pul verməkdir. Bu, uşağa əmək və mükafat arasında əlaqəni başa düşməyə kömək edir.

Yeniyetmələrə pulla bağlı daha çox sərbəstlik verilməsi vacibdir. Bu, onlara seçim etməyi və məsuliyyət daşımağı öyrədir. İqtisadçılar sadə bir qaydanı da qeyd edirlər: həftəlik cib pulunun məbləği təxminən uşağın yaşına bərabər ola bilər. Lakin bu yalnız təxmini istiqamətdir.

Mütəxəssislər vurğulayırlar ki, cib pulu uşaqlarda maliyyə savadlılığının formalaşmasına kömək edir. Uşaqlar pul yığmağı, qiymətləri müqayisə etməyi və xərclərini planlaşdırmağı öyrənirlər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar