Bakıda sərxoş sürücü qəza törədib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə Nəsimi rayonu ərazisində qeydə alınıb.
“Changan” markalı nəqliyyat vasitəsini idarə edən sürücü Tayfun Fərəcov ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarının həyatına təhlükə yaradaraq, polisin qanuni tələbinə əməl etməyib. Həmçinin avtomobili C.Hacıbəyli və M.Mirqasımov küçələrinin kəsişməsində yerləşən işıqfora vuraraq onu yararsız vəziyyətə salıb. Bu əməllərinə görə o, Nəsimi rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
T.Fərəcovun spirtli içkidən istifadə etdiyinə dair şübhələr yarandığından o, tibbi müayinəyə aparılıb. Müayinə zamanı onun spirtli içkinin təsiri altında olduğu müəyyən edilib. Sürücü barəsində inzibati protokol tərtib edilərək qərar verilməsi üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə T.Fərəvoc 2 ay müddətinə inzibati qaydada həbs olunub.