Rusiyanın paytaxtı Moskvada rüşvət alan 4 yol polisi əməkdaşı küçədə saxlanılıb.
Lent.az xəbər verir ki, bu barədə yerli telegram kanalları məlumat yayıb.
Qeyd olunub ki, mayın 15-də günortadan sonra Suxarevskaya meydanı ərazisində mülki geyimli bir neçə şəxs yol polisi əməkdaşlarını yerə yıxaraq, qandallayıb. Məlumata görə, polislər Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Buna səbəb isə, yol polisi əməkdaşlarının sonuncu növbədə işlədikləri müddətdə iki rüşvət almaları olub.
Əvvəlcə qəzaya düşən motosikletçidən 600 min rubl alıblar. Onun məlumatlarını yerindəcə verilənlər bazası ilə yoxlayıblar və onun “A” kateqoriyası olmadığını görüblər. Pul müqabilində müfəttişlər buna göz yummağa razılaşıblar.
İkinci epizodda, onlar minik avtomobilində dövlət qeydiyyatı olmayan qaz avadanlığı aşkar ediblər. Avtomobilin duracağa aparılmaması üçün həmin şəxs hələlik dəqiqləşdirilməmiş məbləği yol polisinə təhvil verib.
Nəticədə Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik İdarəsi birdən-birə 4 polis əməkdaşını saxlayıb. Onlar 37 yaşlı baş leytenant Aleksandr K., 40 yaşlı baş leytenant Anatoli M., 37 yaşlı leytenant Vasili K. və 29 yaşlı leytenant S.Aytenyordur.