ABŞ-da 71 yaşlı qadın Şelli Merfi təyyarədə ailəsi üçün sendviç hazırlayıb.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, digər sərnişinlər həmin anları kameraya çəkib.
Beş saatlıq uçuş zamanı Şelli Merfi ekonom sinifdəki qatlanan masanın üzərində sendviçlər hazırlayıb. Kadrlarda onun çörəyin üzərinə vetçina, kəsmik, soğan, turşu xiyar, kahı və mayonez əlavə etdiyi, daha sonra isə hazır sendviçləri övladlarına və kürəkənlərinə paylayıb.
Videonu TikTok platformasında 48 yaşlı qızı İleşa DePaskuale paylaşıb. O, anasına göstərdiyi qayğıya görə təşəkkür edib. Yaxın oturacaqlarda əyləşən sərnişinlər isə prosesi təəccüblə izləyiblər.
Sosial şəbəkə istifadəçiləri məsələyə fərqli münasibət göstəriblər. Bəzi izləyicilər ananın qayğıkeşliyini yüksək qiymətləndiriblər.
Bununla yanaşı, xeyli sayda istifadəçi gigiyena və digər sərnişinlərin rahatlığı ilə bağlı narahatlığını ifadə edib. Şərhlərdən birində “Mən təyyarəyə ölçüsü düzgün olmayan şampun aparmağa qorxuram, bu qadın isə bütöv sendviç mağazası gətirib” yazılıb. Başqa bir istifadəçi isə qapalı məkanda mikrobların çoxluğunu əsas gətirərək belə şəraitdə yemək hazırlamayacağını bildirib.
Tənqidlərə baxmayaraq, Merfi ailəsi vəziyyətdən razı qalıb. Oğlu Ned sendviçləri çox dadlı adlandırıb, qızı isə şərhlərdə Onlar inanılmaz idi, sözlərini yazıb.