Bu günə qədər dünyanın ən hündür körpüsü Fransadakı Millau viaduku (341 metr) hesab olunurdu. Lakin 2025-ci ilin sentyabrında bu titul Çində yerləşən Huaçzyan Böyük Kanyonu üzərindəki körpüyə keçib və hazırda o, dünyanın ən hündür avtomobil körpüsüdür.
Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Huaçzyan Böyük Kanyonu üzərindəki körpü Çinin Quycou dağlıq əyalətində, Beypan çayı üzərində yerləşir.
Körpünün aşırımı vadinin dibindən 625 metr hündürlükdədir. Tikintisinə 2022-ci ildə başlanılıb və cəmi üç il səkkiz ay ərzində tamamlanıb.
Bu möhtəşəm qurğu “Çatlamış torpaq” kimi tanınan təsirli kanyonu kəsib keçir və Lüçji–Anlun sürətli avtomobil magistralının bir hissəsidir. Körpü dağların arasında çəkilmiş nazik bir xətt kimi görünür. Onun üzərindən keçmək bir az buludların içindən keçirmiş kimi hiss yaradır, sadəcə bu, tam realdır. Huaçzyan Böyük Kanyonu üzərindəki körpü sadəcə bir nəqliyyat qurğusu deyil, həm də ziyarət etməyə dəyər müstəqil bir məkandır.
Bu körpü Çinin ən çətin relyefə malik bölgələrindən birində nəqliyyat əlaqəsini xeyli yaxşılaşdırıb. Kanyon boyunca səyahət vaxtı təxminən 2 saatdan cəmi 2 dəqiqəyə qədər azalıb.