Yasamalda  yanğında ölən   Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verdi
04 noyabr 2026 18:16 (UTC +04:00)

Yasamalda yanğında ölən Könül Vəlibəylinin qızı məhkəmədə ifadə verdi

0

Bakıda yaşayış binasında baş verən yanğında üç nəfərin ölümündə təqsirləndirilən “Loft Dent” klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.

Lent.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Babək Pənahovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan Fatimə Məmmədova ifadəsində təqsirləndirilən şəxsi tanımadığını və şikayətçi olduğunu bildirib. O, hadisə baş verən zaman yıxılaraq ayağının sındığını bildirib.

Zərərçəkən M.F. həmin gün xəstəxanadan qayıtdıqlarını bildirib:

"Xıstəxanadan qayıdıb həyat yoldaşım və yeddi aylıq körpəmlə evimizə gəldik. Uşağı yoldaşıma tapşırıb yemək bişirmək üçün mətbəxə getdim. İçəri girən kimi mətbəxdən qoxu gəldiyini hiss edib geri qayıtdım ki, yoldaşımı çağırım. Biz geri qayıdanda içərini tüstü-duman bürümüşdü. Biz tez yığışıb, uşağı götürüb qapıya sarı getdik. Mən bir əlimlə telefonu tutmuşdum ki, fənərlə yolu işıqlandırım, digər əlimlə də yoldaşımın qolundan tutdum. götürdüm bir əlimlə yoldaşımdan tutmuşdum. 

15-ci mərtəbədən enməyə çalışdıq. Get-gedə qatılaşan duman tüstüsü üstümüzə elə gəlirdi ki, heç nə görə bilmirdik. Axırıncı mərtəbələrə çatmağa az qalmış yıxılıb ayağımı qırdım. Ağrıdan az qala ağlım başımdan çıxsa sa, o an ancaq körpəmi sağ-salamat çölə çıxara bilməyi düşünürdüm. Çölə çıxanda millət həyətdə idi, aləm qarışmışdı. Bir maşın görüb xahiş elədik ki, tez bizi xəstəxanaya çatdırsın. Uşaq xəstəxanaya çatan kimi  qusmağa başladı".

Zərərçəkən B.V. həmin gün bacısı ilə evdə olduğunu bildirib:

"Anidən yanğın qoxusunu hiss elədik. Qapını açıb bloka çıxanda göz-gözü görmürdü, nəfəs almaq mümkün deyildi. Evə qayıdanda parketlərin arasından, tüstü çıxdığını gördük. Binadan dəhşətli çığırdı, qışqşrıq səsləri gəlirdi. 25 dəqiqə sonra FHN-dən gəldilər, bacımı apardılar. Mən tək qaldım. Artıq nəfəs ala bilmirdim. Beş dəqiqə sonra artıq gözlərimin qaraldığını, huşumun başımdan çıxmağını hiss etdiyim anda FHN-nin işçisini gördüm. Həyatımda bu qədər sevindiyimi xatırlamıram. Bizi xəstəxanaya apardılar. Orada 3-4 saat qaldıq".

Zərərçəkən R.Y. hadisə günü evdə olmadığını desə də, maddi zərərə uğradığını deyib. O həmçinin bildirib ki, binanın durumu ilə bağlı sakinlərlə birlikdə dəfələrlə Vüqar Abbasova şikayətlər edilib:

"İşıqlarımız tez-tez kəsilirdi, kabellərin, şarj aparatlarının durumu ortada idi. Restorandan gələn yüksək musiqi və kabab tüstüsü bizi çox narahat edirdi, buna görə dəfələrlə şikayətlər edirdik. Axırda kabab tüstüsü məsələsini yığışdırdılar. Binanın hal-hazırda da yanğın sistemi yoxdur. Bərpa da etmirlər. Sakinlər yığışıb, öz cibimizdən qoyaraq birtəhər təmir etdirmişik. Divarları yalandan gəlib üzdən suvasalar da, hələ hisin içindədir. Mən baş açmıram; Vüqar Abbasov niyə burada yoxdur?

Bu adam (təqsirləndirilən şəxsi göstərir) hər şeyi boynuna götürüb, indi burada camaatdan üzr istəyir. Amma hadisənin sabahı günü üstümüzə tullanıb bizi günahlandırırdı ki, siz mənim obyektimi yandırmısınız. Utanmırlar, bu qədər faciədən sonra hələ gəlib bizi dilə tutmağa çalışırlar ki, icazə verin, onu təzədən açaq. Biz də var gücümüzlə dirənib buna imkan vermirik".

Zərərçəkmiş kimi tanınan, hadisə zamanı vəfat edən Könül Vəlibəylinin qızı Ləman Qulamova da məhkəmədə ifadə verib.

O, hadisə baş verən zaman evdə olduğunu bildirib: “Mənzildən çıxıb birinci mərtəbəyə düşdüm, özümü itirdim. Sonra baş verənlərdən xəbərim olmayıb, 10 gün komada qalmışam. Komadan ayılandan sonra 11 ay müalicə olunmuşam. Vəziyyətim indi də yaxşı deyil, sağalmıram, nəticə əldə edilməyib".

Ləman Qulamova şikayətçi olduğunu da bildirib.

Təqsirləndirlilən Bəhruz Paşayev zərərçəkmişdən üzr istəyib. O, aldadıdıldığını, özünü günahkar saydığını bildirib. Təqsirləndirilən şəxs zərərçəkmişdən onu bağışlamasını istəyib.

Qeyd edək ki, 2025-ci il noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova (Könül Vəlibəyli) dünyasını dəyişib, 25 nəfər xəsarət alıb.

İbtidai istintaqla yaşayış binasının 1-ci və zirzəmi mərtəbəsində yerləşən “Loft Dent” stomatoloji klinikasının direktoru, 1986-cı il təvəllüdlü Bəhruz Paşayevin üzərinə qoyulmuş yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifələrini pozaraq 3 nəfərin ölümünə, 25 nəfərin isə xəsarət almasına,habelə binada olan mənzillərə maddi ziyan vurmaqla ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Təqsirləndirilən Bəhruz Paşayevə Cinayət Məcəlləsinin 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən həmin qaydaların pozulması ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə yekun ittiham elan olunub.

Bəhruz Paşayevin barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 296

Oxşar yazılar