Böyük Britaniyanın Suonsi şəhərində artıq on ildən çoxdur ki, sakinlər və polis qəribə davranışlı bir kişi ilə qarşılaşırlar. Onun adı Devid Hampsondur və o, mütəmadi olaraq yolun ortasına çıxaraq nəqliyyatın hərəkətini dayandırır, lakin heç vaxt hərəkətlərinin səbəbini izah etmir.
Lent.az xəbər verir ki, Hampsonun hekayəsi hələ 2014-cü ildə məşhurlaşıb, o zaman onu ilk dəfə Suonsi şəhərinin mərkəzində yolayrıcında maneə yaratdığına görə həbs etmişdilər. Həmin vaxt bu, birdəfəlik bir hərəkət kimi görünsə də, azadlığa çıxdıqdan sonra kişi yenidən küçələrə qayıdıb. O vaxtdan bəri oxşar hadisələr dəfələrlə təkrarlanıb.
Hər dəfə polis və ya məhkəmə motivləri aydınlaşdırmağa çalışanda Hampson susur. O, nə hüquq-mühafizə orqanlarının, nə hakimlərin, nə vəkillərin, nə də həkimlərin suallarına cavab verir. Hətta həbs təhlükəsi qarşısında belə tam sükutu seçir.
Məhkəmə prosesləri illərlə davam edib. Bir neçə dəfə hakimlər psixiatrik ekspertiza təyin etsələr də, heç bir diaqnoz qoyulmayıb. Şahidlər təsdiq ediblər ki, Hampson həbsxanada nəzarətçilərlə danışırmış, yəni onun küçədə susması şüurlu seçimdir.
Sonuncu hadisə 2025-ci ilin iyununda qeydə alınıb — kişi yenidən şəhərin mərkəzində, De La Beş küçəsində yol hərəkətini dayandırıb. Onu saxlayıblar, amma o, yenə də bir kəlmə də deməyib.
Artıq ilk həbslə bu gün arasında 11 ildən çox vaxt keçib, amma Devid Hampsonun sirri hələ də açılmayıb. O, niyə yolları bağlayır və niyə susmağı seçib? — bu suallara hələ də heç kim cavab tapa bilməyib.