“Arvadıma və  azyaşlı qızıma  günlərlə təcavüz etdilər” - Əli Suriyadakı dəhşətlərdən  danışır
18 fevral 2026 17:08 (UTC +04:00)

“Arvadıma və azyaşlı qızıma günlərlə təcavüz etdilər” - Əli Suriyadakı dəhşətlərdən danışır

0

“Arvadımı və yeniyetmə qızımı zorla qaçırdılar, dedilər polisə desən intiqamı daha ağır olacaq, onlara dəflərlə təcavüz ediblər, hələ də qorxuruq ki, bizi axtarıb taparlar”.

Bu fikirləri suriyalı bir gənc kişi danışır. Onun hekayəsi çox ağır idi. Əvvəlcə uydurma olduğunu hesab etdim, sonra gördüm ki, “BBC World Service”də də bu hadisələr barəsində geniş yazı təqdim edilib.

Lent.az-ın əməkdaşı güvənilən, dünyaca nüfuza malik olan mənbələrə istinadən Suriyada 2024-cü ilin dekabrında Bəşər əl-Əsəd diktaturasının devrilməsindən sonra onun intiqamını qadınlardan necə alındığını araşdırıb. Əsədin mənsub olduğu ələvi azlığından olan qadınlar məsum olduqları halda diktatora qarşı nifrətin hədəfinə çevriliblər. İndi həmin hadisələrdən bəzilərini sizin diqqətinizə çatdırırıq.

Suriyanın qərbində Latakiya deyilən bir vilayət var, oranın kəndində azyaşlı bir ələvi qız yaşayırmış. Ramia (adı təhlükəsizlik və şəxsiyyətinin qorunması məqsədilə dəyişdirilib) və ailəsi piknikə getməyə hazırlaşırmış. Bu zaman onlara ağ rəngli bir avtomobil yaxınlaşıb. Özlərini hökumətin təhlükəsizlik qüvvələri kimi təqdim edən üç silahlı kişi maşından düşərək onu zorla maşına mindiriblər.

Yeniyetmə bu barədə belə danışır: “Həmin kişilər məni döydülər. Ağlayıb qışqırmağa başladım. Bu zaman isə daha da şiddətlə vurmağa başladılar. Onlardan biri soruşdu ki, sünniyəm, yoxsa ələvi. Mən ələvi olduğumu deyəndə məzhəbi təhqir etməyə başladılar”.

Ramia Əsəd diktaturasının devrilməsindən sonra oğurlandığı bildirilən xeyli sayda qadından biridir.

Qadın hüquqları üzrə fəaliyyət göstərən “Suriya Feminist Lobbi” (SFL) kimi tanınan qurum bildirir ki, ailələrdən, mediadan və digər mənbələrdən 80-dən çox itkin qadınla bağlı məlumat qeydə alıb. Bir çoxları isə, yaxınlarının itkin olduğunu qorxularından bildirmirlər. Qurum bu hadisələrin təsdiqlənmiş oğurlanma kimi qeyd edib.

İtkin düşdüyü bildirilənlərin demək olar ki, hamısı Suriyanın əhalisinin təxminən 10 faizini təşkil edən və İslamın şiə qolu sayılan ələvi məzhəbinə mənsubdur. Devrilmiş prezident də bu məzhəbə aid idi.

Məzhəb zəminində zorakılıq

Zorakılığa məruz qadınların bir neçəsi məruz qaldıqları işgəncə ilə bağlı təfərrüatları media ilə bölüşüb. Təbii ki, onların adı təhlükəsizlik səbəbi ilə dəyişdirilib.

Bu hadisələrdə rəsmi qurumların əməkdaşlarının iştirakına gəlincə, müvəqqəti hökumətin Ümumi Təhlükəsizlik Xidməti və Daxili işlər nazirliyinin sözçüsü əvvəlcə bu faktları təsdiq etməsələr də, sonra oğurlanma halları baş verdiyini etiraf ediblər. Hətta bu hadisələrin bəzilərində təhlükəsizlik xidmətinin üzvləri iştirak etdiyi də bəlli olub. Rəsmi qurumların məlumatına görə, həmin şəxslər işdən uzaqlaşdırılıb.

SFL tərəfindən qeydə alınan oğurlanma və itkin düşmə halları 2025-ci ilin fevralından dekabrın əvvəlinədək olan dövrü əhatə edir. Bu müddət həm mart ayından əvvəl, həm də sonra baş verən hadisələri əhatə edir. Mart ayında qərb bölgələrində əsasən ələvi məzhəbinə mənsub olan mülki şəxslərdən ibarət 1400-dən çox insan zorakılıq nəticəsində öldürülmüşdü. Qeyd edək ki, bu cinayətdə iştirak edənlər qisas qətllərində ittiham olunub.

Əsəd rejiminin elitasının bir çox üzvü ələvi idi, lakin məzhəbin digər nümayəndələri də keçmiş prezidentə qarşı olduqları üçün təzyiqlə üzləşmişdilər.

İntihara cəhdlər

Ramia sakit səslə danışaraq deyib ki, onu tam bədəni örtən geyim və niqab taxmağa məcbur ediblər. O bildirib ki, yalnız yataq və şkaf olan yeraltı otaqda saxlanılıb. Şkafın üzərində gigiyena vasitələri və prezervativ olub.

Günlərlə orada saxlanılan Ramia bir dəfə qaçmağa çalışıb və iki dəfə intihara cəhd edib.

Onun sözlərinə görə, onu saxlayan şəxs ərəb dilində sərbəst danışa bilmirdi. Lakin asiyalı olduğu hiss olunurmuş. Onu soyundurub şəkillərini də çəkiblər. Ramianın dediyinə görə, həmin binada yaşayan və özünü dəstə rəhbərinin həyat yoldaşı kimi təqdim edən qadın bildirib ki, şəkillər “satış qiymətini müəyyənləşdirmək” üçündür.

Ramia deyib ki, qadın ondan əvvəl “çoxlarının” oğurlandığını söyləyib; bəziləri zorlanıb buraxılıb, digərləri isə “satılıb”. Bəzi qurbanlar isə məcburi evləndirilib.

Dəfələrlə zorlanıb

30 yaşlarında yenicə ana olan Nesma bildirib ki, o da Latakiya vilayətindəki kəndindən oğurlanıb və pərdələnmiş pəncərələri olan mikroavtobusla aparılıb. O, səsi titrəyərək deyib ki, yeddi gün sənaye obyektinə bənzəyən, hündür pəncərələri olan otaqda saxlanılıb və üç kişi tərəfindən kənd sakinləri və keçmiş rejimlə əlaqələr barədə sorğu-sual olunub. Onun sözlərinə görə, oğurlayanlar maskalı idi və Suriya ərəb ləhcəsində danışırdılar. Onlar deyiblər ki, “ələvi qadınlar əsir olmaq üçün yaradılıb”. “Səbayə” termini bəzi islamçı ekstremistlər tərəfindən cinsi kölə kimi saxlanılan qadınlar üçün istifadə olunur.

Nesma bildirib ki, onu dəfələrlə zorlayıblar: “Yeganə düşündüyüm ölüm idi – öləcəyimi və uşağımı anasız qoyacağımı fikirləşirdim.”

Digər yeniyetmə Leen isə döyülmə, silahla hədələnmə və gündəlik cinsi zorakılığa məruz qalıb. Onun anası Hasna bildirib ki, qızını saxlayan şəxs üzünü örtürmüş, ərəb dilində zəif danışırmış və mart hadisələri zamanı ələvilərin öldürülməsində iştirak etdiyini deyirmiş.

Hasna bildirib ki, həmin şəxs “qızlarımızı səbayə adlandırırdı, çünki onlar guya Allaha inanmırlar”. Bəzi sünni ekstremistlər ələviləri dinsiz hesab edirlər. Arvadı və qızının həftələrlə saxlanıldığını deyən Əlinin danışdıqları lap dəhşətlidir. O, yeniyetmə qızının “10 gün ardıcıl” cinsi zorakılığa məruz qaldığını danışıb.

Telefon təhdidləri

Nesma deyib ki, onları oğurlayanlar ona hörmətsiz münasibət göstəriblər: “Mənə dedilər ki, bu günlər ərzində piknikdə olduğunu deməlisən.”

Ramia da bildirib ki, ailəsinə telefonla hədələr gəlib ki, “danışsaq, bədəlini ödəyəcəyik”. Onlar ölkəni tərk etmək qərarına gəliblər.

Əli deyib: “Qadınlarımızı oğurlayanı saxladılar, amma sonra nə baş verdiyini bilmirik.” O, həmin şəxsin azad ediləcəyindən və “ardımızca gələcəyindən” qorxduğunu bildirib.

Adının açıqlanmasını istəməyən sahil bölgəsindən təhlükəsizlik qurumlarından mənbə  bildirib ki, bəzi intizamsızlıqlar, maddi şantaj və ya şəxsi motivlərlə müvəqqəti oğurlanmalar həyata keçirilməsi təsdiq olunub. Onun sözlərinə görə, bura Ümumi Təhlükəsizlik Xidmətinin bəzi əməkdaşları da daxildir və müəyyən hallar aşkar edilərək həmin şəxslər işdən uzaqlaşdırılıb.

Cəzasızlıq mühiti

Suriya Feminist Lobbisinin məlumatına görə, hələ də itkin sayılan yeniyetmə qızlar var. Həmin ailələr üçün qorxu davam edir. Hesab edirlər ki, danışsalar onlarda daha böyük qisas alınacaq. Onlar eyni zamanda cinsi zorakılıqla bağlı sosial damğa almaqdan çəkinirlər.

Oğurlanan qadınlardan biri Leen daim təşviş içində yaşayır və qapı döyüləndə qorxu keçirir. Nesmanın nikahı dağılaraq sona çatıb. Ramia deyir: “Yuxuda qışqırırdım.” O, psixoloqa müraciət etdiyini, lakin hələ də yata bilmədiyini və rahatlıq tapa bilmədiyini bildirir.

Əli deyib ki, o və arvadı ədalət axtarmağa qorxurlar. Hətta ətrafda heç kim onların başına gələnləri, baş verənləri bilmir. Çünki bunu söyləməkdən utanırlar.

Əli jurnalistə deyir: “Mən yalnız sizə danışıram. Olanları inkar etmirəm. Amma özümüzü də təhlükəyə ata bilmərəm”.

Qeyd edək ki, bu günlərdə bəlli oldu ki, Suriya həbsxanalarından İraqa köçürülən İŞİD-çi məhkumların arasında 55 nəfər azərbaycanlı da var. Bu barədə İraq Ədliyyə Nazirliyindən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar