Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi ilə Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Samir Həsənovun cinayət işi üzrə keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış edib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxışında təqsirləndirilən Samir Həsənovun 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi təqsirləndirilən Samir Həsənovun 10 il, 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Xatırladaq ki, hadisə ötən ilin noyabr ayında baş verib. Belə ki, Samir Həsənov münasibətdə olduğu Cahan Çələbiyeva ilə aralarında yaranmış mübahisələrə görə onu dəfələrlə döyərək, müxtəlif bədən xəsarətləri yetirib. C. Çələbiyeva bununla bağlı hüquq mühafizə orqanlarına şikayət edərək S. Həsənovun həbs edilməsinə nail olub. Samir Həsənov qisas almaq məqsədi ilə 2025-ci ilin 7 noyabr tarixində Cahan Çələbiyevanın lazeroloq olaraq çalışdığı Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospektində yerləşən "Ay Beauty" gözəllik salonuna gələrək, kəsici-deşici alətlə Çələbiyevayanın döş qəfəsi, boyun, sifət və digər nahiyələrinə müxtəlif zərbələr vurub. Ətrafdakı şəxslərin köməyi ilə xəstəxanaya çatdırılan Cahan Çələbiyevanın həyatını xilas etmək mümkün olub. Faktla bağlı cinayət işi açılıb, Samir Həsənov Cinayət Məcəlləsinin 29, 120.1 maddəsi (qəsdən adam öldürməyə cəhd) ilə məsuliyyətə cəlb olunub.