Venesuela ABŞ-ı İranla qorxudur?
24 may 2011 02:31 (UTC +04:00)

Venesuela ABŞ-ı İranla qorxudur?

Bu, qapalı sistemli cəmiyyət yaratmaq cəhdindən tutmuş, Qərbin mədəni dəyərlərini yasaqlamağa qədər bütün sahələri əhatə edirdi.

Bunlardan biri də ABŞ-ın yaxınlığında çeşidli hərbi bazalar yaratmaq idi. Baş verənlər bu taktikanın və ya o dövr üçün strategiyanın yanlışlığını dönə-dönə təsdiqlədi. SSRİ-nin yanlış addımlarını təkrarlayan Tehran hakimiyyəti bu yöndə fəaliyyətini artırmağa çalışır.

Sənaye və mədən nazirinin beynəlxalq məsələlər üzrə müavini Əhməd Xadəmülmilli bildirib ki, keçən il İslam Respublikasından Latın Amerikası dövlətlərinə sənaye mallarının ixracı 132 milyon 547 min dollar təşkil edib.

“İRNA”nın məlumatına əsasən, o, deyib ki, 2010-cu ildə Latın Amerikası dövlətlərinə cəmi 140 milyon 547 min dollarlıq İran malı ixrac olunub. Onun sözlərinə görə, onun 94 faizi sənaye məhsulların payına düşür. Xəbərdə qeyd edilib ki, İslam Respublikasında istehsal olunan mallar əsasən, Argentina, Venesuela, Braziliya, Peru, Çili, Kolumbiya, Ekvador, Nikaraqua, Boliviya, Salvador, Paraqvay və Qvineyaya tədarük edilir.

İran mallarını ən çox idxal edən ölkələrin siyahısına Venesuela (67 milyon 442 min dollar) və Braziliya ( 54 milyon 554 min dollar) başçılıq edir.

Tehran hakimiyyətinin istəklərinə baxmayaraq, Latın Amerikasındakı İslam Respublikasının ən yaxın müttəfiqi Venesuela fevralda bu ölkəyə benzin ixracını dayandırdı. Onda Venesuelanın neft sənayesi naziri Rafael Ramires bildirdi ki, “İran öz problemini həll edib” və idxal benzinə ehtiyacı yoxdur.

Venesuelalı nazirin sözlərinə görə, İslam Respublikasında vətəndaşlara yanacaq üçün ayrılmış dotasiya azaldıqdan sonra benzinə tələbat da azalıb. R.Ramires iddia edib ki, İrandakı neftayırma zavodlarının gücü son zamanlar artıb.

2009-cu ildə İran informasiya vasitələri yazırdı ki, Venesuela ilə İran arasında bağlanan müqaviləyə əsasən, Karakas gündə Tehrana 20 min barel benzin tədarük etməlidir.

Bundan başqa ötən ilin payızında Venesuelanın “Conviasa” Milli Aviaşirkəti Venesuela-Suriya-İran hava xətti ilə uçuşdan terrorçuluq fəaliyyətində istifadə olunduğunu əsas götürərək, bu marşrutu ləğv etdi.


O zaman aviaşirkət ABŞ Dövlət Departamentinin “terrorçuların və qanunsuz silahların gizli reyslə ötürülməsinə” görə kəskin tənqidinə məruz qalmışdı.


“Biz təəssüf edirik, Tehran reysini gerçəkləşdirə bilməyəcəyik. Uçuşun yenidən bərpa ediləcəyi haqda bir söz deyə bilmərəm. Əvvəllər hər həftənin ikinci günü Venesuelanın paytaxtı Karakasdan uçuş həyata keçirilirdi. İndi bu reys təxirə salınıb” - deyə, şirkəti təmsilçisi söyləmişdi.


Mərkəzi Kəşfiyyat İdarəsi və İsrailin xüsusi xidmət orqanlarının təsdiqlədikləri məlumatlara əsasən, bu reysi “Conviasa” və “Iran Air” gerçəkləşdirirmiş. Şirkətlər bu marşrutu adi kommersiya reysi kimi qeydə alsalar da, indiyə kimi heç bir sərnişinin bu məqsədlə qabaqcadan aldığı bilet İran və Venesuela hakimiyyətləri tərəfindən ciddi şəkildə araşdırılmayıb. Bununla yanaşı təyyarəyə minənlərin xarici pasportları olmayıb, habelə sərnişinlərin və onların baqajlarının siyahısı tutulmayıb. Adları çəkilən kəşfiyyat qurumları bunu əsas götürərək iddia ediblər ki, həmin reyslə terrorçuların təhlükəsiz uçuşu üçün bütün şərait yaradılıb.


Dövlət Departamenti Venesuelanı terrorçuların və qadağan edilmiş yüklərin, o cümlədən partlayıcı maddələrin, silahların, ola bilsin, radioaktiv materialların daşınmasında suçlayır.



ABŞ Müdafiə Nazirliyinin keçmiş təhlilçisi Piter Bruksun qənaətinə görə, qvardiyanın zabitləri bu uçuşla Venesuelaya gələrək, ölkənin xüsusi xidmət orqanlarını sıralarına sirayət edirmiş.


Beynəlxalq ictimaiyyət İran hakimiyyətinin Argentinadakı terror əməlini də hələ yaddan çıxarmayıb. Qeyd edək ki, 1992-ci ildə İsrail səfirliyinin binasındakı partlayışdan sonra 29 nəfər, 1994-cü ildə Argentina paytaxtında yəhudilərin mədəniyyət mərkəzi yaxınlığında avtomobilin parladılması nəticəsində 85 nəfər həlak olmuş, çoxlu sayda insan yaralanmışdı.


Argentina hakimiyyəti ehtimal edir ki, həmin terror olayında İran tərəfindən himayə edilən Livan “Hizbullah”nın da əli var. Bundan başqa bəhs etdiyimiz terror aksiyasının təşkilində İranın indiki müdafiə naziri Əhməd Vahidinin iştirak etdiyi istisna edilmir.


Qeyd edək ki, Əhməd Vahidi nazir olmazdan öncə İnqilab keşikçiləri Qvardiyası “əl-Qüds” briqadasının komandanı olub. Mahmud Əhmədinejadın prezidentliyinin birinci dövründə o, müdafiə nazirinin müavini vəzifəsində çalışıb. “Əl-Qüds”ün “Qüds qüvvəsi” qolu əsasən xarici ölkələrdə fəaliyyət göstərir.


Onunla yanaşı İranın daha 4 dövlət məmuru bu işlə əlaqədar “İnterpol” tərəfindən axtarışdadır. Əhməd Vahidinin adı 1996-cı ildə ABŞ-ın Səudiyyə Ərəbistanındakı hərbi kazarmasının partladılmasında da çəkilir. “Başen Xobra”nın partladılması nəticəsində 19 amerikalı hərbçi həlak olmuşdu.


Avropa xüsusi xidmət orqanlarının məlumatına görə, nazir müavini işlədiyi dövrdə o, İranın atom-nüvə proqramını və pilotsuz uçuş qurğusunun yaradılmasına nəzarəti həyata keçirib.


Yeri gəlmişkən “İnterpol” tərəfindən İranın keçmiş prezidenti Haşimi-Rəfsəncani, qvardiyanın keçmiş komandanı Möhsün Rzai və indiki prezident Mahmud Əhmədinejad da axtarışdadır.


Almaniyada çıxan “Die Welt” qəzetinin yazdığına görə, İran hakimiyyəti Venesuelada raket bazası tikmək haqda layihə irəli sürüb. Bu ilin fevralında İnqilab Keşikçiləri Qvardiyasının (“Sipah”) mühəndisləri orta mənzilli raketlərin buraxılacağı bazanın yeri ilə tanış olublar.


Qəzetin yazdığına əsasən, qvardiyanın Hava Hücumundan Müdafiə Qüvvələrinin başçısı Əmir əl-Hacızadə də nümayəndə heyətinin tərkibində Venesuelada olub. Layihəyə görə, raket bazası ölkə səmasının hava hücumundan qorumaq üçün nəzərdə tutulub. İranlı hərbçilər 20 metr dərinliyində bunker, kazarma, müşahidə qülləsinin tikintisində iştirak edəcək.


Baza Venesuelanın Paraquan yarımadasında salınacaq. O, Kolumbiyanın – ABŞ-ın cənubi Amerikadakı müttəfiqinin sərhədindən 120 km-likdə yerləşir.


Qəzetin yazdığına əsasən, Venesuela prezidenti Uqo Çaves ötən il oktyabrın 19-da Tehrana səfəri zamanı İran hakimiyyəti ilə “antiimperialist qətnaməsi” və iqtisadi sahədə əməkdaşlıq müqaviləsi imzaladı. Həmin görüşdə imzalanmış gizli pakta əsasən, İranın hərbi bazası Venesuela ərazisində yerləşməlidir.


Bundan başqa, sənədə görə, rəsmi Karakas həmin hərbi obyektdə qvardiyanın əsgər və zabitlərinin yerləşdirilməsinə, habelə onların venesuelalı zabitlərə “hərbi təlim keçməsinə” razılıq verib.


Anlaşmada İranın “Shahab-3”, “Scud-B”, “Scud-C” ballistik raketlərin həmin bazada yerləşdirilməsi də nəzərdə tutulub.


Bu xəbər ABŞ və Kolumbiyanın ciddi narahatlığına səbəb olub.


Xatırladaq ki, İranla Venesuela arasında 250 “iqtisadi anlaşma” imzalanıb. Venesuela ilə İslam Respublikası arasında qarşılıqlı ticarət əlaqəsi ildə 5 milyard dolardan artıqdır.


Mayın əvvəlində İran xarici işlər nazirinin müavini Bəhruz Kamalvənd Karakasda həmkarı Nikolas Madoro ilə görüşüb. Tərəflər əlaqələrinin inkişafı və perspektivini müzakirə ediblər.


Bir məqamı da vurğulamaq yerinə düşər: Venesuelada işlənməsi asan başa gələn uran yataqları mövcuddur. Bu ölkə ABŞ sərhədlərini 2400 km-liyində yerləşir.


Tehran rəsmiləri məsələyə münasibət bildirməsə də, Uqo Çaves hakimiyyəti qəzetin yazdıqlarını təkzib edib. Onun müavini Elis Xaua bunu ABŞ-ın Venesuelaya hərbi müdaxiləsi üçün “bəhanə” kimi dəyərləndirib.


Karakas Tehranla bu sayaq əməkdaşlığını təkzib edərsə, onda belə çıxır ki, Uqo Çaves İran İslam Respublikasından ABŞ-a qarşı “silah” kimi yararlanır. Başqa sözlə Vaşinqtonu Tehranla qorxudur. Bu halda İran daha pis vəziyyətdə qalır – ondan dünyanı hədələmək üçün yararlanırlar.


Sədrəddin Soltan
# 438

Oxşar yazılar