Cəngəlliklərdə itmiş əfsanələr şəhəri - HEKAYƏT
28 oktyabr 2012 13:05 (UTC +04:00)

Cəngəlliklərdə itmiş əfsanələr şəhəri - HEKAYƏT

Çox qədim zamanlarda Kamboca hökmdarının Prea Ket Mealev adlı bir oğlu varmış. Onun zəkası və gözəlliyi dillərdə dastan olmuşdu. Şahzadənin şöhrəti hər yana yayılmışdı. Bir gün Tanrı İndra gənc şahzadəni səma sarayına dəvət edir. (İndra – veda və hind mifologiyasında tanrılar tanrısı, səma səltənətinin hökmdarı, İndira həm də müharibə tanrısıdı, onun başçılığı altında mifoloji devlər (tanrılar) asurlarla (şeytanlarla) savaşırlar)

İndranın sarayı Preanın çox xoşuna gəlir. O, sarayda yaşamaq qərarına gəlir. İndranın rəqqasələri bir könüldən min könülə Preaya aşiq olurlar. Bundan xəbər tutan İndra şahzadəni səma səltənətindən yer üzünə qaytarır və onun xatirinə yer üzündə eyni ilə öz sarayına bənzəyən möhtəşəm bir saray tikdirir. Bu da sizə vəd elədiyim əvsanə... Əfsanəyə görə, Anqkor-Vat şəhəri belə yaranıb...

***

Bu əfsanə hələ də Kambocada çox populyardı - hər halda gözəl əfsanədir, amma bizim əfsanələrə ayrılacaq zamanımız qısıtlı olduğundan gəlin dirək mətləbə keçək, bunun üçün zamanı dörd əsr geriyə çəkməliyik.

1601-ci ildə ispan missioneri Marselo Ribandeyro əfsanəvi cəngəllik şəhəri haqqında məlumat verdi, o zaman Ribandeyronun kəşfi Avropada heç kimi maraqlandırmırdı.

On doqquzuncu əsrin ortalarında fransız səyyahı Anri Mur Kamboca əyalətlərinə səfəri zamanı yerli əhalinin dilindən yalnız rahibələrin yaşadığı möhtəşəm cəngəllik şəhəri haqqında müxtəlif rəvayətlər dinləmişdi. Mur rəvayətlərə inanmırdı, amma ətraf kəndlərin sakinləri - ovçular və balıqçılar qeyb olmuş tanrı şəhərini öz gözləri ilə gördüklərini söyləyirdilər. Taleyin bu quşqonmaz, karvankeçməz cəngəlliklərə atdığı Avropalı bir missioner Tonlesan gölü sahillərindəki sirli şəhərin az qala dəqiq yerini Mura bildirəndə, fransız səyyahı Anqkoru axtarıb tapmaq qərarına gəldi və o, missionerlə birlikdə yola çıxdı. Onlar əvvəlcə qayıqla çay aşağı üzdülər, sonra uzun müddət tropik meşə cığırları ilə yol getməli oldular, yolçular getdikcə yol uzanırdı....

Murun bəxti gətirdi, səyyah kol-kosu aralayıb irəliləyirdi, birdən möcüzə baş verdi, Mur heyrətindən yerindəcə donub qaldı, irəlidə naməlum şəhərin möhtəşəm qala bürcləri görünürdü, yox, bu ilğım deyildi, əfsanələr şəhəriydi...

Anri Mur üç gün şəhəri gəzib dolaşdı, küçələri yaşıllıqlar arasında itib batmış cəngəllik şəhərinin yalnız bir hissəni görə bildi, amma səyyahın gördükləri xəyal deyildi. Bu şəhərin bünövrəsini kim qoyub? Niyə insanlar bu şəhəri tərk edib gediblər?

Bir ildən sonra Anri Mur Laosda malyariya xəstəliyinə yoluxdu və bu xəstəlikdən öldü. Ölüm onu haqlayana qədər macal tapıb, qeyb olmuş şəhər haqqında bir kitab yaza bilmişdi...

***

Elektron ensiklopediyaya nəzər salaq. Anqkor IX-XV əsrlərdə Kxmer imperiyasının paytaxtı. Günümüzə qədər gəlib çıxmış Anqkor-Vat və Anqkor Txom mədəniyyət abidələri YUNESKO-nun mədəni irs siyahısına düşüb... Kompleksin həcmi insanı heyrətə salır – qərbdən şərqə doğru 24, şimaldan cənuba doğru 8 kilometrdi. Kambocanın paytaxtı Pnompen şəhərindən 240 kilometr şimali-qərbdə Tonlesan gölünün sahilində yerləşir...

***

İndi isə gəlin tarixə müraciət eləyək. Kxmer imperiyası (802-850-ci illər), başqa adı ilə desək Kambucadeşi, haçansa Kampuçiyanı, Laosu, Tailandı və Vyetnamın bir hissəsini əhatə edirdi. Kxmer imperiyasının yaranması İkinci Caryavarmanın adı ilə bağlıdır. Qonşu dövlətlərin torpaqlarını ələ keçirən Caryavarman sonralar Anqkor şəhərinin bünövrəsi qoyulacaq ərazinin yaxınlığında yeni paytaxt qurmaq arzusuna düşdü, bu ərazi strateji əhəmiyyəti ilə imperatoru diqqətini çəkirdi. Sonralar imperator dörd dəfə paytaxtın yerini dəyişdirdi, bir-birindən gözəl saraylar, məqbərələr tikdirdi.

İndrapuru, Xarixaralayy, Amarendrapur, və Maxenurapur – Caryavarmanın qurduğu dörd paytaxt şəhəri...

İmperator İkinci Caryavarmanın varisi Yaşovarman hakimiyyətini möhkəmləndirmək məqsədi ilə kahinlərə, rahiblərlə sövdələşməli olduğunu anlayırdı, onların dəstəyinə bel bağlamaq, əmin olmaq üçün onlarla məbəd və monastır tikdirdi, tanrılara layiq ola biləcək yeni paytaxt şəhərinin bünövrəsini qoydu. Yaşavarman imperator ailəsinin nüfuzunu artırmaq məqsədi ilə özünü canlı tanrı elan etdi, canlı tanrının paytaxtı Anqkor Kxmer dilindən tərcümədə “Müqəddəs şəhər” deməkdir. Hökmdar – tanrı kultunun bariz təcəssümü Anqkor-Vat dünyanın ən böyük dini abidəsidir, o Avropa abidələrindən, buddist dasanlarından, müsəlman məscidlərindən, daha böyük əraziyə sahibdir. Onun ərazisi 200 hektara yaxındır, mərkəzi qüllənin hündürlüyü 65 metrdir. Kxmerlər şəhərdə geniş abad yollar, kanallar çəkdilər, nəhəng su anbarı və dediyimiz kimi mürəkkəb bireyverlərlə bəzədilmiş möhtəşəm məbədlər dikdilər. Şəhərin mərkəzində bütün yolların kəsişdiyi yerdə Pxnam Bakxenq məbədi ucalır - şəhərdə bütün yollar insanı məbədə doğru aparır.

Əyan-əşrəflər hökmdardan geri qalmaq istəmirdilər, onlar bir-birinin bəhsinə şəhər ətrafındakı təpələrin üzərində məbədlər tikdirməyə başladılar. Şəhər nəhəng tikinti meydanına dönmüşdü. Birinci Yaşovarmanın ölümündən sonra, hətta qəbilələr arası müharibələr zamanında belə şəhərdə inşaat işləri davam edirdi. Bu dövrdə inşa edilmiş Şibn Bantey Şri məbədi nadir memarlıq incisidir. Şiva hind panteonunun üç əsas Tanrısından biridir. Qədim miniatürlərdə, məbədlərin daş bireylərində Şiva alnında üçüncü gözlə təsvir olunur.

1113-cü ildə hakimiyyət ehtirası ilə alışıb-yanan gənc şahzadə İkinci Suryivarman rəqiblərinə qalib gəlib taxt-taca sahib oldu. Qısa bir zamanda ordunu toplayıb yeni torpaqlar istila etmək məqsədilə şimala doğru hərbi yürüşə çıxdı. Amma savaş tanrısı ondan üz döndərdi. İkinci Suryivarmen Vyetnamın cənubunda yerləşən Tyam dövləti ilə saziş bağlayıb yenidən şimala hücum elədi, həlledici döyüşdə tyamlar Suryivarmana xəyanət edib düşmən tərəfə keçdilər. Müharibələrdə bəxti gətirməyən hökmdar ata- babaları kimi bütün qüvvəsini quruculuq işlərinə yönəltdi. İkinci Suryavarmanın ölümündən sonra ölkədə kəndli üsyanları baş qaldırdı, daxili münaqişələrdən istifadə edən Tyam imperiyaya hücum elədi və yüz illər boyu çiçəklənən ölkə məğlubiyyət bayrağı qaldırmalı oldu.

1178-ci ildə Yeddinci Cayavarman tyam ordularını darmadağın edib, imperiyanın əvvəlki şöhrətini özünə qaytardı, ölkədə Şiva kultunu Budda kulltu ilə əvəzlədi. Yeddinci Cayavarman Kxmer imperiyasının ilk buddist hökmdarı kimi tarixə düşdü.

Anqkor yenidən bərpa olunurdu, şəhərin ətrafına möhkəm qala divarları çəkildi. İndi şəhərin qala divarları ilə hasara alınmış hissəsi Anqkor-Txoma adlanır. Anqkor-Txoma istənilən orta əsr Avropa şəhərlərindən daha böyük əraziyə malik idi, şəhərin mərkəzini orijinal üslublu Bayon məbədi bəzəyirdi...

On beşinci yüzildə Kxmer imperiyası süquta uğradı, simalar Ankqoru talan elədilər, şəhər sakinləri düşməndən qorunmaq məqsədiylə bu yerlərdən köçüb getdilər, tropik cəngəllik şəhəri öz caynağına keçirdi. Bir zamanlar dünyanın ən möhtəşəm şəhəri olmuş Ankqor əfsanəyə çevrildi...

Adil Mirseyid
# 2871

Oxşar yazılar