Yenidoğulmuş körpələr ritmi hiss edə bilir - alimlərdən maraqlı kəşf
23 fevral 2026 10:14 (UTC +04:00)

Yenidoğulmuş körpələr ritmi hiss edə bilir - alimlərdən maraqlı kəşf

0

Alimlər müəyyən ediblər ki, hətta çox kiçik körpələr belə musiqidə ritmik qanunauyğunluqları qavraya bilirlər. Bu isə insanın musiqi strukturunu proqnozlaşdırmaq qabiliyyətinin anadangəlmə olduğunu göstərir.

Lent.az xarici mediaya istinadən məlumat verir ki, Romanın Texnologiya İnstitutunun alimləri doktor Roberta Byankonun rəhbərliyi ilə 49 yenidoğulmuş üzərində təcrübə aparıblar. Tədqiqat zamanı elektroensefaloqrafiya (EEG) vasitəsilə körpələrin yuxu halında beyin aktivliyi qeydə alınıb.

Körpələrə qulaqcıqlar vasitəsilə İohann Sebastyan Baxın musiqiləri həm orijinal formada, həm də notların hündürlüyü və ritmik intervalları dəyişdirilmiş variantlarda səsləndirilib.

Byankonun sözlərinə görə, beyin siqnallarının təhlili göstərib ki, körpələr orijinal kompozisiyalarda ritmdə baş verən gözlənilməz dəyişikliklərə reaksiya veriblər, lakin melodik dəyişikliklərə eyni reaksiyanı göstərməyiblər. Notların və ritmlərin ardıcıllığı tamamilə təsadüfi şəkildə dəyişdirildikdə isə “sürpriz” reaksiyası müşahidə olunmayıb.

“Bu nəticələr göstərir ki, insan beyni doğulduğu andan etibarən səslərdəki ritmik qanunauyğunluqları əvvəlcədən hiss etməyə köklənib. Bu, sadəcə müntəzəm interval gözləmək deyil, musiqi strukturunun zaman daxilində inkişafını proqnozlaşdırmaq qabiliyyətidir”, - Byanko izah edib.

Alim əlavə edib ki, bu qabiliyyətin dərin bioloji kökləri var. Körpə hələ ana bətnində olarkən müntəzəm ritmlərlə əhatə olunur: ananın ürək döyüntüsü, onun yeriyərkən hərəkətləri və digər təkrarlanan səslər ilkin zaman və proqnoz hissini formalaşdırır.

Tədqiqatçılar yenidoğulmuşların ritm qavrayışını bəzi primatların ritmik strukturları hiss etmə qabiliyyəti ilə müqayisə edirlər. Onların fikrincə, melodiya isə doğuşdan sonra formalaşır və öyrənmə tələb edir.

“Ritm bizim bioloji alətlərimizin bir hissəsidir, melodiya isə təcrübə ilə inkişaf etdirdiyimiz bacarıqdır”, - Byanko vurğulayıb.

Kembric Universitetindən professor Uşa Qosvami də nəticələrin əvvəlki araşdırmalarla uyğun olduğunu bildirib. O qeyd edib ki, uşaqlarda nitqin inkişafında da ritm qavrayışı səs hündürlüyündən daha mühüm rol oynayır.

Beləliklə, araşdırma təsdiqləyir ki, ritm hissi insanın anadangəlmə xüsusiyyətidir, melodik qavrayış isə öyrənmə və ətraf mühitlə qarşılıqlı təsir nəticəsində formalaşır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar