2026-cı ilin payızında 1960-cı illərdə məşhur olan “go-go boots” çəkmələri yenidən dəbə qayıdıb.
Lent.az xəbər verir ki, bu ayaqqabılar baldırın ortasına qədər uzanan hündürlüyü, alçaq kvadrat dabanı və sadə forması ilə seçilir. Əvvəllər belə çəkmələr əsasən ağ rəngdə istehsal olunurdu. Lakin müasir dizaynerlər vinil, laklı dəri və digər materiallardan hazırlanmış müxtəlif modellər təklif edirlər.
“Go-go boots” çəkmələrinin populyarlığını yenidən canlandıran ilk moda evlərindən biri “Courrèges” olub. Brend 2026-cı ilin yaz-yay kolleksiyasının nümayişində bu çəkmələrin yenilənmiş modellərini təqdim edib. Hələ 1964-cü ildə brendin yaradıcısı Andre Kurrej oxşar çəkmələr hazırlamışdı. Sonradan həmin ayaqqabılar futuristik modanın əsas simvollarından birinə çevrilmişdi.
1960-cı illərdə məşhur müğənni Nensi Sinatra da bu cür çəkmələr geyinirdi. Onun ağ çəkmələr və qısa, trapesiya formalı donla yaratdığı obraz moda tarixinin ən yaddaqalan görünüşlərindən biri hesab olunur. Hazırda bu dəbi gənc müğənni Sienna Spiro da davam etdirir. O, ağ çəkmələri retro üslublu mini donlarla uyğunlaşdırır.
Stilistlər bu cür ayaqqabıları qısa ətəklər, A formalı donlar və parlaq rəngli, təktonlu kostyumlarla geyinməyi məsləhət görürlər. Xüsusilə ağ rəngli və laklı modellər aktual hesab olunur. Bu çəkmələr 1960-cı illərin dəb estetikasını müasir geyim üslubuna qaytarır.




