“Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş  bağlandı” – “Yeni ulduz”un Habili ilə MÜSAHİBƏ
13 avqust 2026 16:08 (UTC +04:00)

“Məni efirə çıxarmaq üçün 800 manat istəyən veriliş bağlandı” – “Yeni ulduz”un Habili ilə MÜSAHİBƏ

0

O, çoxlarına “Yeni ulduz” yarışmasındakı çıxışları ilə tanışdır. 2007-ci ildə keçirilən müsabiqədə 3-cü yerə qədər gələn sənətçi “Canım” mahnısı ilə də kifayət qədər dinləyici toplamğl bacarmışdı. Lakin həyatında baş verən ardıcıl kədərli hadisələr onu özünü tam inkişaf etdirməyə, sənətini disiplinlə davam etdirməyə imkan verməyib. Pandemiya dönəmində çıxardığı “İki aşiq” mahnısı ilə yenidən qayıdış edən müğənni bu gün səsi ilə dinləyicilər tərəfindən sevilir. “Canım”,

Lent.az-ın müsahibi Habil Əhmədovdur.

-Hazırda hansı yaradıcılıq işləri ilə məşğul olursunuz, karyeranızda nə kimi yeniliklər var?

-Son zamanlar mahnı ilə bağlı çətinlik çəkirik. Əvvəllər bu qədər mahnı yox idi, bu qədər müğənni də yox idi. Düzdür, istədiyim nəticəni hələ ki ala bilməmişəm, amma yenə də çalışıram ki, insanların sevəcəyi tərzdə, həm də samballı iş ərsəyə gətirim.

-“Canım” mahnısı karyeranızın zirvəsi, həm də açarı hesab olunur. Nəyə görə bu üslubla davam etmədiniz?

-O mahnı “Yeni ulduz” yarışmasından sonra çıxdı və sənət yolundakı ilk mahnım idi. Bəstəsi Tunarın, sözləri Oqtay Kamilindir. Həmin vaxt da “Youtube”, “İnstagram” dönəmi deyildi, amma radiolarda, televiziyalarda – hər yerdə səslənirdi. Yəni, internet dönəmi olmasa belə, sevildi və yayıldı. Fərqli janrlarda mahnı oxumağı sevirəm.

-Həmin mahnıdan sonra illərlə səhnədə görünmədiniz. Bu qədər durğunluğun səbəbi nə idi?

-Həmin dönəmdəki durğunluq yaşadığımız ağır qəza ilə bağlıdır. Atamla bərabər faciəvi şəkildə qəzaya düşdük. Atam mənim gözümün qarşısında can verdi. Maşında atamdan başqa məhlə dostum var idi, o da rəhmətə getdi. Bir müddət özümə gələnə qədər hər yerdən uzaq düşdüm. Bundan isə çox adamın sonradan xəbəri oldu.

-Qəza necə baş vermişdi?

-Biz qəzaya düşdüyümüz maşını yeni almışdıq. Maşını aldığımız şəxs isə bizdən bir qoca qadını qəza zamanı vurub öldürübş Onlar da cinayətin üstünü örtmək üçün maşını ucuz qiymətə tez-bazar mənə satdılar. O adamları tanımırdım. Mən maşını  internetdə görüb bəyənmişdim, həm də qiyməti də xoşuma gəlmişdi deyə, almaq qərarına gəlmişdim. Elə qoyulan nömrə ilə də əlaqə saxlayanda dediyim məbləğlə razılaşdılar və məni incitmədilər ki, yox, sənin dediyin məbləğ ucuzdur. Atamın 40-ı çıxandan sonra məni polis idarəsinə çağırıb dedilər ki, sizin maşınla qoca qadın vurub öldürülüb. Mən də deyirəm ki, axı biz heç kəsi vurmamışıq. Sonradan məlum oldu ki, onlar cinayəti törədib və maşını tez mənə satıblar. Onları axtardılar, sonrası ilə maraqlanmadım. Heç maraqlanacaq durumda da deyildim.

Bizim qəzamız günü isə hava çiskinli idi, yağış yeni başlamışdı. Maşın sürüşdü, oynadı, 3 dəfə yoldakı dəmirlərə çırpıldı. Ən son SOCAR məntəqəsinin qiymət tablosuna dəyib dayandı.

Atam da ömürboyu dövlət işində işləyib və xidmət maşını idarə edib. Heç vaxt nə avtomobil qəzası keçirib, nə qayda pozuntusu edib. Düşünürəm ki, o da o sürətlə sürməməli idi. Sürət 200-dən çox idi. Maşını yoxlayırdı ki, görüm, necə gedir. Atama 3 dəfə dedim ki, qorxuram e, sürəti azalt. Mənə dedi ki, oğlum, bilirsən də, ata necə maşın sürür. Bundan sonra səsimi kəsdim. Maşında da adam var idi deyə, ümumiyyətlə, nəsə demədim. Bundan sonra isə özümə bir müddət gələ bilmədim.

-Bildiyim qədərilə bacınızın yaşadıqları da sənətinizdən uzaq düşməyinizə səbəb olub.

-Bəli. 2014-cü ildə ailə həyatı qurdum, bir neçə ildən sonra bacımda xərçəng xəstəliyi aşkarlandı. Azərbaycanda xəstəxanalar çox gecikdirmişik deyə, onu götürmürdülər. Mən araşdırdım, Türkiyədəki professorlarla danışdım. Öyrəndik ki, mədəaltı vəzində xərçəng yaranmasının ən böyük səbəbi stres və əsəbdir. Sonra öyrəndik ki, ailə həyatında ağır günlər keçirib, bunu bizdən gizlədib. Bakıda dedilər ki, apar, 3-4 ay yaşayacaq. Amma mən bacımı Rusiya, Türkiyə, İran, İraq – hər yerə apardım. O, artıq 8 ildir ki, yaşayır. Sonra “bəlkə” deməmək üçün nəyim var, nəyim yox, hər şeyimi satdım. Qoy, mən rahat olum ki, əlimdən gələni hər şeyi etdim. 16 dəfə ximya vuruldu, 2 dəfə əməliyyata girdi. Amma şükür, artıq hər şey yaxşıdır.

-Bəs həmin dönəmdə nə işlə məşğul olurdunuz?

-Bacımın dərmanlarına pul çatdırmaq üçün bir müddət Rusiyada tikintidə işlədim. Bu, mənim tamamilə yad olduğum iş idi, amma çatdıra bilmirdim, məcbur qalmışdım. İndi şükür bacım sağdır, mənim himayəmdədir. Anladım ki, xəstə qız hər adama lazım olmurmuş.

-Həyat yoldaşı kömək etmək istəmədi?

-Bunları danışmaq istəmirəm. Onların iki övladı var.

-Tikintidə çalışdığınızı dediniz. Bəs yenidən sənətə qayıdıb 0-dan başlamaq çətin olmadı?

-Bütün bunlar istəyimlə bağlı deyildi, təbii ki, mən istəyirdim ki, sənətimdə boşluq olmasın. Çünki “Yeni ulduz” yarışmasından sonra Çingiz Mustafayev və mən çox parlayırdıq. Karyeramı daha yaxşı yerlərə gətirə bilərdim. Amma baş verənləri məni geri saldı.

Tikinti işinin mənlik olmadığını anladığım üçün Rusiyadan Bakıya qayıtdım. Bildim ki, Allah mənə öz sənətimlə qazanc verəcək. Anamla məsləhətləşdim və Baloğlan Əşrəfovun “Ay uçan quşlar” mahnısını “remix” formada ifa etmək istədiyimi dedim. Zəng elədim, icazə aldım. Demo versiyasını göndərdim və çox bəyəndi. Mahnını oxudum, “Youtube”-a yerləşdirdim. Reklam qoymağa pulum yox idi. Bir produser dostum zəng elədi. Dedi, “Sənin başın xarabdır? Sən bunu niyə reklama qoymamısan? Reklamsız 1 milyon izlənib, reklamla bu 50 milyona çatardı”. Utandım, deyəm ki, imkanım yoxdur. O mahnı effekt verəndən sonra restoranlara çağırdılar. Bəzi yerlər məni 30 manata çağırdı, 0-dan yenidən başladım.

-Onda belə çıxır ki, bu gün sənətin daşını atmaq istəsəniz, məşğul ola biləcəyiniz bir sahə yoxdur?

-Yəqin ki, mən biznes sahəsi ilə məşğul olmağa başlayacağam. Çünki bu sənətdə qalmaq kişik üçün daha çətindir. Qadın elədir ki, hansısa imkanlı şəxsin simpatiyası yaranır, məclisinə də çağırır, başından pul da səpir. Amma cavan oğlanlar yalnız öz zəhmətinə iş görür. Məhərrəmlik və Ramazan ayında toy olmur. Anım günlərində işimiz olmur. Bir ilin 4 ayını işləmirik. Yerdə qalan 8 ayın da hər günü iş olmur.

-Bir az da “Yeni ulduz”dan danışaq. Üçüncülüyə layiq idiniz, yoxsa özünüzü qalib görürdünüz?

-Mənim müəllimim, üzərimdə işləyən yox idi. Amma Azad Şabanovun, Çingiz Mustafayevin üstünlükləri bu idi ki, müəllimləri var idi, üzərlərində işləyənlər var idi. Mənim üçüncü yerə gəlib çıxa bilməyim böyük bir şey idi. Mən hər həftə SMS yarışmasında birinci olurdum. Yəni, insanlar məni çox sevirdi, ciblərindən pul xərcləyib SMS göndərirdilər. Bir rayon uşağının 6 min nəfərin içindən 16 nəfərin içinə düşməyi, oradan üçüncü yerə çıxması böyük uğur idi. Mən öz bacardığımdan da artığını etmişdim. Birinciliyə tam layiq olmaq üçün müəllimim olmalı idi. Gücüm çatan ora qədər idi.

-Sizə üçüncülük üçün mükafat verilmişdi?

-Bir və ikinci yerə pul mükafatı verilirdi, üçüncü yerə isə yox. Halbuki o yarışmada bizim sayəmizdə o qədər pullar qazanırdılar. Üçüncü yerə də nəsə ver də, pul mükafatı olmasın, hansısa mağazadan biri geyim hədiyə et. O qədər simic hərəkət etdilər ki. Əllərindəki ən böyük silahları bu idi ki, biz sizi tanıdırıq. Sağ olsunlar, tanıtdılar. Amma onlar öz güclərinə tanıtmadılar. Xalqın gücünə tanıtdılar. Xalq bizə pul göndərməsə, bir gün belə saxlamazdılar.

-Yarışmadakı xərclərinizi özünüz qarşılayırdınız, yoxsa təşkilatçılar?

-Daha çox özüm. Geyimlə bağlı çox əziyyət çəkirdik. 1-2 reklam aldıqları mağaza var idi. Onlar da bu geyimi bizə birdəfəlik vermirdi, geyinib təzə formada qaytarırdıq. Əgər ləkə düşsə, cırığı olsa, pulunu ödəməli idik. Gedirdik, eyni paltarlarla qarşılaşırdıq. Amma bunu əslində onlardan tələb etməyə haqqım var idi. Bilirsiz, mənə nə qədər SMS gəlirdi? Elə bu qazandırdığım pullara görə geyim tələb edə bilərdim. Məşqlərə gəlirdik, acırdıq. Nədir ki, bir dönər təşkil edin də. Hansısa restoranla danışın, sponsorluq versin, yeməyimizi təşkil etsin.

-Müsabiqədə həmişə belə olurdu?

-Yox. Bizdən əvvəlki “Yeni ulduz”lara yemək verirmişlər. Paltarı da çox zaman gedib özümüz alırdıq, yeməyi də özüzmüz alırdıq. Hər gün Əhmədlidən 20 yanvara, oradan da yarışmaya gedirdim. Yol pulumuz da özümüzdən idi. O qədər əziyyt çəkirdik ki.

-Bəs niyə səsini çıxarmırdınız? Etiraz edərdiniz də.

-Qorxurdum ki, yarışmadan kənarlaşdırarlar. Elə vəziyyət yaranmışdı ki, qorxa-qorxa hərəkət edirdik. Kim pul qazandığı yarışmaçını uzaqlaşdırar? Əksinə, nazı ilə oynayar. Biz isə bunu anlamırdıq.

-Bu gün yarışmadan kimlərlə əlaqəniz, ünsiyyətiniz qalıb?

-Biz “Yeni Ulduz” dönəmində tez-tez bizim evimizdə toplaşırdıq. Aygün Rəhimova, Günay İbrahimli, Azad Şabanov, Çingiz Mustafayev bizim evə tez-tez gəlib gedirdi. İllər keçdikcə məsafə yarandı. Zamanla xarakterlər özünü göstərməyə başladı. Bunların içində ən birinci tanınan mən oldum, həmişə də səmimi oldum, dəyişmədim. Amma bəziləri önə çıxan kimi tamam başqa insan oldular.

-Kimlər?

-Oldu da. Eləsi oldu ki, yığdım, köməkçisi açdı, dedim, deyin, Habildir. Sonra yenidən yığdım, yenə köməkçisi açdı ki, işi var, sonra yığacaq. Amma heç vaxt yığmadı. Mənim evimdə mənimlə çörək yeyən adam geridönüş eləmir. Mən də gülüb keçdim.

-Avroviziya seçimlərinə də qatılmısınız, amma ələnmisiniz. Yarışmadan illər sonra Çingiz Mustafayev Azərbaycanı müsabiqədə təmsil elədi. Siz yenidən seçimlərə qatılmağı düşünürsünüz?

-O potensialı özümdə görürəm. Amma Avroviziya səhnəsinə çıxan yarışmaçılardan... Eldar gedib orada nəticə göstərdisə, mən oranı ümumiyyətlə, söküb dağıdaram. Avroviziya uşaqları mənə deyib ki, istədiyimiz kimi qazana bilmirik. Çünki o cəmiyyətdə deyilik ki, hər gün estrada mahnısı oxuyub o qazancı qazanaq.  Amma bu yarışmaya maraq əvvəlki kimi deyil. Ona görə də yəqin, istəmərəm.

-Sizin toylardan dəvətiniz çoxdur?

-Bu gün toylar əvvəlki kimi deyil. Əvvəllər müğənnilərə daha çox pul xərcləyirdilər. Bu gün heç kəs toylarda müğənnilərə pul xərcləmək istəmir. Pulunu yığır, səyahətə çıxırlar.

-“Ara müğənniləri”ndən şikayət etdiniz. Amma bu gün onları toylara tez-tez çağırırlar.

-Biz bir mahnı çıxaranda beynimizi yoruruq ki, keyfiyyətli olsun. Amma ara müğənniləri mahnı çıxaranda beyinlərini yormurlar. Onlar bir ayın içində elə olur ki, 4 mahnı paylaşırlar. Bu mahnılardan birinin tutmaq şansı daha çoxdur. Çox təəssüf ki, bir müddət televiziya izləyicilərimizi şikəst elədi. Müğənni sosial şəbəkədə tanınır, televiziya onu brendləşdirir. Bizim televiziyalar reytinqinə görə o ara müğənnilərini çağırıb brendləşdirdilər. Keyfiyyətsiz bir şeyi brendləşdirib milləti şikəst elədilər. Bir vaxtlar televiziyada ancaq Röya, İzzət Bağırov, Flora Kərimova, İlhamə Quliyeva və başqa keyfyyətli iş ortaya qoyan insanlar var idi. İnsanlar maraqla baxırdılar. Amma bu gün ara müğənniləri efirdən yığışdırıblar deyə, əvvəlki kimi məşhur deyillər.

-Deyilənə görə, onların efirlərə tez-tez çağırılmasına səbəb pul vermələri olub. Sizdən efir üçün pul istəyiblər?

-Ölkədə ən reytinqli bir veriliş var idi, aparıcısına dedim ki, bir mahnım çıxıb, yaxşı effekt verir, sənin efirində səsləndirim. Mənə dedi ki, pul xərclə. Dedim ki, bir az özümə gəlim, sənin pulunu verərəm. Produseri mənə dedi ki, 800 manat verə bilərsən? Məndən efirə çıxmaq üçün pul istədilər. Bu gün həmin verilişlərin heç biri yoxdur, hamısını bağlayıblar.

-Pandemiya dönəmində ifa etdiyiniz “İki aşiq” mahnısı da uğurlu alındı. Lakin mərasimlərin təşkilinə icazə məhdud idi. Nə əcəb onu toyların çox olduğu  bir vaxtda ifa etmədiniz?

-Bir dostumun toyu olacaqdı, dedi ki, gəl, toyumu sən apar. Dedi, istəyirəm ki, yoldaşımla mənə bir mahnı yazasan. Bir meyxanaçı dostumuz var, dedim ki, Cəlil, pulu nədirsə, verir, gəl onlara bir mahnı yazaq. Amma bəy istəyir ki, mahnıda onların adı qeyd olunsun. O da yazdı ki, iki aşiq, iki divanə, biri Elvin, biri Pərvanə. Mən bunu toyda oxudum, biz iki aşiq deyəndə zala elə bil bomba atdın – hamı ayağa qalxdı. Dedim, nə qəşəng mahnı yazmışam belə?! Mahnı almağa pulum olmadığı üçün Elvini şəm elədim - biri şəmdir, biri pərvanə. Bəydən zəng edib halallıq aldım. O da deyir ki, yox, bu, bizim mahnımızdır. Dedim, mahnı almağa imkanım yoxdur.

Pandemiya vaxtı idi. Bir restoran var, müdirinin oğlu dostumuzdur, ona dedim ki, sən oranı gizlin aç. Birtəhər biz ora daxil olduq, köhnə proyektor tapdıq, oranı işıqlandırdıq. Klipi nə zillətlə çəkdik. “Youtube”ya atdıq, o mahnı artıq 16 milyonu keçib. O da elə bir vaxta düşdü ki, toylar az idi. Pandemiyadan sonra oxusam, bəlkə də, o mahnı ilə şəhərin mərkəzində bir ev alardım. Amma bu mahnı məni yenidən üzə çıxartdı. Bu mahnıdan sonra yaxşı mahnılar oxumuşam, amma onun qədər effekt vermir.

-Sizcə, buna səbəb nədir? Bir çox müğənni sizin kimi üsyan edir ki, mahnılar çıxarırıq, dinlənmə azdır.

-Çünki sosial şəbəkəni elə adamlar “zanit” edib ki, biz onların arasından sıyrılıb çıxa bilmirik. Yordular e, dinləyicini yordular. Biz o qədər professional musiqi oxumağı öyrəndik ki, istəsək də, ara müğənnilər kimi oxuya bilmərik. Biz rəhmətlik Oqtay müəllim, Ruhəngiz xanım, Allah can sağlığı versin - Mübariz Tağıyev, Aygün Kazımovadan belə görmüşük. Buna görə də biz əsl sənətə önəm veririk.

 

Foto - İlkin Nəbiyev ©️ APA GROUP

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar