Yaxşı valideynlər pis uşaqlara səbəb olan  səhvlər edirlər - PSİXOLOQ
06 iyul 2026 14:21 (UTC +04:00)

Yaxşı valideynlər pis uşaqlara səbəb olan səhvlər edirlər - PSİXOLOQ

0

Valideynlər övladları üçün ən yaxşısını etmək istəsələr də, bəzən həddindən artıq qayğı göstərərək onların müstəqil və psixoloji cəhətdən dözümlü böyüməsinə mane ola bilirlər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, mütəxəssisin sözlərinə görə, ən geniş yayılmış səhvlərdən biri uşağın özü yerinə yetirməli olduğu işləri valideynin etməsidir. Məsələn, bəzi valideynlər övladlarının məktəb layihələrini özləri hazırlayır ki, daha yüksək qiymət alsınlar və ya uşağın isterikasının qarşısını almaq üçün onun bütün istəklərini yerinə yetirirlər.

Amerikalı psixiatr Daniel Amen hesab edir ki, belə yanaşma uşaqların müstəqillik, məsuliyyət və problemlərin öhdəsindən gəlmək bacarığını inkişaf etdirməsinə mane olur.

Psixiatr bu fikrini qızının tərbiyəsindən nümunə ilə izah edib.

"Qızım ev tapşırığını evdə unutduqda heç kim onu məktəbə aparmırdı. Soyuq havada anasının xəbərdarlığına baxmayaraq gödəkçəsini götürmürdüsə, heç kim sonradan ona gödəkçə gətirmirdi", -  o bildirib.

Uşağın hər problemini həll etmək düzgün deyil

Mütəxəssis valideynlərə uşaq "darıxıram" dedikdə də onu dərhal əyləndirməyə çalışmamağı tövsiyə edir. Onun fikrincə, uşağın vəziyyətdən özü çıxış yolu axtarması problem həll etmə bacarığını və psixoloji dayanıqlığını formalaşdırır.

"Əgər övladlarınız üçün həddindən artıq çox iş görürsünüzsə, özünüzü daha yaxşı hiss etsəniz də, onların özünəinamını zəiflədirsiniz. İnsanlar problemləri həll etdikcə psixoloji dözümlülük qazanırlar", - Amen bildirib.

Sərt tərbiyə də çıxış yolu deyil

Məqalədə vurğulanır ki, psixoloji dayanıqlılıq yaratmaq uşaqlara qarşı sərt davranmaq demək deyil. Barnard Kollecinin uşaq psixoloqu Tova Klyayın bildirib ki, həddindən artıq sərt cəzalar uşaqların çətinliklərin öhdəsindən gəlməsinə kömək etmir. Eyni zamanda onları bütün uğursuzluqlardan qorumaq da düzgün yanaşma hesab olunmur. Onun fikrincə, valideynlər uşaqlara səhv etmək və uğursuzluq yaşamaq imkanı verməli, eyni zamanda sevgilərini və dəstəklərini hiss etdirməlidirlər.

"İnanıram ki, sən bu çətin vəziyyətin öhdəsindən gələcəksən. Nəticə necə olursa-olsun, qalib gəlsən də, uduzsan da, mən sənin yanındayam", - psixoloq izah edib.

Məsuliyyət hissi uşaqlıqdan formalaşır

Məqalədə qeyd olunur ki, uşaqları ev işlərinə cəlb etmək, dostlarına və sinif yoldaşlarına kömək etməyə təşviq etmək onların özünəinamını və məsuliyyət hissini gücləndirir. Bunu American Psychological Association da dəstəkləyir. Təşkilatın mütəxəssisləri hesab edirlər ki, yaşa uyğun məsuliyyət daşıyan uşaqlar gələcəkdə həyatın çətinlikləri ilə daha rahat mübarizə aparırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 196

Oxşar yazılar